“Azərbaycanın Avropa İttifaqı və ABŞ-la münasibətlərinin ənənəvi balansdan çıxması ciddi təhlükələr yaradar”
Emil Məmmədli Elxan Şahinoğlu: “Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi hər iki tərəfin maraqlarına ziddir”
Azərbaycanda son zamanlar Qərbə qarşı kəskin tənqid ritorikasının azalması müşahidə olunur. Qarşı tərəfdən də müsbət siqnallar verilir. Belə ki, aprelin 19-da Avropa Şurasının Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Lixtenşteynin XİN başçısı Dominik Hasler qurumun yaz sessiyasında deputatların suallarına cavabda bildirib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur və bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb: “Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və təşkilatın digər iştirakçıları ilə bərabər hüquqlara malikdir. Təbii ki, ölkənin mülki və siyasi hüquqlar nöqteyi-nəzərdən Avropa Şurasının standartlarına uyğun olmaq üzrə eyni öhdəlikləri də var. Əmin ola bilərsiniz ki, Nazirlər Komitəsi bu məsələnin ortaq həll yolunu tapmaq üçün dialoqu ardıcıl olaraq davam etdirəcək”, – deyə Hasler qeyd edib. Bundan üç gün əvvəl isə Azərbaycanın xarici siyasət kursu ilə bağlı barometrlərindən biri sayılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuata şərhində qeyd edib ki, Azərbaycan ənənəvi balanslı siyasəti davam etdirməli, həm Qərb, həm də Şərqlə əməkdaşlıq imkanlarını qorumalıdır: “Müəyyən problemlərin mövcudluğuna baxmayaraq, Avropa İttifaqı ilə əməkdaşlığımızı da davam etdirməliyik. Çünki bir sıra iqtisadi layihələrimiz məhz Avropa İttifaqı ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafı Avropaya bağlıdır”. “Azərbaycanın Avropa İttifaqı və ABŞ-la münasibətlərinin ənənəvi balansdan çıxması ciddi təhlükələr yaradar” Azərbaycanın Avropa ölkələri və Qərb strukturları ilə münasibətlərinin cari vəziyyəti ilə bağlı Meydan TV-yə şərh verən siyasi şərhçi Əhməd Əlili deyib ki, ümumiyyətlə, Azərbaycanın xarici siyasəti hər hansı güc mərkəzinə üstünlük vermədən balanslı qalmaq və neft-qaz ixracı nəticəsində əldə olunan maliyyə resursları hesabına xarici siyasət kursunu müəyyən etməkdən ibarətdir. Onun fikrincə, bu da Azərbaycana postsovet məkanında, o cümlədən, Şərq Tərəfdaşlığı ölkələr içərisində çox unikal mövqe qazandırır: “Məsələ ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrinin enerji resursları olsa da, Rusiyadan müstəqil formada dünya bazarlarına öz enerjisini ixrac etmək imkanları yoxdur. Azərbaycanın isə bu imkanı var. Belə olan təqdirdə Azərbaycan postsovet məkanındakı neft-qaz ölkələrindən bir qədər fərqlənir ki, onun ABŞ və Avropa İttiqafına ayrıca çıxışı var”. Siyasi şərhçi deyir, bu, Azərbaycan tərəfindən həmişə dəyərləndirilib, başa düşülüb ki, məhz Avropa strukturlarında təmsilçiliyin olması onu Mərkəzi Asiya ölkələrindən fərqli edir. “ABŞ və Avropa İttifaqı istiqamətində müəyyən enerji layihələri icra olunub. Bunlar isə ölkənin iqtisadi müstəqilliyini, nəticədə də xarici siyasət müstəqilliyini təmin edən amildir”, – o deyib. Ə.Əlili vurğulayıb ki, Avropa İttifaqı strukturlarında son iki ildə ardıcıl casus skandalları özünü göstərir və ona görə də Azərbaycanda da belə sual meydana çıxır ki, Avropa İttifaqından Azərbaycan istiqamətində səsləndirilən fikirlər digər ölkələrin təsirinə məruz qalırmı? “Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi balansdan çıxması uzunmüddətli perspektivdə ənənəvi kursdan ciddi uzaqlaşma olar və ciddi təhlükələr yaradar. Ona görə də Azərbaycan bu kursa yeni reallıqda, 2020-2023-cü il hadisələrindən sonra növbəti 30-40 il üçün normanı müəyyənləşdirib davam etmək istəyir”, – siyasi şərhçi bildirib. Konkret olaraq Avropa Şurası ilə münasibətlərə toxunan Ə.Əlili qeyd edib ki, bütün proseslərin başlanğıcı Avropa Şurası ilə Azərbaycan arasında strateji dialoqun olmasından keçir: “Hesab edirəm ki, həm Avropa Şurası, həm Azərbaycan üçün bu indiki şəraitdə çox vacib məqam ola bilər”. Ekspert deyib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması Moskva-Bakı münasibətlərində tamamilə yeni mərhələni meydana çıxarıb və belə olan halda Avropa İttifaqı və ABŞ istiqamətində müəyyən pozitiv addımın atılmasına ciddi ehtiyac var. “Çünki bu, balanslaşdıra bilər. Hiss olunur ki, ölkə başçısının Almaniyaya səfəri, ABŞ-la münasibətlərdəki bir sıra məqamlar, bunların ictimaiyyətə açıq və qapalı tərəfləri vardır. Azərbaycanın marağında olan elə balansı qoruyub saxlamaqdır. Ona görə də Avropa İttifaqı və ABŞ istiqamətində bu kontekstdə addımın atılmasını çox mümkün hesab edirəm”, – Ə.Əlili deyib. “Avropa strukturları ilə münasibətləri gərginləşdirmək Azərbaycanın maraqlarına cavab vermir” “Atlas“ Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, Azərbaycan Avropadan qopa bilməz, belə ki, Azərbaycanın ticarətinin əsas hissələri Avropa ölkələrilədir: “Ona görə də Avropa Şurası Parlament Assambleyası ilə dialoqu da müəyyən qədər genişləndirməyə ehtiyac var. Məsələ ondadır ki, Azərbaycanın olmadığı müstəvidə Ermənistan olacaqsa, ölkəmizin əleyhinə fəaliyyətini gücləndirər. Bu da Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olar”. O hesab edir ki, dialoqun genişləndirilməsinə ehtiyac varsa, qarşılıqlı səfərlər də həyata keçirilə bilər. “Azərbaycan da üzərinə hüquqi islahatların dərinləşdirilməsi ilə bağlı müəyyən addımlar ata bilər. Düşünürəm ki, 28 May Cümhuriyyət Günündə Amnistiya verilər, bu da münasibətlərin normallaşdırılmasında müsbət rol oynayar. Çünki bizim Avropa strukturları ilə münasibətləri gərginləşdirmək maraqlara cavab vermir”, – mərkəz rəhbəri vurğulayıb. Bununla bərabər E.Şahinoğlu hesab edir ki, Azərbaycanı özündən uzaqlaşdırmaq Qərb üçün də doğru siyasət olmaz: “Azərbaycan əleyhinə siyasət güclənərsə, AŞPA-dan kənar qalarıqsa, bu bölgədə Avropa İttifaqının iki əsas rəqibi Rusiya və İranın manevr imkanları genişlənər. Bu, Azərbaycanın da maraqlarına uyğun deyil”. E.Şahinoğlu xatırladıb ki, Azərbaycanın Fransa istisna olmaqla, Avropa ölkələrinin mütləq əksəriyyəti ilə əməkdaşlığı var, Avropa İttifaqının doqquz dövləti ilə starteji sazişi mövcuddur. “ABŞ Azərbaycanın müəyyən dairələrində tənqid olunanda belə Vaşinqtonla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Son aylarda Azərbaycanın hökumət heyətləri ABŞ-a səfərlər etdilər. “COP29” konfransıyla bağlı Vaşinqtonla dialoq var və onlar da dəvət etmişik. Eləcə də Avropa İttifaqı ilə dialoq davam edir. NATO-la münasibətlər isə yüksək səviyyədədir”, – o deyib. Mərkəz rəhbəri vurğulayıb ki, münasibətlərin gərginləşməsi hər iki tərəfin maraqlarına ziddir. “Biz Avropa ölkələrində lobbi fəaliyyətini gücləndirməliyik. Hər zaman erməni lobbisinin güclü olmasından danışırıq, amma boşluq buraxdıqca, erməni tərəfi də ondan istifadə etməyə çalışır”, – E.Şahinoğlu deyib.