Sərhədlərimizdə arzuolunmaz ssenari: “Bakı ehtiyatlı olmalıdır”
İran-İsrail arasında gərginlik səngisə də, bunun fırtınaqabağı səssizlik olduğu, Təl-Əvivin cavab zərbəsinə hazırlaşdığı haqda iddialar var. Bu proses Azərbaycanda da narahatlıqla izlənir. Hər hansı hərbi toqquşma olarsa, mülki əhalinin kütləvi şəkildə ölkəmizə gələcəyi ehtimal olunur.Bu nə qədər realdır və qarşısının alınması istiqamətində işlər görülürmü?
Mövzu ilə bağlı
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq
Xəyal Bəşirov deyib ki, İran-İsrail münasibətlərinin gərginləşməsi dünyaya müsbət heç nə vəd etmir:
“İsrailin arxasında ABŞ, Böyük Britaniya və digər Qərb dövlətləri dayanır. Ona dəstək olduqlarını hər bir formada göstəriblər. İsrail-HƏMAS qarşıdurması, Qəzzada baş verən proseslər fonunda da bunun şahidi olduq. Burada İran amilini də nəzərə almaq lazımdır. Rusiya-Ukrayna müharibəsi fonunda İran, Rusiya, Çin və bir sıra dövlətlərin rəsmi olmasa da müttəfiqliyi yaranmışdı”.
Politoloqun fikrincə, İran-İsrail qarşıdurması kəskinləşərsə, bu, daha böyük problemlər yaradacaq:“Azərbaycan həm İranla qonşuluq münasibətləri aparır, həm də İsraillə dostluq əlaqələri var. İsraillə münasibətlərin inkişafı xarici siyasət prioritetlərimizi təşkil edir. Ümumiyyətlə, Azərbaycan dünyada gərginliyin, müharibələrin olmasının əleyhinədir.
Azərbaycan dünyada münaqişələri alovlandıracaq dövlətlər siyahısında yer almır. Məhz bu səbəbdən Qoşulmama Hərəkatına 4 il müddətində uğurla rəhbərlik etdi, Ermənistanla münaqişəyə son qoyub, sülh səhifəsini açmağa cəhd göstərir”.
X.Bəşirov qeyd edib ki, ehtimal İran-İsrail müharibəsi ölkəmizdə qaçqın axınının başlamasına səbəb ola bilər:“Bu baxımdan quru sərhədlərimizin bağlı olması önəm daşıyır və kənardan gələn təhlükələrin qarşısını almaq məqsədi güdülür. Sərhədlər bağlanmamışdan əvvəl də güclü nəzarət var idi, lakin hər bir halda tədbirli olmaq lazımdır”.
Tarix: 2-05-2024, 17:47