Mayın 4-də hakimiyyət İsa Qəmbəri yenidən Müsavat başqanı təyin etdi. Onun Müsavata qayıtması ilə bağlı təklifi gənc məmurlardan biri verib və təklif qəbul edilib. Daha sonra icra prosesi başlanılıb, İ.Qəmbər 6-cı dəfə Müsavat başqanı olmağı qəbul edib. Qarşılıqlı şərtlər olub. Müsavat başqanı sonuncu qurultaydakı çıxışı zamanı üzərinə götürdüyü öhdəlikləri yarıaçıq şəkildə ifadə edir. Eləcə də ona deputat mandatının veriləcəyi vəd olunub.Amma bütün bunlar ona görə baş vermir ki, İ.Qəmbər hakimiyyət üçün təhlükəlidir. Ona görə baş verir ki, hakimiyyət ənənəvi müxalifətin klassik liderlərini yenidən vitrində saxlamağı qərarlaşdırıb. Klassik liderlərlə mübarizə, onları istənilən məcraya yönəltmək asandır. Hakimiyyət İ.Qəmbər də daxil, müxalif liderlərlə mübarizənin bütün metod və üsullarını əzbər bilir. Hansı planların icra olunacağı da bəllidir.
İ.Qəmbər Müsavatda öz çəkisini saxlasa da, cəmiyyətdə etimadını sıfırlamış siyasətçidir. Heç kəs əlini vicdanının üstünə qoyub deyə bilməz ki, xalq, kütlə İ.Qəmbərin hakimiyyətə gəlməsini istəyir və yaxud onu qəbul edir. Bəli, İ.Qəmbər xarizmatik və təkəbbürlü siyasətçidir. Amma Etibar Məmmədov qədər ağıllı deyil, eyni zamanda bir çox partiya sədrləri kimi özünü rəzil duruma da salmayıb.
Bununla yanaşı, İ.Qəmbərin oğlu İlkin Qəmbər “qədim erməni tarixi”nə aid "Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film" adlı animasiya filminin müəllifi, erməniləri təbliğ edən bu filmin yaradıcısıdır. Oğul Qəmbərin ötən ilin aprelində məşhur paylaşımı da var: “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”.
İ.Qəmbərin atası Yunis Qəmbərov kimyaçı alim-professor idi, SSRİ dövründə (“KQB”-nin razılığı ilə) “Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib. Başqanın özü isə hələ ötən əsrin 80-ci illərində Zori Balayanın məşhur “Ocaq” kitabına əsaslı cavablar yazmışdı. Amma oğul başqa cür düşünür.
Xalqı, cəmiyyəti dolamaq lazım deyil. Qəmbərovlar ailəsi SSRİ dövründə də hökumətdən mükafatlar alıb, özü isə bu hakimiyyətin yaratdığı müxalifətin öncüllərindəndir. Övladları Qərbdən qrantlar alır, ən məşhur müsavatçılar YAP iqtidarı tərəfindən medal, orden və mənzillərlə təmin edilib. İ.Qəmbər müharibə dövründə Rusiyanı söymək üçün səfərbər edilmişdi, bundan sonra başqa nağıllar danışılacaq.
Yadımdadır, 2003-cü ildə -Prezident seçkiləri ərəfəsində məşhur manşetlər tirajlanırdı: “Üç ölkə İsa Qəmbərin prezidentiliyinə razılıq verdi…”. Guya ABŞ, Rusiya və Türkiyə prezidentləri məxfi şəkildə toplanaraq onun prezident olacağına qərar vermişdi. Həmin vaxt bütün partiyadaşlar sadəlövhcəsinə bu dezoya inanırdı.
Qısası, hakimiyyət mükəmməl və mürəkkəb oynayır... Məncə, İ.Qəmbər ədalətli qərar qəbul edib.
Mübarəksən, bəy!
Samir Feyruzov
Tarix: 7-05-2024, 09:31