Yeni ssenari GÜNDƏMDƏ: - Düşünməli olan tərəf isə ERMƏNİSTANDIR
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında diplomatiki görüşlər davam edirş Bu çərçivədə Türkiyə-Ermənistan münasibətləri gündəmə gəlir. Çünki mövcud ssenari Türkiyə-Ermənistan arasında davam edir. Bildiyimiz kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da Ermənistan-Türkiyə sərhədində danışıqların beşinci raundunu keçiriblər. Hər iki tərəfdən görüşdə barədə müsbət mesajlar verilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" nəşrinə müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində açıqlamalar verib. O bildirib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq. Yəni Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənsitanla sərhədlər açıla bilər. Bəs hansı şərtlər daxilində iki ölkə arasında sərhədlər açıla bilər?
Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, Ermənistan və Türkiyə arasında ikinci Qarabağ müharibəsindən sonra dialoq qapıları müəyyən dərəcədə açıldı:
"Çünki Ermənistan-Türkiyə münasibətlərinin 30 ildə inkişaf etməməsinin iki əsas səbəbi var idi. Birincisi Qarabağ işğal altında saxlanılması, ikincisi isə erməni lobbisinin və dövlətinin qondarma soyqırımı iddialarından əl çəkməməsi idi. Biz bilirik ki, Qarabağ işğaldan azad edildiyinə görə, əsas iki məsələdən biri həll edilib. Türkiyə və Ermənistan bu səbəbdən dialoqlarını 2020-ci ildən davam etdirirlər. Ən son olaraq hər iki ölkənin heyətləri vizaların sadələşdirilməsi məsələsində görüşmələr həyata keçirdi. Həm İrəvandan, həm də Ankaradan verilən açıqlamalarda görüşün müsbət keçdiyi ifadə edildi".
Politoloqun sözlərinə görə, Ankara və Bakı arasında sülhün bölgəmizdə təmin edilməsi üçün böyük işlər həyata keçirilir. Telekommunikasiya xətlərinin açılması bölgəmizdə sülhə ən böyük yardımçı olacaq vasitələrdir:
"Onu da qeyd etmək lazımdır ki, Ankara və Bakı arasında olan səmimi və sıx əməkdaşlıq bölgəmizdə sülhün və sabitliyin təminatçısıdır. İrəvan isə bu gün təəssüflər olsun ki, hələ də sülhə səbəb olacaq imzaları atmayıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi uzandıqca uzanır. İrəvan sülhün təmin edilməsinə çox də həvəsli görünmür. Eyni zamanda bütün bunlar İrəvan-Ankara münasibətlərinə təsir göstərir. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh olmadan Türkiyə və Ermənistan sərhədləri tam olaraq açılmayacaq. İki ölkənin münasibətləri tam olaraq bərpa edilməyəcək. Burada münasibətləri bərpa etməyə ehtiyacı olan tərəf Ermənistandır. Çünki Ermənistan 2 milyonluq əhaliyə sahib, zəif iqtisadi sistemi olan kiçik bir ölkədir. Türkiyə üçün Ermənistan o qədər böyük əhəmiyyət kəsb etmir. Ermənistanın bütün iqtisadiyyatı Türkiyənin sənaye iqtisadiyyatının yarısı qədər etmir. Burada düşünməli olan Ermənistandır və sülhün təmin edilməsində daha çox vaxt və enerji sərf etməli olan tərəfdir".