Psixoloq: “Qadın ailədə şiddət gördükdə səsini çıxara bilmir, çünki danışsa, valideyni deyəcək ki...”



Son zamanlar ölkədə ailədaxili münaqişələrə görə cinayətlərin sayında artım müşahidə edilir xüsusilə də cinayəti törədən şəxs sonda öz canına da qəsd etmiş olur. Belə cinayətlərin baş vermə səbəblərini Pravda.aza psixoloq Gülər Məmmədova şərh edib.
 
O qeyd edib ki, cəmiyyətdə, ailədə iki insan arasında müəyyən mübahisələrin olması labüddür: “Belə hallar həmişə olub, olacaq da. İki fərqli insan bir ailə mühitində yaşamalı, bütün maraqlarını, arzularını, fizioloji və psixoloji istəklərini bir-biri ilə bölüşməli olur. Ailələr mürəkkəb və sadəsi olmaqla iki yerə ayrılır. Əgər sadə ailədə yalnız ər və arvad cütlüyü olursa, mürəkkəb ailədə isə evdə daha çox insan yaşayır və burada hər kəsin özünəməxsus psixologiyası olur. Hər kəs həyatı özünəməxsus şəkildə dərk edir. İnsanların psixikası fərqlidir. Ailə qurarkən bir çox insan öz psixoloji keyfiyyətlərini, ümumiyyətlə, araşdırmır və ənənənlərə uyğun şəkildə ailə qurur. Hər kəs öz psixologiyasına bələd olsa, ailə modelinin konsepsiyalarına riayət etsə, ailədaxili problemlərdən qaçmaq mümkün olar. Ailə modeli insanların bir-birini çərçivələməməsi, davranışlarını məhdudlaşdırmaması, sağlam şəkildə uyğunlaşması, qarşılıqlı anlaşama yolu ilə iki insanın bir evi paylaşmasıdır.”
 
 
Psixoloq bildirib ki, bəzən bir çox psixi pozuntuları olan insanlar ailə qurur və ilk günlərdə bunu nümayiş etdirmirlər: “Belə olduğu halda ailədə hər hansı bir vəziyyət yaranan zaman ortaya çıxan reaksiyalar gözlənilməz olur. Məsələn qarşı tərəf deyir ki, heç yoldaşımdan bu hərəkəti gözləməzdim. Bu cür insanların arasında psixoloji uyuşmazlıq olur və onlar bir-birini çərçivələmək, dəyişdirmək, özününküləşdirmək istəyir. Bu insanların bir yerdə yaşamasını dözülməz hala gətirir, amma israrla birgə yaşayışa davam edirlər. Nəyisə dəyişdirməyə can atırlar, ancaq aralarındakı uyğunsuzluq və təfəkkür tərzləri buna manə olur. İnsanlar ortaq maraq, meyilləri, düşüncələri olmayan kəslərlə kortəbii şəkildə ailə qururaraq münasibətlərdə belə çatlar yaradır. Bu çatlar da get-gedə ailədə ciddi fəsadlar yaradır. Ailənin yeni formalaşdığı dönəmdə qadın orda şiddət gördükdə səsini çıxara bilmir, çünki danışsa, valideyni deyəcək ki, oradan ölün çıxmalıdır... Bu kimi ifadələr qorxu yaradır, insanın özgüvənini sarsıdır və nəticədə o, fikrini deyə bilmir. Qorxur ki, mən ayrılsam, uşağım tək qalar, biabır olaram, valideyinlərim üçün utanc olaram və yaxud da kişi qadını boşamaq istəmir ki, şərəfimə ayıbdır. Yəni bu kimi müxtəlif səbəblərdən problemli ailələr boşanmır və münasibətləri davam etdirirlər. Bu problemin həllini tapmamasında ictimai qınaq da önəmli yer tutur. Bu məsələ insanların təfəkküründə elə bir şəkildə oturuşub ki, onlar hər hansı addımı atarkən bunun üzərində təhlil aparır və xüsusən namus məsələlərini irəli çəkərək cinayət törətməyi vəziyyətdən çıxış yolu kimi görürlər, halbuki onlar zamanında ayrıla bilərdilər. Bir sözlə, belə psixoloji şəxsiyyət pozuntusu olan insanların məcburi qaydada bir yerdə yaşama vəziyyəti sonda cinayətlə nəticələnə bilir və şəxs ilk növbədə yoldaşını öldürdükdən sonra özünə də qəsd edə bilir. Ümumiyyətlə, insanlar bir-birilərini rahat buraxa bilmirlər. Əslində münaqişəli vəziyyətlər həmişə olub, müəyyən ailə-məişət qayğılarından irəli gələn, amma bunu bu həddə gətirib şiddətlə bitirmək yolverilməzdir. Cinayət əslində ailədəki şiddətin son həddidir. Yəni bu cinayət baş verməyənə qədər ailədəki o problemi həll etmək üçün lazımi orqanlara müraciət edilmir. Belə vəziyyətlərdə də insanlar psixolqa, artıq daxili mənləri tamamilə dağılmış olduqda müraciət edirlər. Lakin hər kəs gedib ailədəki problemləri haqqında psixoloqa danışa bilmir, bu, sadəcə, maddiyyatla bağlı olan məsələ deyil. Onlar bu addımı atmağa çəkinirlər və ailədə şiddət görməyə davam etməyi üstün tuturlar. Sonda bu hal ya cinayətlə nəticələnir, ya da elə ömrünün sonuna qədər əzabla yaşayışla”.
 
G.Məmmədovanın sözlərinə görə, belə zərərli münasibətləri davam etdirən ailələrdə böyüyən uşaqlar da birmənalı olaraq əziyyət çəkirlər: “Təəssüf ki, valideynlər belə münasibətlərin övladlara necə təsir etdiyi barədə düşünmür və nəticədə övladlar da sağlam şəxsiyyət kimi deyil, travmalı bir fərd kimi yetişir: “Neqativ mühitdə böyüyən uşaqlar bu həyat tərzinə öyrəşmiş olur və gələcək üçün onu örnək olaraq götürürlər. Ailədəki aqressiyaya sahiblənirlər və zamanı gələndə məhz valideynlərindən gördüyü davranışla müəyyən məsələləri təhlil edərək həll etməyə çalışır. Bu davranışlar da təhqir, şiddət bu kimi qeyri-adekvat olan davranışlardır. Bu şəkildə travma alan uşaqlar mütləq şəkildə psilxoloqların əhatəsində olmalıdır və onlarla seanslar keçirilməlidir”.
 
Tarix: 23-04-2022, 17:44
Xəbəri paylaş





Xəbər lenti