Deputatın oğlu iş axtarır: “Elçibəyin və Heydər Əliyevin qarşısında “Kasıbların mahnısı”nı oxumuşam”

Deputatın oğlu iş axtarır: “Elçibəyin və Heydər Əliyevin qarşısında “Kasıbların mahnısı”nı oxumuşam” Sabiq deputat Rizvan Cəbiyevin oğlu, məşhur reper Anar Nağılbaz işsiz olduğunu bildirib. Və sosial şəbəkədə dostlarına iş axtarması ilə bağlı müraciət ünvanlayıb. Anar Nağılbazın müraciətini olduğu kimi təqdim edirik:
“MÜRACİƏT!!!

İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır. Öz dövlətimdə 9 il ştajlı televiziyalarda işləmişəm; Aztv-böyük redaktor; İctimai TV telefilm departament direktor müavini; Ctv (Lənkəran) baş musiqi tərtibatçısı, prodüser və rejissor; Bakı Mədəniyyət və Turizm idarəsi; Bakı gənclər və idman idarəsi; Ə. Vahid Mədəniyyət evi – müavin, Türkan Mədəniyyət Sarayı – bədii rəhbər; Qaraçuxur Mədəniyyət Sarayı – direktor müavini; 2000-2003-cü illər Qafqazın ən böyük prodüsser mərkəzinin böyüyü olmuşam, ölkənin ən böyük (8. 5 metr) kino kranı məndə olub, dövlət tv-sindən tutmuş hamı bizdən kirayə götürürdü, Kənan MM, Rüfət Axundov, Hüseyn Dərya rəhmətlik kimi (və bir çoxları) sənətkarlar ordan sənətə vəsiqə alıb; Şəxsi işlərim; İncəsənət universitetinin yanında -“Dadlı Video” dönər kafem olub; ABŞ-da scrub (həkim və xəstə geyimlərini 200 hospitalda satmışam (yaxşı faizim olub); ABŞ-da qocalar evinin şəxsi şoferi olmuşam; ABŞ-da 8 ştatda və Avropada klublarda, kazinolarda, mədəniyyət ocağlarında həm konsertlər təşkil etmişəm, eləcə də çıxışlar etmişəm; Bakıda ingilis dili müəllimi kimi də məktəb və litsey uşağlarıyla praktikam var;
ETİRAF;
2013, oktyabrın 1-i işimdən azad olmuşam (öz ərizəmlə, məcbur), direktor müavininin maaşı 150 manat olmağla yanaşı; Prezident apparatına qədər müraciət etmişə, göndəriblər ərizəmi yenidən Bakı Mədəniyyət və Turizm İdarəsinə. Onlar da Allah canlarını sağ eləmişlər deyib bir də müraciət etmə, get Mədəniyyət Nazirliyində müsabiqə ver. Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub, deyiblər, sən tanınmış adamsan, gərək ki toyların çoxdur, demişəm elə deyil, rep milli yem deyil, ancağ elə klublarda qəbul olur, bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açağ. Axır, nəhayət, başa düşdünüz yəqin ki mahnılarda bir-ıki problemlərdən danışdığımız üçün belədir. Yada salmağ istəyirəm ki mən 1992-də BDU-nun “Nəsimi” mərkəzində Ə. Elçibəyin də; 1994, fevral, H.Əliyev sarayında H.Əliyevin qarşısında da “Kasıbların mahnısı” (Çörək baha, yağ baha, ət baha) ilə çıxışlar etmişəm. Dünya azərbaycanlılarımın məni qəbul etdiyi halda, dövlətimiz də bütün dünya azərbaycanlılarının yanında olduğu halda, 31 dekabr günümüzü dünya azərbaycanlıları günü qeyd etdiyimiz halda mən 2 evladımla bu dövlətdə iş tapa bilmirəm.
ELAN;
Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat! Allah əmanətində! Amin!”
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Bakı şəhərində doğulub. 1990-cı ildə ilk dəfə Yaltada “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə “Canlı klip şou” rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə “Narkodünya” mahnısıyla şöhrət qazanıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayəti ilə Azərbaycan Dövlət Sirkində çıxıbr.
Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.
Onun rep bəstələrinin əksəriyyətində çox ciddi problemlər zarafatla, yumorla öz əksini tapıb. Bəstələrinin əksəriyyəti adı ilə deyil, mahnının mətnindəki ifadələrlə yaddaşlarda qalıb (məsələn, “Gəl gülüm”də “it qızı-it” və ya “Mənim sevgilim”də “Mənim sevgilim Conidir Coni, özü amerikalı, firması Soni” və s.). Digər tanınmış rep bəstələri: “Səhər olmayacaq” (1997), “Keçdi günlər” (1999) və (2000), “O qızı görən olubmu?” (2000), “Zaman o zaman deyil” (2001), “Dost” (2003), “İç xəbər” (2005), “Nömrə narkotik” (2005), “Göbələk” (2005) və s.
Tarix: 5-01-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti