Sabiq deputatla eks icra başçısı ölümdən döndü…

Sabiq deputatla eks icra başçısı ölümdən döndü… Bir müddət öncə, daha doğrusu, ötən ilin sonlarına yaxın sabiq icra başçısı və eks millət vəkili Səmayə Piriyeva ilə onun yaxın rəfiqəsi, ailə dostu keçmiş deputat, tanınmış pambıq ustası Tərlan Musayevanın səhhətində ciddi problemlər yaşanıb.
Həkimlərin müdaxiləsi nəticəsində hər iki sabiq millət vəkili necə deyərlər, ölümün eşiyindən dönüblər.
Gununsesi.info-nun məlumatına görə, son illər şəkər xəstəliyi və qan təzyiqindən əziyyət çəkən S. Piriyevanın səhhəti birdən-birə çox kəskin şəkildə pisləşib. O, təcili olaraq huşsuz vəziyyətdə xəstəxanaya-Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. İki həftəyə yaxın reanimasiya şöbəsində koma vəziyyətində qalan S. Piriyevanı həkimlərin yüksək peşəkarlığı sayəsində koma vəziyyətindən çıxarmaq mümkün olub. Sabiq deputat reanimasiyadan palataya köçürülüb. Təximinən iki həftə də palatada həkim nəzarəti altında olan xanım Piriyevaya müalicəsini artıq evində davam etdirə biləcəyi, səhhətində yaranmış təhlükənin aradan qaldırıldığı bildirilib. S. Piriyeva hazırda müalicəsini Bakıdakı mənzilində davam etdirir.

Bu yerdə xatırladaq ki, S. Piriyeva mərhum dövlət başçısı Heydər Əliyevin qızğın tərəfdarlarından, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüskarlarından, onun Hacıqabul və Sabirabadda təşkilatlanmasında fəallıq göstərənlərdən biri olub. Hələ gənclik illərində-sovetlər dövründə yüksək vəzifələrdə çalışan xanım Piriyevanın zəhməti Heydər Əliyevin ikinci hakimiyyəti dönəmində də qiymətləndirilib. O, bir müddət icra başçısının birinci müavini, 1995-2000-ci illərdə ilk Milli Məclisin üzvlərindən olub. Eyni zamanda, 1999-2000-ci illərdə Sabirabad rayonunun icra başçısı vəzifəsində işləyib və o zamankı icra başçıları arasında işgüzarlığı, yenilikçiliyi və müstəqilliyi ilə fərqlənib. Bu isə hakimiyyətdəki bəzi qüvvələri razı salmayıb. Xüsusilə də, Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Yusif Hümbətov Piriyevanın müstəqilliyini həzm edə bilməyib və əlindəki resurslardan istifadə edərək, onu hakimiyyətin, birinci şəxsin gözündən salmağa çalışıb. Nəticədə də Piriyeva icra başçılığının bir illiyində vəzifəsindən kənarlaşdırılıb. Bu qərar isə o zamankı millət vəkilləri, xüsusilə, hakim partiyanın rəsmiləri arasında çaşqınlıq və təəccüb yaradıb. Amma o vaxtdan bugünədək Piriyeva öz əqidəsinə sadiq qalaraq, YAP-ın sıralarında siravi üzv kimi fəaliyyətini davam etdirir…
Eyni zamanda, ötən ilin sonlarına yaxın digər eks millət vəkili Tərlan Musayevanın səhhətində gözlənilmədən ciddi problemlər yaşanıb. Onkoloji xəstəlikdən əziyyət çəkən Musayevanı da sonda həkimlərin müdaxiləsi nəticəsində həyata döndərmək mümkün olub. O da hazırda ev şəraitində müalicəsini davam etdirir və əvvəlki dövrlə müqayisədə səhhəti müsbətə doğru irəliləyib.
Sabiq deputatla eks icra başçısı ölümdən döndü…
T. Musayevanı isə tanıtmağa, onun haqqında geniş təqdimata ehtiyac yoxdur. Çünki onun adı əmək qəhrəmanı kimi hələ sovetlər dövründən, ötən əsrin 70-80-ci illərindən məşhurdur. Haqqında şerlər yazılıb, nəğmələr bəstələnib. Bərdə rayonunda mexanizator kimi fəaliyyət göstəırən Musayeva hələ gənc yaşlarından özünün zəhmətsevərliyi və işgüzarlığı ilə fərqlənib. O, Azərbaycan SSR və SSRİ Ali Sovetinin deputatı seçilib, Azərbaycan SSR-nin yüksək titulları ilə mükafatlandırılıb. H. Əliyevə sadiqliyi və sədaqəti ilə seçilən T. Musayevaya mərhum prezidentin ikinici hakimiyyəti dövründə də yüksək vəzifələr, icra başçılığı təklif olunsa da, o, bunları qəbul etməyib. Bununla belə, o, beş illik fasilədən sonra, yəni, 1995-2000-ci illərdə Bərdədən birinci çağırış Milli Məclisin üzvü seçilib. Xanım Musayeva 2000-ci ildə yenidən deputat seçilsə də, hansısa səbəblərdən millət vəkili seçildiyi Seçki Dairəsinin nəticələri ləğv olunub və onun yerinə hazırda da Bərdənin deputatı olan Zahid Oruc seçilib…
Hər iki eks deputata da keçmiş və yastığınız yüngül olsun, deyirik! Sabiq deputatla eks icra başçısı ölümdən döndü…
Tarix: 12-01-2017, 21:32
Xəbəri paylaş





Xəbər lenti