“Kiloqramı 1000 manata, 1 qəpik də aşağı düşə bilmərəm...” - Kürü bazarından reportaj

“Kiloqramı 1000 manata, 1 qəpik də aşağı düşə bilmərəm...” - Kürü bazarından reportaj Mağaza piştaxtalarına qoyulmuş kürülərə tez-tez rast gəlirik. Bəs bazarlarda? Əvvəlcə “Təzə bazara” yollandıq.

100 manat ver, 100 qram kürü al

Əvvəllər bazarlarda kürü açıq şəkildə satılırdı. Bu təcrübədən çıxış edib “Təzə bazar”da balıq satılan yerə yaxınlaşıb, satıcılara kürü almaq istədiyimizi söylədik. İki nəfər nə qədər kürü almaq istədiyimizi soruşdu. Tahir adlı satıcı bildirdi ki, burda söhbət etməyək, gəlin mağazada kürüyə baxın, qərarınızı sonra verərsiz.


Mağaza daxil olanda soyuducudan yalnız qara kürü çıxardı:

-Nərə balığının kürüsüdür. 100 manat ver, 100 qram qara kürü al.

-Bəs 1 kiloqram almaq istəsək, endirim olacaq?

-Satdığım məhsulun standart qiyməti budur. 1 kiloqram qara kürü 1000 manatadır. Bir qəpik belə endirim edə bilmərəm.


Satıcı deyir ki, qara kürünü Lənkərandan gətirirlər:

-Bizdə qırmızı kürü yoxdur, satmırıq... Yalnız qara kürüdü. Müştərilərimizin də qırmızı kürüyə marağı azdır. Sizə təklif etdiyim nərə balığının kürüsüdür. Uzunburun balığın kürüsü də var. Onun duzu bir az çoxdur deyə 100 qramının qiyməti 80 manatdır. Onu məsləhət görmürəm. Çünki duzu az olan bölgə balığının kürüsü baha və dadlıdır. Mən naşqa balığın kürü növünü satmıram. Satdığım məhsul budur.

Satıcının sözlərinə görə ki, ondan kürü alan müəyyən adamlar var:

-Mən əslində balıq satıram. Hər gün kimsə gəlib, kürü istəmir. Əvvəllər açıq satırdıq, indi sadəcə müəyyən alıcılar soruşur. Biz də təşkil edirik. Mənim satdığım kürünün heç biri süni şəkildə hazırlanmır. Çünki özüm uzun illərdir bu işlə məşğulam. Lənkərandan qablaşdırılmış kürü gətirirəm.

Çindən gətirilən süni kürü...

Marketlərdə satılan kürülərlə də maraqlandıq. 100-150 qramlıq çəkilərdə olan kürülər əsasən Rusiya istehsalıdır ki, onların çoxunun süni şəkildə hazırlandığı qiymətindən də bilinir. 1 kiloqram qırmızı kürünün qiyməti 30 manatdan başlayır. Məhsulların sertifikatının olub-olması isə sual altındadır.

15 ildir onlayn kürü satışı ilə məşğul olan Nazim Axundov deyir ki, Azərbaycana kürü əsasən Rusiyadan idxal olunur: “Müştərilərimiz keta balığının kürüsünü daha çox xoşlayır. Kürünün duzu 4 faizdən nə az, nə də çox olmalıdır. Duz az olsa, məhsul sıradan çıxar. Çalışırıq, nazik qabıqlı kürülər olsun. Çünki qabığı qalın kürülərin keyfiyyəti aşağıdır”.

Nazim Axundov deyir ki, Azərbaycan bazarında yetişdirmə balığın kürüsünü satırlar: “Qara kürü Xəzər dənizində olub. Ötən əsrin 70-ci illərində 1 kiloluq bankası 10 manata satılırdı. Daha sonra qiyməti artdı. Dünyada süni kürü hazırlayan ölkələr var. Bu işlə İsraıl daha çox məşğul olur. Çin də süni kürü istehsal edir.

İndi bəzi işbazlar Azərbaycan bazarına Çindən 1 kilosu 300 dollara qara kürü alıb gətirirlər. Bizim bazarda həmin kürünün qramını 100 manatadır.

Yetişdirmə balığın kürüsü olub-olmamasını isə yalnız sovet dövründən yaşayanlar və davamlı kürü yeyənlər anlaya bilər. Yəni, ilk dəfə süni kürünü yeyən insan bəh-bəhlə yeyəcək, əsl kürü dadından xəbərdar olanlar isə onun süni olduğunu biləcək”.

Həmsöhbətim satılan kürünün qiymətləri barədə də danışdı: “Dollar qalxandan qiymətlər artıb. Əvvəllər alıcılarımız 1 kilo qırmızı kürünü 100 manata əldə edə bilirdilərsə, indi 200-220 manatadır. Yarım kilosu 110, 100 qramını isə 10 manata almaq olar. Kürü nə qədər çox olsa, alıcılar da çox olur.

Əvvəllər yalnız varlı təbəqə kürü alırdı, indi normal yaşayışı olan insanlar da kürü alır. Çünki insanlar anlayır ki, kürü çox faydalıdır. Onun tərkibində insan orqanizmi üçün gərəkli vitaminlər var. Bahalı dərmanlara pul verməkdənsə, kürü almaq məsləhətdir”.

Nazim Axundovun sözlərinə görə, bəzi ölkələr kürünü buzda saxlayır: “Qırmızı kürü Amerika və Kanada daha çox istehsal olunur. Onlar məhsulu buzda saxlayır və keyfiyyətini öldürürlər. Kürünü buzda saxlamaq olmaz. Kürü mənfi 2-4 dərəcə temperaturda saxlanmalıdır. Biz gətirdiyimiz məhsulları həmin dərəcədə saxlayırıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nərəkimlərin qanunsuz ovuna qadağa qoyulub: “Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il qərarına əsasən, ölçüsündən və çəkisindən asılı olmayaraq, 1 baş nərə balığının ovuna görə şərti maliyyə vahidinin 200 mislində cərimə tətbiq edilir. Bu məbləğ 220 manat edir”.

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, marketdə süni kürülər satılması faktdır: “Rusiyadan Azərbaycana süni kürülər idxal olunur. Təəssüf ki, həmin kürülərin qablarında nərə balığının şəkli var. Xaricidən ölkəmizə gələn insanlar da nərə balığının şəklinə aldanıb, həmin süni kürüləri alırlar”.

Eyyub Hüseynov deyir ki, şadlıq evlərində keçirilən toylarda da süni kürü təqdim edilir: “Şadlıq evlərinin sahibləri süni kürü ilə cüzi miqdarda orijinal kürünü qarışdırıb, toylarda təqdim edirlər. Yəni, baha menyuya ucuz süni kürü təqdim olunur”.

Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən isə, fiziki şəxslər 150 qrama qədər nərə cinsli balıq kürüsünü gömrük ərazisindən keçirilə bilər.

Kürünün faydası

Kürünün faydaları çoxdur. Tərkibində insan orqanizminə xeyirli olan vitaminlərlə zəngin qara kürü daha bahalıdır. Kürüdə E, A vitaminləriylə yanaşı fosfor, dəmir maddələri var ki, bu da insanın zehninin güclənməsi, görmə qabiliyyətinin güclənməsinə səbəb olur.

İlhamə ƏBÜLFƏT “Kiloqramı 1000 manata, 1 qəpik də aşağı düşə bilmərəm...” - Kürü bazarından reportaj
Tarix: 13-01-2017, 22:49
Xəbəri paylaş





Xəbər lenti