“SİZ TƏHSİL NAZİRİNİN DÜŞMƏNİSİNİZ?”

“SİZ TƏHSİL NAZİRİNİN DÜŞMƏNİSİNİZ?” Kamran Əsədov: “Mən deyirəm yerlərdə icra hakimiyyətləri təhsil işinə mane olurlar, deyirlər niyə tənqid edirsən”


Tanınmış təhsil eksperti Kamran Əsədov təhdid olunduğunu, yersiz tənqidlərə məruz qaldığını bildirib. Bu barədə ekspert sosial şəbəkədəki səhifəsində də məlumat verib:


"Mənə ünvanlanan söz və fikirlərə cavab yazmayanda deyirlər: "Niyə cavab vermirsən?”. Deyirəm, mən milçəyə, ağcaqanada necə cavab verim. Hətta həmin adamları ağcaqanad, milçək adlandırmaqla onları saymıram. Qoy onlar bir dəfə saxta ittihamlarla şərlənib məhvə məhkum edilsin, sonra ayağa qalxıb daha qüvvətli ola bilsin.

Onlar heç olmasa mənim kimi kitab nəşr etdirə bilsin, 29 xarici ölkədə elmi məqaləsi dərc olunsun və onlara istinad olunsun. Mən kiminsə tapşırığı, xahişi olmadan orta məktəbə müəllim qəbul olmuşam, Bakı Dövlət Universiteti kimi Azərbaycanın ən böyük universitetində müəllim olmuşam, AMEA-nın əməkdaşı olmuşam. 20 yaşımda o zamanın ən böyük tədris mərkəzi olan "Zirvə” Hazırlıq Kursunda müdir müavini olmuşam. 21 yaşımda TQDK-nın jurnallarında adım olub. Mən kiminsə tapşırığı olmadan Azərbaycanın bütün telekanallarında hətta nüfuzlu şəxslərlə debata çıxmışam. Əlbəttə ki, saymaqla bitməz. Onlar saydıqlarımın hansını ediblər? Mən də o zaman onları özümə bərabər səviyyədə görəcəm. Düzdür, cavab yazdıqlarım da var. Məsələn, hesab edin ki, öz müəllimlik adımı müdafiə etməli olduğumu nəzərə alıb yazıram. Amma Azərbaycanda kiməsə nəsə cavab verməyə, yaxud yazmağa rəqib görmürəm. Siyasi məsələlərə nəinki qarışıram, hətta yazıram da. Zəngəzurla bağlı kitabımı hazırlayıram. Haqqımda pis danışanlar ən azı düşünməlidir ki, mənim elmi tədqiqat məqalələrim 3 dildə çap olunub. Sən bir sətir yaz ki, onu 2 dilə tərcümə etsinlər. Əgər onu edə bilmirsənsə, sənə necə cavab verim?! Ona görə də heç kimə cavab vermirəm”.

Məsələ ilə bağlı yenidən Kamran Əsədovla əlaqə saxladıq. Ekspert suallarımızı cavablandırdı.

- Təhdid edilmənizlə xəbər diqqətimizi çəkdi. Onların kim olduqlarını bilirsizmi?

- Bilirsiz, buna təhdid demək olmazdı. Sadəcə olaraq kimlərsə saytlarda belə məlumatlar yayır ki, Kamran Əsədov kimdir ki, Təhsil Nazirliyinin fəaliyyətini təhlil edir? Mənbə kimi də Təhsil Nazirliyinin adını açıqlamasını istəməyən anonim mənbə qeyd edirlər.

- Nə qədər müddətdir ki, bu hal davam edir?

- 2016-cı ilin avqust ayından etibarən başlayıblar. Sağ olsun saytların rəhbərliyi, bu xəbərlərə yer vermirlər. Amma sifarişlə yazanlar da var.

- Hansı əsaslarla bu hərəkəti edirdilər?

- Mən ölkədə təhsilin inkişafı üçün çalışıram. Çünki bu, Azərbaycan Respublikası Prezidentinin yoludur, istəyidir, fəaliyyətinin əsasıdır. Amma bu şəxslərin arxasında duranlar təhsilə öz biznesi kimi baxırlar. Onlar təhsilə ayrılan vəsaitləri talamaqla məşğuldurlar. Təhsil naziri çalışır ki, məktəblər təhsilə töhfə verəcək şəxslər tərəfindən idarə olunsun, amma buna yerlərdə maneə yaradırlar. Mən deyirəm ki, yerlərdə icra hakimiyyəti orqanları, təhsil şöbələri direktorların fəaliyyətinə mane olurlar. Bunlar deyir ki, niyə bu direktorların fəaliyyətini tənqid edirsən?

- Maraqlıdır, bəs belə münasibət göstərmələrinin səbəbi nədir?

- Çünki onlar düzgün fəaliyyət göstərmirlər və narahatlıq keçirirlər. Azərbaycan Republikasının Prezidenti dəfələrlə bəyan edib ki, çatışmazlıqlar bildirilsin. Dövlət başçısı orta məktəb şagirdlərinin pulsuz və keyfiyyətli dərsliklərlə təmin olunması istiqamətində mühüm fərman verib. Amma bəzi şəxslər keyfiyyətli dərslik yazılmasına imkan vermir. Mən Azərbaycan məktəblisinin keyfiyyətli məhsuldan istifadə etməsinə çalışıram. Bunu Prezident tələb edir, bunu təhsil naziri istəyir. Lakin onlar çatışmayan cəhəti deməyimi istəmirlər. Niyə? Siz təhsil nazirinin düşmənisiz?

Yeganə Bayramova
Tarix: 15-01-2017, 13:55
Xəbəri paylaş





Xəbər lenti