Susqun deputat bizi belə “susdurmaq” istədi...-TƏFƏRRÜAT

Susqun deputat bizi belə “susdurmaq” istədi...-TƏFƏRRÜAT Bir neçə gün əvvəl AFN-də Milli Məclisin deputatı İmamverdi İsmayılovla bağlı yazı dərc edilmişdi. Yazıda İ.İsmayılovun təmsil etdiyi 125 saylı seçki dairəsinin seçicilərinin deputatdan şikayəti öz əksini tapmışdı.

Bildirilirdi ki, seçicilər İ.İsmayılovla görüşmək, dərdlərini bildirmək istəsələr də, o, əhəmiyyət vermir, onlarla görüşdən yayınır: “İşsizlikdən, ağır dolanışıqdan əziyyət çəkirik, xəstəmiz olur müalicəsinə, əməliyyatına pul tapammırıq. Deputatımızla görüşüb dərdimizi demək, yardım almaq istəyirik, amma onunla görüş “şərəfi”nə nail ola bilmirik. Dəfələrlə Milli Məclisə getmişik, görüşə gəlmir, hərdən köməkçisini göndərir, o da bizi qəbul otağında oturdub yazılı müraciət etməmizi istəyir. Müraciətlərimizi də müvafiq qurumlara ünvanlayır, bir surətini də bizə göndərirlər. Cavab bir aya gəlib çıxır. Təsəvvür edin, ağır xəstəsi olan adam 1 aya deputatdan cavab alır, onda da dərdinə heç bir dərman yoxdur”.


Yazı dərc edildikdən sonra hörmətli deputat müxtəlif şəxslər vasitəsilə redaksiya təsir göstərib yazının saytdan götürülməsini istədi. Lakin biz məqalənin konkret seçici şikayəti üzərində qurulduğunu bildirərək bundan imtina etdik. Bununla belə, İ.İsmayılovun məsələ ilə bağlı mövqeyini verməyə hazır olduğumuzu bildirdik. Dəfələrlə ona telefon açsaq da, təəssüflə qeyd edək ki, zənglərimiz cavabsız qaldı. Yaxın ətrafı vasitəsilə xəbər göndərib onunla danışıb mövqeyini almaq, başqa insanları bu söhbətə qatmamasını istədiyimizi bildirdikdə isə İ.İsmayılovdan “köhnə materialları dərc etdiyimiz üçün” istehzalı “təşəkkür” aldıq. Özünü haqlı sayan, yazının əsassız olduğunu düşünən qarşı tərəf belə olan halda ən azı redaksiyadan mövqeyinin dərc edilməsini, yazılanların təkzib olunmasını tələb etməlidir. Lakin hörmətli İ.İsmayılov müxtəlif şəxslər (hansı ki, həmin şəxslərin AFN üzərində heç bir hüququ yoxdur) və qurumlar vasitəsilə bizə təzyiq etməyə cəhd göstərdi. Bütün bunlar seçicilərin mövqeyinin nə qədər haqlı olduğunu bir daha ortaya qoydu - əgər deputat medianı heç sayırsa, seçiciləri, sıravi vətəndaşları necə ciddiyə ala bilər? Onların qayğıları ilə necə maraqlana, məşğul ola bilər? Bu sualların cavabı Milli Məclisin saytında da var: heç cür!

Yəqin çoxlarınıza maraqlı gəldi, Milli Məclisin saytında bir deputat haqda belə rəy necə ola bilər?! Öncə haqqında söhbət gedən İ.İsmayılovun deputatlığı haqda qısa arayış: Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan İ.İamsyılov I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2011-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Biz isə çox uzağa getmədən 2011-ci ilin 15 noyabrından bəri parlamentin bütün plenar iclaslarının stenoqramını araşdırdıq və müdhiş: İmamverdi İsmayılov bir dəfə də çıxış etməyib! İ.İsmayılov adlı deputatın adına stenoqramlarda tez-tez rast gəlinir, lakin bu, İmamverdi İsmayılov deyil, sabiq deputat İlyas İsmayılovdur. Stenoqramların yazılış qaydasına görə, iclasa sədrlik edən şəxs çıxış üçün növbəsi olan deputata adı ilə söz verir, daha sonra çıxışçının adının baş hərfi və soyadı yazılır. Məsələn:

Sədrlik edən: İlyas İsmayılov, buyurun.

İ.İsmayılov: ...

Və 200-ə yaxın plenar iclasda İmamverdi İsmayılovun çıxışı qeydə alınmayıb. Obyektivlik naminə, qeyd etməliyik ki, parlamentin iş prinsiplərinə yaxından bələd deyilik. Ola bilsin, iclasların heç də hamısı stenoqramlaşdırılmır, sayta yerləşdirilmir. Lakin bu qədər təsadüfün olmasına da əmin deyilik ki, məhz İmamverdi İsmayılovun çıxışı olan iclasın setenoqramı olmasın. Çox təəssüflə onu da vurğulayaq ki, parlamentin saytında komitə iclaslarının stenoqramları yerləşdirilmir. Bəlkə də İmamverdi İsmayılov sözünü komitə iclaslarında deyir...

Son olaraq, İ.İsmayılovun sabiq həmkarlarından birinin məsələ ilə bağlı bizə danışdıqlarından da bir neçə cümlə qeyd edirik: “Onun parlamentə gəlməməsi, iclaslarda iştirak etməməsi, seçicilərə qarşı laqeydliyi təzə söhbət deyil ki. Keçmişdə parlament rəhbərliyi də narazı idi durumdan, indi bilmirəm vəziyyət necədir”.

Deyəsən, İmamverdi İsmayılov bizə “köhnə məsələlərdən yazmısız” deyəndə haqlı imiş.
Biz isə hörmətli İmamverdi müəllimə “parlament” sözünün mənasını xatırlatmağa ehtiyac olduğunu düşünürük: PARLAMENT - fransızca “parler” sözündən əmələ gəlib. Mənası da “DANIŞMAQ”dır, “SUSMAQ” yox...


Həbibə ABDULLA

Siam.az
Tarix: 22-01-2017, 16:52
Xəbəri paylaş





Xəbər lenti