Azərbaycanda oxuyan türkiyəli tələbələr TƏZMİNAT istəyir- VƏKİL DANIŞDI

Azərbaycanda oxuyan türkiyəli tələbələr TƏZMİNAT istəyir- VƏKİL DANIŞDI Enes Baltaçı: “Lissabon müqaviləsində göstərilir ki, təhsil başa çatdıqdan sonra tanınmalıdır”

Türkiyəli tələbələr Azərbaycandan təzminat tələb edir. Cebhe.info-nun yaydığı xəbərə görə, 1994-1996-cı illərdə Azərbaycan Tibb Universitetində qiyabi təhsil alan məzunlar bu vaxtadək diplomları ölkələrində tanınmadığı üçün işlə təmin olunmayıblar. Məzunların hüquq müdafiəçisi Enes Baltaçı məhz bu problemləri həll etmək, təzminat tələb etmək üçün Azərbaycana gəlib.

Hələ 1992-ci ilin iyunun 14-də iki ölkə arasında təhsil mübadiləsi ilə bağlı müqavilədən söz açan vəkil qeyd edib ki, məhz bu müqaviləyə görə, hər iki tərəf üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.Buna uyğun olaraq dəymiş zərərə görə, Azərbaycan tərəfi işləmədikləri hər ayın gəlirini hesablanmaqla təzminat ödəməlidir. Müqavilədə həmçinin o da qeyd olunub ki, bu cür vəziyyət yaranarsa, beynəlxalq hüquqa uyğun olaraq proses həllini tapmalıdır.

Hüquqşünas deyir ki, işin maddi tərəfi ilə yanaşı, mənəvi tələbi də var. Ölkə xaricində imzalanan sənədlər, verilən diplomlar Türkiyədə də qəbul olunmalıdır: “Bizim problemimiz Azərbaycanda oxuyan yüzlərlə, minlərlə türk tələbələrinin təhsillərinin ölkələrində tanınmasıdır. Bu diplomun ölkədə tanınması üçün Yüksək Təhsil Qurumundan bir sənəd əldə edilməlidir.Türkiyədə bu sənəd diplomun tanınması adlanır. Tələbələrin əsas problemi 6 il ərzində təhsillərinin simvolu olan diplomun ölkələrində tanınmamasıdır. Beləcə illərini burdakı təhsilə sərf edən şəxslər ölkələrində kiminsə əlaltısı, yaxud da qeyri-qanuni həkim kimi fəaliyyət göstərməyi çıxış yolu seçir.Bu çox üzücü bir vəziyyətdir. Diplomun əldə edilməsində ən böyük mənfəət alınan təhsildən istifadə edilməsi, iş qurulmasındadır”.

Hüquqşünas qeyd edib ki, bu maddi-mənəvi mənfəət Avropa İnsan Haqları Konvensiyasında, Lissabon sammitində də əksini tapıb. YUNESCO-nun qəbul etdiyi qərarlarda da bu amillər əksini tapıb: “Lissabon müqaviləsində göstərilir ki, təhsil başa çatdıqdan sonra tanınmalıdır. Lissabon sözləşməsində qeyd olunub ki, yalnız önəmli fərqlilik olarsa, diplom tanınmaya bilər.Təhsil vacib amildir.Bəllidir ki, təhsili olmayan kütlələr bu gün də dünya üçün böyük təhlükə mənbəyinə çevriliblər”. Diplomun tanınması ilə bağlı Türkiyənin Yüksək Təhsil Qurumu (YTQ) tərəfindən Azərbaycanda təhsil alan tələbələrin elmi keyfiyyətlərini öyrənmək üçün ilk növbədə burada olduqları müddət araşdırılır: “Aparılan araşdırma nəticəsində isə bəlli olur ki, şəxs Azərbaycanda qısa müddətdə olub”.

Maraqlı nüans isə budur ki, Türkiyə yalnız Azərbaycan kimi ölkələrdəki qiyabi təhsili tanımır: “Türkiyə ABŞ və bir sıra digər ölkələrdən fərqli olaraq Azərbaycandakı qiyabi təhsili tanımır. Türkiyə Azərbaycan, Bolqarıstan, Gürcüstan kimi ölkələrdəki qiyabi təhsili qəbul etmir. Belə təhsildə yüksək savaddan söz gedə bilməz”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycandan fərqli olaraq Türkiyə öz ölkəsindəki qiyabi təhsili tanıyır. Türkiyənin qiyabi təhsil sistemində tələbələr Ali Məktəbə getmədən sınaqlara hazırlaşır.

Diqqət çəkən digər məqamlardan biri də budur ki, Azərbaycanda təhsilini yekunlaşdıran Tibb Universitetinin türkiyəli məzunlarına ölkələrində 3 il əlavə təhsil almaqla diplom almaq hüququ verilir. Lakin məzunlar bu yola əl atmır: “Bu məzunlara ölkələrinə qayıtdıqdan sonra 3 il də Türkiyədə təhsil almaq şansı yaradılır ki, diplom ala bilsinlər. Lakin onlar bu yola əl atmır.Bu məsələdə düşünürəm ki, Azərbaycan Təhsil Nazirliyi də türk tələbələrin arxasında olmalıdır”.Hüquqşünas qeyd edib ki, bəzi tələbələr dövlət dəstəyi ilə deyil, öz seçimi ilə Azərbaycanı seçir.Məhz bu səbəbdən Türkiyə təhsilinin tələblərinə cavab verilməyən bir ölkədə təhsil aldıqları üçün bu ölkədə onların diplomları tanınmır, işlə təmin olunmur.

Nigar Məhərrəm
Tarix: 29-01-2017, 18:40
Xəbəri paylaş





Xəbər lenti