Rəis müavininin balaca “Quantanamo”su...

Rəis müavininin balaca “Quantanamo”su... Oxucular birdən elə fikirləşərlər ki, söhbət hansısa Amil adlı şəxsin ABŞ-ın indi ləğv etdiyi, amma vaxtilə çox məşhur olan dəhşətli Quantonamo həbsxanasındaki fəaliyyətindən gedir. Yox, əsla belə deyil. Bu Amil Tahirli adlı şəxs Xaçmaz rayon polis şöbəsinin əməliyyat üzrə müavinidir, özü də birincisidir. Bir əməliyyatçı kimi böyük bir cinayətin üstünü açıdığını da xatırlamıram. Bildiyim budur ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şer kitabının müəllifi, Xaçmazdakı “Arzu” ticarət mərkəzinin direktoru Nəcimə Babayevanın qətlindən altı ildən çox ötsə də cinayətkar tapılmayıb. Eşitdiklərimə görə, bu şəxs günahsız insanlara fiziki cəza verməkdən və verdirməkdən sanki həzz alır. Öz kabinetini də çevirib balaca “Quantanamo”ya. Günahı oldu-olmadı, kim gözünə şübhəli görünürsə dartır buraya. Elə üsullar tapıb işgəncə verir ki, adamlar nəinki dədələrinin, hətta öz adlarını belə yaddan çıxarırlar. Elə bilməyin ki, indi bütün saytların “qəhrəman”ına çevrilmiş Zaman Orucov Xaçmaz RPŞ-nin rəis müavini və onun yoldaşları tərəfindən işgəncələrə məruz qalan yeganə şəxsdir. Rəis müavini çoxdan bu cür işlərlə məşğuldur. Bunu özümdən demirəm. Mətbuatda apardığımız araşdırmalar zamanı məlum oldu ki, vaxtilə Xaçmaz RPŞ-nin cinayət axtarış bölməsinin rəisi işləyən A. Tahirli belə əməllərdən az törətməyib... “məni bir otağa salıb vəhşicəsinə döyməyə başladılar. Məni küçə söyüşləri söyərək təhqir edirdilər. Özümə qarşı bu münasibəti görəndə Azərbaycan vətəndaşı olmağıma şübhə ilə yanaşdım. Orada bir saat məni şillə və təpiklə döydükdən sonra Səxavət adlı polis əməkdaşı dizlərimin üstündə oturdu. Amillə Əli isə ayaqlarımın altına dəyənəklə vurmağa başladılar. Onlar məcburi qaydada paltarlarımı soyunduraraq tanımadığım biri-Cəllad Məmməd oğlu Bayramovun ölümündə mənim müqəssir olduğumu deyərək döyürdülər. Təxminən onlar məni 3 saat döydülər. Onlar bununla ölüm işini zorla boynuma qoymaq istəyirdilər.” Əziz oxucular, bu hadisə 2012-ci ilin oktyabrında baş verib. Onda Amil Tahirli RPŞ-nin cinayət axtarış bölməsinin rəisi, indi cinayət axtarış bölməsinin rəisi işləyən Səxavət Abbasov isə sıravi əməliyyatçı idi. Adam ölümündə ittiham olunan şəxs isə Xaçmaz şəhərinin Səid Qurbanov küçəsindəki 6 nömrəli evdə yaşayan Eyvaz Ələskərovdur. Yuxarıdakı cümlələr isə onun KİV-lərə verdiyi açıqlamadan götürülüb. Sonrasını Eyvaz belə şərh edir: “Döyülməkdən ayaqlarımın altı gömgöy idi. 3 saatdan sonra məndən izahat aldılar. Bizim rayon prokurorluğundan adam gəldi, izahatımı aldı. Həmin şəxs məndən soruşdu ki, ayaqlarına nə olub? Qorxumdan demədim, çünki mənə demişdilər ki, prokurorun nümayəndəsinə desən, səni ondan da beşbetər edəcəyik.” Xülasə, sonda məlum olub ki, ayaqlarının altı rəngini dəyişən Eyvazın bu ölümdə heç bir əli yoxmuş. Döyüldükdən sonra çox yerə şikayət edib. Deyilənə görə, sonda Xaçmaz rayon prokurorluğunda məsələni “sülh”lə yoluna qoyublar. Prokurorluq işçiləri məndən inciməsinlər. Burada çalışanların bəziləri yaddan çıxarırlar ki, qanun aliliyinin keşiyində dururlar. Onların işlədiyi yer ağsaqqallar şurası və şəriət məhkəməsi deyil. Bizim dünyəvi dövlətdə hər bir kəs vəzifəsindən asılı olmayaraq etdiyi cinayətə görə qanunla cəzalandırılmalıdır.

Rəis müavininin balaca “Quantanamo”su...

İndi keçirəm ikinci hadisəyə. 2016-cı ilin noyabrında Xaçmaz şəhərinin Qələbə küçəsindəki 1 saylı evdə yaşayan Məhbubə Təhməzova oğlu Kamilin yatdığı yerdən polis şöbəsinə aparıldığını və işgəncələrə məruz qoyularaq ondan məcburi izahat alındığını bildirib. Bunu da mətbuat yazıb. Lap elə qusarçaylı Zaman Orucov kimi. Bu əhvalatın isə nə ilə sonuclandığını bilmirəm. Söhbət kiminsə müqəssir, kiminsə qeyri-müqəssir olmasından getmir. Harada yazılıb ki, polis şöbəsinə düşdünsə mütləq döyülməlisən. Söhbət konkret olaraq Xaçmaz rayon polis şöbəsindən gedir. Bizim respublikada çox təcrübəli və bacarıqlı əməliyyatçılar var. Qatı cinayətlərin üstünü açan zaman həyatlarını qurban verənlərimiz də olub. Əgər belə olmasaydı, ölkədə sabitlik yaranmazdı ki. Söhbət qətiyyən belələrindən getmir. Biz polisimizlə qürur duyuruq. Amma yazılanlara inansaq, Amil Tahirli, Səxavət Abbasov və digər bu kimi şəxslər polis adına ləkədirlər.



Daxili İşlər Naziri Ramil Usubov hər il hesabat verəndə onlarla qanunsuz əməllərə yol verən polis əməkdaşının cəzalandığını bildirir. Deməli, ölçü götürülür! Səhv edən çox vaxt bizik, qanunun ətəyindən yapışıb sonacan getmirik. Günahsız yerə döyülməyimizlə, təhqir olunmağımızla barışırıq, üzəgörənlik edirik. Əslində elə özümüz şərait yaradırıq ki, bəziləri qanunlarımızı ayaq altına atıb tapdalasınlar.

Prezident İlham Əliyev bu yaxınlarda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafın Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində bütün dövlət məmurlarına bir daha xəbərdarlıq edib: “...Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi.” Məncə, heç bir əlavə şərhə ehtiyac yoxdur. İndi nə edək, Milli Məclis yeni bir qanun çıxarsın ki, məmurlar işə başlamazdan əvvəl xorla bu cümlələri oxuyub sonra iş başına keçsinlər?

Daxili İşlər Nazirliyi ölkəmizin ən böyük güc strukturlarındandır. Bu gün dövlətçiliyimizin və ictimai asayişin qorunmasında bu qurum müstəsna rol oynayır. Nazirliyin strukturu gənclərin hesabına ildən-ilə yeniləşir. Təbii ki, bu ən yaxın gələcəkdə öz müsbət nəticəsini göstərəcək. Konkret fakt demək istəyirəm. Bir müddət öncə daxili işlər naziri Ramil Usubov Xaçmazdan çox yoxsul bir ailənin iki övladının işə götürülməsi barədə əmr verib. Hazırda bu qardaşlar polis sıralarındadırlar. Belə nümunələr çoxdur. Polis sıralarında bu cür işə götürülən saysız-hesabsız gənclər var. Onlar da gərək etimaddan sui-istifadə etməsinlər, polis adını uca tutsunlar. Bunu elə-belə kiməsə xoş görünmək üçün yazmıram. Axı, burada bəzən müxtəlif “Amil”lər də olur. Necə olur ki, bir rayonun polis rəisinin müavini kabinetini balaca bir “Quantanamo”ya çevirib, buna məsul şəxslər də göz yumurlar. Elə qusarçaylı Zamanın başına gətirilənlər nə deməkdir? Görəsən, yenə də prokurorluqda “sülh danışıqları” aparılacaq?

İndi bir məsələ həll edilməmiş qalır. ABŞ “Quantanamo”nu ləğv edib, Amilin balaca “Quantanamo”su isə hələ də durur.


Müqəddəs Mehdiyev,
“Şimal xəbərləri” qəzetinin baş redaktoru
Tarix: 5-02-2017, 10:24
Xəbəri paylaş





Xəbər lenti