“Məhəbbətin təhsilini biz belə bilməmişdik, ana”

“Məhəbbətin təhsilini biz belə bilməmişdik, ana” Paytaxtın təhsil sistemi uçurumun astanasında

Məhəbbət Vəliyevanın əməllərinə Təhsil Nazirliyi niyə biganədir ?

Ölkənin təhsil sistemində hökm sürən problemlərin fonunda Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində yaşanan neqativ hallar daha qabarıq nəzərə çarpır. Bəlkə də düşünmək olardı ki, patyaxt məktəblərində vəziyyət daha ürəkaçan olar-hər necə də olsa göz qabağındadır, nazirliyin qulağının dibindədir.

Bakı təhsilini kim qarğayıb?


Əyalətlərdən fərqli mühit olmalıdır burada, Bakı təhsili Azərbaycan təhsilinin bayraqdarı hesab edilməlidir. Amma, necə deyərlər qısa bir araşdırmadan sonra aydın oldu ki, evdəki hesab çarşıya uyğun gəlmir. Çünki, paytaxtın təhsil sistemində elə özbaşnalıqlar, qanunsuzluqlar hökm sürür ki, heç ilin altı ayını gediş-gəlişi olmayan ucqar dağ kəndində belə buna kimsə cürət edə bilməz. Soruşduq ki, əcəba bu Bakı təhsilini kim qarğayıb, kim qara günə qoyub? Dedilər, çox dərinə getməyin, “Bakının dərdi var, Bakı xəstədir”.

Söylədilər ki, 1 ildən çoxdur ki, Bakı şəhər Baş Təhsil İdarəsinə Məhəbbət Vəliyeva rəhbərlik edir. Onun təyinatından sonra çoxlarında ümid yaranıb ki, xanım Vəliyeva paytaxtın təhsil siteminə adı kimi məhəbbətlə yanaşacaq, çatışmazlıqları aradan qaldıracaq. Ancaq, günlər, aylar bir-birini əvəz etdikcə bu ümidlər də boynu bükük qalıb. Problemlər nəinki azalmayıb, hətta gündən-günə çoxalıb.

Bu gün paytaxtın təhsil sitemində inzibati-amirlik dövrünün ab-havası hökm sürür. M. Vəliyeva bütün inzibati resursları işə salaraq Bakı məktəblərini öz iradəsinə tabe edə bilib. Son 1 ildə paytaxt təhsilinin keyfiyyəti yüksəlməsə də , şagirdlərin biliyinə verilən qiymətlər qalxmasa da digər qiymətlər bir xeyli artıb. Məktəblərin yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Müxtəlif hazırlıq kurslarında, repititor müəllimlərin fərdi məşğələlərində təhsil alan şagirdlərin adları jurnallarda formal olaraq yazılır. Bu isə valideynlərə heç də havayı başa gəlmir. Bunun müqabilində alınan yüksək məbləğdə pulun böyük qismi BŞBTİ-nin “kassa”sına ötürülür.

Bakının təhsil ab-havasına baxdıqda düşünmək olar ki, burada “pullu təhsil sitemi” formalaşdırılıb

Ümumiyyətlə Bakının təhsil ab-havasına baxdıqda düşünmək olar ki, burada “pullu təhsil sitemi” formalaşdırılıb. Hər şey əlahəzrət pulun diqtəsinə tabe edilib. Bu ilki tədris ilinin əvvəllində məktəbəqədər hazırlıq kurslarına qəbul zamanı süründürməçilik, rüşvətxorluq pik həddə çatıb. Həmin kurslarda dərs deyən müəllimlərdən əlavə pul tələb olunub. Uşaqlarını bu kurslara yazdıran valideynlər də xərcə düşməli olublar. Valideynlər bildirir ki, pilsuz məktəbəqədər hazırlıq kurslarının açılmasını eşidəndə çox sevindik. Ancaq sevincimizin ömrü məktəbin kandarına qədər oldu. Başa düşdük ki, pulsuz söhbəti boş şeydir. Direktorlara şikayət etdikdə isə bildirdilər ki, bu onlardan asılı olan iş deyil, onlar da pulu Baş Təhsil İdarəsinə verirlər.

Hər ay müəllimlərdən toplanan qanunsuz vəsaitlər, məktəblərdə təşkil edilən qəfləti yoxlamalar zamanı yığılan pullar, eləcə də təhsil müəssisələrində saxlanılan “ölü canlar”ın adına yazılan külli miqdarda maaşlar hamısı vahid mərkəzdən idarə olunur. M. Vəliyeva bütün bu sadaladığımız və sadalamadığımız problemləri həll etmək əvəzinə paytaxt təhsilini uçuruma aparır. Təhsildə bu qədər korrupsiyanın olması heç də uğurlu gələcəkdən xəbər vermir. Təhsilin Məhəbbətinin təhsilə olan 1 illik “məhəbbəti” paytaxtın təhsil sistemini bir neçə onillik geriyə atıb. Paytaxt təhsilini məhv etmək sahəsində “Məhəbbətin qüdrətini biz belə bilməmişdik, ana” .

Nicat Mahmudov
Tarix: 7-02-2017, 21:53
Xəbəri paylaş





Xəbər lenti