Baba nəvəsini doğrayıb maşına yığır, ər hamilə arvadını öldürür...

 Baba nəvəsini doğrayıb maşına yığır, ər hamilə arvadını öldürür... Azərbaycanda tükürpədici qətllərin sayı gündən-günə artır - səbəb təkcə maddiyyat deyil

“Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Əsəbləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum...”


Bu sitat Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramova məxsusdur. 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdyini etiraf edən babaya. Dindirmə zamanı R.Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib. Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovin doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılıb.

Amma bu, son günlər kriminal xronikada yer alan birinci və sonuncu amansız qətl xəbəri deyil. Artıq məhkəmə zallarında qorxu filmləri ilə rəqabətə girəcək səviyyədə qətllər araşdırılır; borcunu qaytarmayan dostunun boğazını kəsən kim, həyat yoldaşının əlində mesaj tutduğu üçün ona 15 bıçaq zərbəsi endirən kim. Daha çox ərlərin öz həyat yoldaşlarına qarşı amansız qətlləri sürətlə artır...

2016-cı ildə 422 məişət zorakılığı hadisəsi baş verib. Dəhşətli cinayətlərdən biri Qəbələ rayonunun Kürd kəndində baş verib: 1985-ci il təvəllüdlü Xəyal Verdiyev ailə münaqişəsi zəminində 25 yaşlı həyat yoldaşı Səbinə Verdiyevanı qətlə yetirib. Üç uşaq anası olan qadın qətlə yetirilərkən dördüncü uşağına hamilə olub. Təsəvvür edin, 3 uşağının anasını, üstəgəl, bətnində bir körpəni daşıyan qadını məişət zəminində - sənin anan belə dedi, niyə məndən icazəsiz atangilə getmisən tipli motivlərlə qətlə yetirirsən...

Bunca aqressiyanın səbəbi nədir? Təkcə maddi problemlərmi? Çünki ağla gələn ilk versiya budur. Amansızlıqla törədilən cinayətlərin sayının artmasının əsas səbəbi cəmiyyətdə aqressivliyin artmasıdır. Aqressivliyin əsas səbəblərinə məişət şəraitinin ağır olmasını, iqtisadi çətinlikləri, dünyada gedən prosesləri, iqlim dəyişkənliyini və s. aid etmək olar.

Baş psixiatr Gəray Gəraybəyli isə mediaya açıqlamasında bildirib ki, insanların psixi sağlamlığını pozan səbəblər sırasında ekologiyadan tutmuş, səbirsizlik, vaxt məhdudiyyəti, stresslər və digər faktorları sadalaya bilərik. Onun sözlərinə görə, Yer kürəsində insanların sayı durmadan artır, bu da istər makro, istərsə də mikro problemlər yaradır: "Müharibə, münaqişə, təbii fəlakətlər, şəhərlərdə əhalinin artması, bunun yaratdığı gərginliklər də psixioloji problemləri yaradan səbəblərdəndir. Əsəb yorğunluğunun əsas səbəbi istirahətsiz iş prosesidir".

Normal psixika üçün vacib şərtlərdən biri yuxudur. Amma şəhər mühitində normal yuxu yatmaq mümkün deyil. Çünki gecə küçədə olan səs-küy, gündüz saatlarından fərqlənmir. Nəticədə insan 8 saat yatsa da, dincəlmir. Bu stress də zamanla bədəndə toplanır və psixi problemlərlə nəticələnir. Münaqişələr, stresslər, daim tələsmək, küy də insan beynini yorur.
Yediyimiz qidalar - bizi əsəbə və aqressiyaya sürükləyir.

Daha bir iddia isə insanlarımızı hər gün dükan-bazardan aldıqları GMO (Genetik Modifikasiya Olunmuş) məhsullarının aqressivləşdirməsidir. Belə ki, orqanizmə ziyanlı olması dəfələrlə sübut edilmiş bu məhsulların psixikanı da sıradan çıxardığı sübut edilib.

Azərbaycanda istehlak etdiyimiz məhsulların müəyyən faizi heyvan və bitki tərkibli GMO-dur. İnsan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır. Nəticədə məhsullarda əmələ gələn toksik maddələrin insan beyninə mənfi təsiri elm tərəfindən sübuta yetirilib...

Əvvəl “əxlaqsız” damğası vurub öldürürdülər, indi damğaya da gərək yoxdur
Amma gəlin o dəhşətli rəqəmlərə nəzər salaq. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın namus məsələsinə görə öldürülür. Qadın cinayət qurbanlarının 70 faizi ərləri, ya da sevgililəri tərəfindən öldürülür. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 400 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

ABŞ-da qadınlar daha çox silahla öldürülür, Hindistanda amansız yola əl atırlar. Hindlilər qadınları döyür, sonra da yandırırlar. Polislərə isə “mətbəx qəzası” deyib, canlarını qurtarırlar.
Türkiyədə mürtəce tayfa adət-ənənələri və namus məsələsi qadınların həyatı üçün real təhlükədir.


Əvvəllər namus cinayətlərinin qurbanları əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi “əxlaqsız” damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir.

Sosial araşdırmalar isə sübut edib ki, öldürülən zərif cinsin nümayəndələrinin bir hissəsi iftiraya məruz qalan qadınlar, digər bir hissəsi isə ailə adət-ənənələrinə üz çevirən qadınlardı. Öldürülən 10 qadından 2-nin əxlaqsız olma ehtimalı var. Amma bunu da heç kəs sübuta yetirə bilməz.

Bu qəddarlıq əvvəl də vardı...amma onda media yox idi...

Yaxşı, bəs bu qəddar qətllərin kökündə nə dayanır? Sovet dönəmində də bu cür qətllərin olduğunu düşünən sosioloqların fikrincə, həmin vaxt media, sosial media bu qədər aktiv olmadığı üçün hər şey “bir daş altda, bir daş üstdə” prinsipi ilə gizli saxlanırdı. Amma indi baş verənlər dərhal mediaya, ordan da cəmiyyətin bütün təbəqələrinə yayılır. Nəticədə isə ajiotaj yaranır.

Amma belə düşünənlərlə yanaşı, məsələnin psixoloji qatlarına enənlər də az deyil. Belə ki, heç də hər şey kasıblığın yaratdığı aqressiya ilə bağlı deyil.

Belə ki, cəmiyyətdə özünü göstərən ciddi təbəqələşmə vəziyyəti daha da ağırlaşdırır. İnsanların dolanmaq üçün bir neçə mərhələdən keçməsi və hər dəfə də uğursuzluğa düçar olması məlum mənzərəni daha da faciəvi edir. Həyatda uğur qazana bilməyənlər çox vaxt aqressiyasını daha çox öz yaxınından çıxarır. Ən kiçik səhvini belə bağışlamır və bəzən “sudan səbəblərlə” emosiya partlaması yaşayırlar.

İşsizlik də aqressiyanın, dolayısı ilə belə dəhşətli, amansız qətllərin kökündə həm də işsizlik yaradır. Sutkada 11-12 saat çalışan adamlarda isə fiziki yorğunluqla yanaşı, mənəvi gərginlik də olur və bu, özünü aqressiya formasında üzə vurur.

Ziyalılar üçün belə qətl daha xarakterikdir

Dünya üzrə yayılan anlayışlardan biri də cinayətin profilaktikasıdır. Yəni cinayətkarların islah olunacağı hər hansı məkan yoxdur. Son nəticədə isə haçansa cinayət edənlər təkrar cinayət törədirlər.

Amma bir məqama da diqqət edək. Belə qətllər təkcə kriminal xarakterli şəxslər tərəfindən törədilmir. Bir çox hallarda ziyalı, ali təhsilli şəxslərin də belə əməllərə qol qoyması təsdiqini tapıb. Belə ki, bir çox hallarda ziyalılar da hansısa maddi problemlərin qurbanı olurlar. Cəmiyyətdə baş verən proseslər psixoloji halı gücləndirir. Belə ki, fiziki qətldən öncə psixoloji qətl hadisəsi baş verir. Tərəflər bir-birini psixoloji baxımdan qətlə yetirirlər, məhv edirlər. Ali savadlı, ziyalı, bəşəri dəyərlərlə yaşayan insanların qətlə meyl etməsi isə xüsusən anlaşılandır. Psixoloqlar sübut edir ki, bir çox hallarda onlar yüksək hisslərlə yaşayırlar. Belə insanları mənəvi baxımdan aşağılamaq, mənəvi cəhətdən zərbə vurmaq daha asandır və ağır nəticələr verir.

Sevinc TELMANQIZI
Tarix: 10-02-2017, 09:54
Xəbəri paylaş





Xəbər lenti