Nazirlikdən rüşvət videoları ilə bağlı ilginc mövqe: “Niyə mediaya şiakyət edirlər?”

Nazirlikdən rüşvət videoları ilə bağlı ilginc mövqe: “Niyə mediaya şiakyət edirlər?” Azərbaycan səhiyyəsində rüşvətxorluq, özbaşınalıq baş alıb gedir. Bir neçə ay öncə xəbər verdiyimiz kimi Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət faktı ilə bağlı video-kadr yayımlanmışdı. Video-kadr yayıldığı gündən etibarən məsələ ilə əlaqədar olaraq xəstəxananın baş həkimi və Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. Hər iki tərəf məsələdən xəbərsiz olduqlarını dedi. Bir müddət sonra nazirliyin mətbuat katibi L.Bayramova ilə əlaqə saxladıqda onun məzuniyyətdə olduğunu öyrəndik.

Bu səbəbdən mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxladıq. S.Əhmədova həmin tibb bacısının kimliyi ilə bağlı hələlik heç bir məlumata malik olmadıqlarını desə də maraqlı məqama toxunub. Həmsöhbətimiz qeyd edib ki, sosial şəbəkədə xəstənin yaxını status paylaşaraq yazıb ki, əslində belə bir hadisə olmayıb, onlar tibb bacısına rüşvət verməyiblər. Ortaya iki sual çıxır. Nazirlik rəsmisi deyir ki, tibb bacısının kimliyi bəlli deyil. Halbuki kadrda şəxsin siması açıq-aşkar görünür. Bu səbəbdən onun kimliyini sübut etmək üçün günlərlə vaxt tələb oluna bilməz. Bu məsələnin ən asan və sadə tərəfidir. Çətin olan isə kadrda görünməyən, adı-soyadı belə bəlli olmayan xəstə yaxınının Facebook sosial şəbəkəsində statusunu tapmaqdır. Ümumiyyətlə, S.Əhmədovanın bu ehtimalı heç bir variantla həqiqətə yaxın səslənmir. Çünki ortada danışan və görülən bir sübut var.

Video kadr sübut deyil?

S.Əhmədovanın həmin açıqlamasını olduğu kimi sizə təqdim edirik: “Heç bir araşdırma aparmamışam. Bu mənim səlahiyyətim çərçivəsində deyil. Sadəcə olaraq eşitdiyimi deyirəm. Facebookda xəstə yaxını belə status yazıb ki, belə hadisə baş verməyib. Yenə də deyirəm. Bu sübut deyil. Araşdırma aparılmalıdır. Hazırda araşdırma davam etdirilir”. Göründüyü kimi nazirlik əməkdaşı üçün sosial şəbəkəni izləmək, xəstənin yaxınlarını tapmaq bir o qədər də çətin, zaman alan proses olmayıb. Qanunvericiliyə müvafiq olaraq hadisənin baş verməsindən bir ay sonra da məsələnin nə yerdə olduğunu, bununla əlaqədar olaraq hansı tədbir görüldüyünü araşdırmaq üçün yenidən nazirliklə əlaqə saxladıq. Aldığımız cavab həmişəkindən heç də fərqli olmadı. Bir ay ötsə də, nazirlik açıq-aşkar, göz qabağında olan faktı araşdırmayıb, yaxud da bunu araşdırmaqda maraqlı olmayıb.

Bu sadaladığımız hadisə sıradan bir hadisədir. Nazirlik yayılan faktla bağlı mütəmadi olaraq medianı məlumatlandırmalı, sorğulara cavab verməlidir. Təəssüflər olsun ki, nazirlik öz işi haqqında mediaya heç bir məlumat ötürmür. Əlbəttə, meydandakı xaosu görən tibb işçiləri üçün də geniş şərait yaradılır ki, rüşvət alsınlar, ciblərini doldursunlar. Ötən gün daha bir rüşvət faktı ilə bağlı mediada video kadr yayıldı. Biabırçı olay Ağdaş Mərkəzi Rayon Xəstəxanasın da başverib. Yerli tibb işçiləri diabet xəstələrindən pul tələb ediblər.

Bu barədə Ağdaş rayon sakinləri Cebhe.info-nun bölgə müxbirinə məlumat verib. Məlumata görə, rayon xəstəxanasına gələn şəxslərdən tibb bacıları aparat haqqı tələb edir. Növbəti belə hadisə isə rayon sakini 60 yaşlı Musayeva Tamara Rza qızının başına gəlib. Tibb bacılarının ondan “Aparat pulu” istəməsi anbaan çəkilib.

“Niyə mediaya şikayət edilir?”

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Cebhe.info-ya hadisədən xəbərsiz olduğunu deyib. O qeyd edib ki, hadisənin təfərrüatları ilə tanış olduqdan sonra sualları cavablacaq. L.Bayramova qeyd edib ki, 9103 “Qaynar Xətti”nə xəstələrdən şikayət daxil olmalıdır ki, məsələ araşdırılsın: “Başa düşə bilmirəm ki, niyə mediaya şikayət edilir. Bizim qaynar xəttimiz var, ora zəng edilsin”.

Nazirlik əməkdaşına 2-3 ay öncə Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verən olayı xatırlatdıq. Bildirdik ki, nazirlik nəinki xəstələrin, o cümlədən də medianın müraciətlərinə cavab vermir. Bu vəziyyətdə isə xəstələrin nazirliyə inamından, onlara etibarından necə söz salmaq olar, bu maraqlıdır. L.Bayramova qeyd edib ki, videokadra düşən həkim, tibb bacısının məsuliyyətə cəlb edilib- edilməyəcəyi ilə bağlı öncədən heç bir açıqlama verə bilmərik.

L.Bayramova əslində səhiyyə sahəsində bu cür analoji hadisələrin nadir hallarda baş verdiyini deyir: “Bu vaxtadək bizim təcrübəmizdə çox az belə arzuolunmaz hal müşahidə edilib”. Məsələ ilə əlaqədar ötən gün və bu gün ərzində dəfələrlə Ağdaş Rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. Xəstəxanadan bildirilib ki, müdiriyyət məzuniyyətdədir. Baş həkimin köməkçisi Mustafa Əfəndiyevlə də əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı. Xəstəxanadan bildirilib ki, müdriyyət məzuniyyətdədir və suallar ancaq rəhbərlik işə qayıtdıqdan sonra cavablandırıla bilər. Bu gün isə nazirliyin mətbuat katibi L.Bayramova bu faktla bağlı rəhbərliyi məlumatlandırdığını, bir neçə saatdan sonra informasiya verəcəklərini deyib.

Nigar Məhərrəm
Tarix: 12-02-2017, 20:56
Xəbəri paylaş





Xəbər lenti