Prezidenti tənqid edən köçkünün həbs olunduğu deyilir

Prezidenti tənqid edən köçkünün həbs olunduğu deyilir Sərhəd Əliyev

Bir neçə gün əvvəl sosial şəbəkələr üzərindən videogörüntü vasitəsilə ölkə başçısını tənqid edən məcburi köçkünün həbs olunduğu bildirilir. İsmayıllı rayonunda yaşayan Sərhəd Əliyevin polisə çağrıldığı, ardınca saxlanıldığı deyilir.

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb.


Onun bildirdiyinə görə, ölkə başçısını tənqid edən məcburi köşkünə 30 sutkalıq inzibati həbs cəzası veriblər. Hüquq müdafiəçisi deyir ki, S.Əliyevin İsmayılı polisində saxlanması prezidenti xaricdən internet üzərindən yayımlanan «Turan TV»də sərt tənqid etməsi ilə bağlıdır. Ancaq onun saxlanmasının detalları və rəsmən nədə günahlandırıldığı açıqlanmır.

Məcburi köçkünün həbsi xəbərlərini siyasilər narahatlıqla qarşılayıblar.

AXCP sədri Əli Kərimli deyib ki, ölkənin sərvətlərindən öz haqqını cəsarətlə tələb edən məcburi köçkünü 30 sutkalıq həbs etdilər. «Sərhəd Əliyev nəinki nazirləri, İlham Əliyevin özünü də sərt tənqid etmişdi. Onun çıxışı sosial şəbəkələrdə geniş rezonans yaratmışdı. Onu həbs etdilər ki, başqaları da qorxsun və haqqını tələb etməsin», - deyə AXCP sədri bildirib.

S.Əliyevin yaxınları onun həbsi ilə bağlı hər hansı açıqlama verməyib.

İsmayıllı rayon Polis İdarəsindən də olayla bağlı şərh almaq mümkün olmayıb.

Ağdam rayonundan köçkün olan Sərhəd Əliyev videomüraciətində sosial müavinət ala bilməməsindən narazılıq edərək prezidenti tənqid etmişdi. «Siz müşavirədə nazirlərə barmaq silkələyirsiniz. Ancaq sonra vəziyyət dəyişmir. Dovşana qaç tazıya da tut deyirsiniz. İlham Əliyev islahata özünüzdən başlamalıdır», - deyə o vurğulayırdı.
Tarix: 16-02-2017, 15:24
Xəbəri paylaş





Xəbər lenti