“Dilim-dilim olmasın ana dilimiz”

“Dilim-dilim olmasın ana dilimiz” Çox dil bilmək yaxşı şeydir. Hansı ölkəyə istəsən gedə bilirsən, müxtəlif insanlara ünsiyyət qurmaq imkanı əldə edirsən və sair. Heç kəsə irad tutmaq olmaz ki, bəs filankəs ingilislə ingiliscə danışırdı. Poliqlotlarımızın sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Amma mən onlardan danışmayacağam, bir az geriyə qayıdacağam. İndiki müstəqil Azərbaycan 70 il SSRİ adlı bir imperiyanın tərkibində olub. Sovet Azərbaycanı adlanan bu respublikanın paytaxtı indikindən çox fərqli idi. Başqa millətləri demirəm, düşmənimiz olan ermənilər Bakıda at oynadırdı. Çoxlu da rus məktəbləri vardı. Təbii ki, bu bizdən asılı olan məsələ deyildi. Moskva nə istəyirdi, onu da edirdi. Düzdür, həmin dövrdə məktəblərdə ingilis, fransız və alman dilləri də fənn kimi tədris olunurdu. Bakıda hazırda da fəaliyyət göstərən Xarici Dillər İnstitutu vardı. Amma nə fayda? Şagirdlərin bu dilləri öyrənməyə heç bir marağı yox idi. Bir də ki, bu dilləri harada işlədəcəkdilər ki? Xalqın əl-ayağını, sərhədləri də qıfıllayıb, açarını da götürmüşdülər əllərinə. Nə isə. Olan-oldu, keçən-keçdi.



O zamanlar maraqlı bir tendensiya vardı. Kim ki Bakıya rayonlardan gəlirdi adını qoyurdular “çuşka”. Bunlar o kəslər idi ki, yalnız öz ana dillərində oxumaq və yazmağı, danışmağı bacarırdılar. Bəs necə olurdu ki, bir ölkənin rayonundan şəhərinə üz tutan eyni millətin nümayəndəsi dönüb olurdu “çuşka”? Nədi-nədi, rus dilini bilmir. Bakının “sovet kübarları” bunları heç cür qəbul etmək istəmirdilər. Axı onların öz qayda-qanunları vardı. Erməni ilə rusla evlənmək şan-şöhrət və kariyera sayılırdı(sevgi amili çox vaxt rol oynamırdı).Dünyada siyasi, iqtisadi və mədəni cəhətdən geridə qalmış bir ölkənin “kübarları” ana dillərinə həqarətlə yanaşırdılar. Küçədə-bayırda və iş yerində demirəm, heç evlərində belə Azərbaycan dilini saya-saymırdılar, özlərini o günə qoymuşdular ki, vaxtilə rus əyanlarının “mujik” dili deyib ələ saldığı rus dilində danışmaqla lovğalanırdılar. İstər çar, istərsə də sovet dönəmi olsun, fərqi yoxdur, Azərbaycan paytaxtında rus dili elit dili sayılıb. Tarixdəsə elə dönəm olub ki, rus kübarları belə öz dillərində danışmaqdan utanıblar. Fransız dili ailələrinə, saraylara hakim kəsilib. Biz heç o vaxtlar da doğma dilimizə ürəkdən yanaşmamışıq. Bir hissəmiz fars dilinə, bir hissəmiz rus dilinə, bir hissəmiz də ərəbcəyə üstünlük vermişik. Sovet dönəmində isə bu üçündən yalnız biri qaldı- rus dili.



Mən heç də rus dilini bilməyin əleyhinə deyiləm. Bu dildə oxumuş, amma ana dilində gözəl əsərlər yaratmış saysız-hesabsız ədiblərimiz var. Qori seminariyasından çıxmış, Sankt-Peterburq məktəbini keçmiş ziyalılarımız çoxdur. Rus dilində yazan, amma doğma dilində səlis danışan Çingiz Abdullayev kimi yazıçılarımız da var. Buna normal yanaşıram. Amma bu o demək deyil ki, kimsə ruscanı bilmirsə səviyyəsi aşağıdır, “çuşka”dır. Yaxşı xatırlayıram, Sovetlər Birliyi zamanı ordu sıralarında rus dilini bilmədiyimizə görə nə qədər təhqir olunmuşuq. İnsanın da özgə dilini bilmədiyinə görə mənliyi alçaldılarmı? Amma bir şeyi də qeyd etməsəm olmaz. Sovetlər Birliyi dönəmində də ingilis dili beynəlxalq ünsiyyət dili idi, bu gün də belədir. İndi görün, həmin illərdə Azərbaycan paytaxtında rus dilində danışmaqla lovğalananlara azad ölkələrdə necə baxırdılar- yəqin ki, “çuşka” kimi. Məndən inciməyin, dil ayrı-seçkiliyi aparmıram, mən ana dilimin davasını aparıram. O davanı ki, əvvəl də ehtiyac vardı, indi də.



Müstəqil Azərbaycanda çox şey dəyişib. Yazı-pozu da, danışıq da, demək olar ki, Azərbaycan türkcəsindədir. Bu da asanlıqla başa gəlməyib. Yaxşı xatırlayıram. Mərhum prezidentimiz Heydər Əliyev keçirdiyi müşavirələrin birində sabiq müdafiə naziri Səfər Əbiyevi rusca çıxış etdiyinə görə ciddi qınaq mənbəyinə çevirdi və ona Azərbaycan dilini öyrənmək üçün altı ay vaxt da verdi. Sonralar mətbuat yazırdı ki, sabiq nazir özünə müəllim də tutubmuş. Belə məmurlarımız çox idi. Elə indinin özündə də yarı azərbaycanca, yarı urusca qarmaqarışıq bir dildə danışan rəsmilərimiz, rusca bilməyənləri işə götürməkdən imtina edən vəzifəlilərimiz var. Uzağa getmirəm. Dağlıq Qarabağ problemi ilə ciddi məşğul olan və hamının tanıdığı bir millət vəkili həm də böyük ictimai təşkilatın rəhbəridir. Onun bu qurumda işləyən baş mühasibi isə milliyətcə rusdur. Adını da bilirəm. Bəlkə də inanmazsınız, bu mühasib Azərbaycan dilini başa düşsə də, bu dildə heç vaxt danışmır. Mən onun bazarda şorsatanı başa salmaq üçün tərcüməçi gətirdiyinin şahidi olmuşam. Bəli, dilimizə belə nifrət edənlər hələ də qalıb. İkinci məsələyə də toxunum. Rusiya Federasiyasının qanunvericiliyinə görə, bu ölkəyə gedən miqrantlar dildən, tarixdən və bəzi qanunlardan imtahan verməlidirlər. Bir neçə gün öncə Dərbənd şəhərində saxlanılan azərbaycanlı miqrantlara bunu açıq şəkildə yenidən başa saldılar. Miqrantın işləməyə getdiyi ölkənin dövlət dilini bilməməsi eyib deyil. Lakin Azərbaycanın vətəndaşı olasan, bu dövlətin dilini bilməyəsən və haradasa işləyəsən bu rüsvayçılıqdır. Bir neçə dəfə telekanallarda Gürcüstan azərbaycanlılarından bəhs edən reportajlara baxmışam. Məlum oldu ki, Borçalı mahalında yaşayan bizimkilərin bəziləri gürcü dilini bilmirlər. Yaxşı hal deyil, qınanılası vəziyyətdir. Hər bir insan gərək vətəndaşı olduğu ölkənin dilini və qanunlarını bilsin.



Azərbaycan çoxmillətli dövlətdir. Bizdə müxtəlif millət və xalqların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların bəziləri ana dillərində təhsil alırlar, kitab-qəzet də buraxırlar. Bu dövlətin apardığı milli siyasətin nəticəsidir. Mən bunu normal qarşılayıram. Əgər hər hansı bir etnik qrupun nümayəndəsi öz doğma dilinə etinasız yanaşırsa onun Azərbaycan dilinə sevgisinə inanmaq çətindir.



Hazırda başqa problemlə üzləşmişik. Adətimizdən əl çəkmirik. İndi ingilis dilini bilməyib rusca danışanlara “çuşka” deyirlər. Lazım oldu-olmadı Bakının küçələrindəki reklam lövhələrindən tutmuş obyektlərin adlarını ingilis sözləri ilə bəzəmişik. Başa düşürəm, yeni əsr texnologiyalar əsridir. Ona görə də, dilimizə yeni sözlər daxil edilməlidir. Amma yerli-yersiz hər yerdə ingiliscə yazmaq dilimizə hörmətsizlikdən başqa bir şey deyil. Mən hələ evlərində yalnız ingilis dilində danışanları xatırlatmıram, onlar da az deyil. Belələri ana dillərində sındıra-sındıra danışmaqla öz dilimizə az qala həqarətlə yanaşırlar. Hələ xaricdə yaşayan bəzilərimizi demirəm. Elələri var ki, beş-altı ildən sonra ölkəyə qayıdanda açıq-aşkar deyirlər ki, guya dili yaddan çıxarıblar. Bu arada yadıma Xaçmazın kəndlərinin birində baş vermiş hadisə düşdü. İkinci Dünya müharibəsindən qayıdan gənc azərbaycanlı gəlir evlərinə. Gecəni yatır, səhər yuxudan duranda çəkmələrini tapa bilmir. Anasının üstünə qışqırır ki, “Qde moyi sapoqi?”. Anası da başlayır başına-gözünə döyüb ağlamağa ki, balam dilini yadından çıxarıb. İnanın, olmuş əhvalatdır.



Bəli, inglis dilini bilmək gərəklidir. Dünyanın harasına getsən, çulunu sudan çıxara bilərsən. Bir də ki, bu dil mötəbər beynəlxalq tədbirlərin dilidir. Heç kim bunu dana bilməz. Amma bu o demək deyil ki, ana dilimiz bizlərə yadlaşmalıdır. Axı bizim dilimizə nə gəlib ki? Özbəyi də, qazaxı da, türkməni də, tatarı da, qırğızı da, uyğuru da, başqırdı da və digər türkdilli xalqları asanlıqla başa düşürük. Çünki eyni dil qrupuna mənsubuq. Mən hələ İranın cənubunda yaşayan 30 milyondan çox azərbaycanlını, İraq və Suriya türkmənlərini demirəm. Az qala eynilə bizim kimi danışırlar. İndi görün dilimiz dünyada nə boyda coğrafiyanı əhatə edir? Deyilənə görə, 300 milyona yaxın insan türk dilində danışır. Doğrudur, hərənin öz türkcəsi var. Lakin bu dil bariyeri yaratmır. Bəlkə elə bununla qürurlanaq?



Mən öz ana dilimi bütün dillərdən üstün tuturam və bu dillə fəxr edirəm. İstəyirəm ki, bizdə də milli zadəganlıq yaransın, dilimiz onun zinətinə çevrilsin. Öz aramızda yad dillərdə danışmayaq, yad dilləri öyrənək. Qoymayaq ki, dilim-dilim olsun ana dilimiz.



Qeyd: Əziz oxucular! Böyük yazıçımız Mirzə Cəlilin “Ana dili” felyetonunu da sizlərə təqdim edirəm. Bu felyotonun yubileyidir- 110 yaşı tamam olub. Gəlin, bir də oxuyaq. Sadəcə oxumayaq, oxuyub düşünək. 110 ildə çoxmu dəyişmişik?



Müqəddəs Mehdiyev



“Şimal xəbərləri” qəzetinin baş redaktoru




Ana Dili
Hərdən mənim xəyalıma bir belə şey gəlir:

Mən universitet, yəni darülfunundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.

Qazı içəri girən kimi mən yeridim və dedim: “Salam məleyk”. Cənab qazı mənə cavab verdi: “Ay əssalamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzacı-mübarəkləri salimdir”.

Mən bir şey başa düşməyib dedim: “Da”.
Cənab qazı bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?”

Mən genə bir şey başa düşməyib dedim ki, “Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz”.
Axund soruşdu: “Necə?”
Mən dedim: “Çto?”

Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim”.
Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”.

Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili!”

Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin”
27 yanvar, 1907, N 4
Siam.az
Tarix: 19-02-2017, 00:29
Xəbəri paylaş





Xəbər lenti