Mənim cibim bankomat deyil

Mənim cibim bankomat deyil Sizə nədən deyim “Kapital bank”ın 196 saylı “qaynar xətt”indən. Bu xətt o qədər qaynardır ki, adamın başına tökülüb yandırmağı o yana dursun, telefondan çəkdiyi konturlar adamı “cız” eləyərək yandırır.

Yanvar ayının maaşı hələ ki, gecikir, indi fevralın ortasıdır, bankomatlar “yox” deyib kartları geri qaytarır. Elə mənim maaş kartım da bu gecikmənin qurbanı oldu. Bir gündə kartı “Kapital bank”ın bankomatına o qədər salıb çıxardım ki, axırda düşdü bloka. Necə ki, maaş blokdaydı, kartım da getdi onun yanına. Ürəyim darıxmağa başladı. Elə bilirdim ki, indicə maaşı vurdular. Ancaq neyləyim kartım blokun məngənəsində can verir.


Bir yaxın dostum var, dedi ki, narahat olma, yığ “Kapital bank”ın 196 saylı “qaynar xətt”ini, dərdini danış, kartını blokdan çıxarsınlar. Sevindiyimdən bilmədim neyləyim. Çünki “Kapital bank”ın ofisində növbə kağızı götürüb gözləməkdən zəhləm gedir. Nə olsun ki, hər yerə reklam yapışdırıblar ki, sürətli pul köçürmələri ancaq “Kapital bank”da. Hələ də belə yazırlar: “Sizin bankınız “Kapital bank”. Başıma çox gəlib. Burda pul köçürmək və ya almaq az qala yarım gün çəkir. Sürət-zad, keyfiyyətli xidmət yoxdur. Keçən ay adımda olan pulu almaqdan ötrü o qədər növbə gözlədim ki, yalan olmasın, Cingiz Abdullayevin 232 səhifəlik romanını oxuyub qurtardım. Bu da bizim bankımızın sürəti və xidməti.

Ona görə dostum 196 saylı “qaynar xətt”i mənə deyəndə, Allaha şükür elədim ki, canım “Kapital bank”ın növbəsindən qurtardı. Deyir, sən saydığını say, gör fələk nə sayır. Sən demə, “Kapital bank”ın yekəsi elə bu 196 rəqəminin içindəymiş.

Xəlvət bir yerə çəkilib mobil telefonumla 196-nı yığdım. Gözəl bir xanım səsi əsəbləri daralmış qulağımı oxşamağa başladı. “Salam. “Kapital bank”ın məlumat mərkəzinə xoş gəlmisiniz. Nəzərinizə çatdırırıq ki, müştərilərilərimizə göstərdiyimiz xidmətin keyfiyyətini artırmaq məqsədilə bütün danışıqlar qeydə alınır. Sizi operatora bağlayırıq: - dud - dud – dud. Bağışlayın, bütün operatorlar məşğuldur”. Bununla da danışıq bitir. Baxıram ki, 5 qəpiyim getdi. Yaxşı ki, hələ bunun ingilscəsi və ruscası yoxdur. Dedim, 5 qəpik cəhənnəmə, təki növbə məsələsi olmasın, işim düzəlsin. Yenə yığdım, yenə həmin vəziyyət, yenə 5 qəpik getdi.

Növbəyə durmaq gözümü necə qorxudubsa, yenə havaya bir “cəhənnəm” sözünü üfürüb 196-nı yığdım. Yenə operatorlar məşğul, yenə 5 qəpik. “Qaynar xətt”dən başınma nətər qaynar su töküldüsə, yalan olmasın, düz 5 dəfə ah çəkdim. Dedim, bu nətər keyfiyyəti artırmaqdır ki, artıq mənim düz 3 manata yaxın pulum gedib, hələ ortada bir iş yox. O saat barmağımı dişlədim, dedim, sən öl, adı “Kapital” olan bank burda da pul tutur. Evə çatana kimi düz 7 dəfə yığdım. Yenə operatorlar məşğul, 5 qəpiklər də az qala suya tökdü, bir ucdan axır “Kapital bank”ın kassasına. Yenə yığdım, bu dəfə qız dedi ki, artıq siz növbədə səkkizincisiniz. Lap qızışdım. Tez – tez yığdım ki, araya adam girməsin. Sən demə, bu da bir tələ imiş. 4 manat gedəndən sonra qız dedi ki, sırada doqquzuncusunuz. Daha konturum qurtardı. Keçdim ev telefonuna. Bir 5 manat da ev telefonun ayağına yazdırdım.

Operatorlar mənə cavab vermədi.

Düz 3 gün ardıcıl yığandan sonra operator dilləndi ki, buyurun. Dedim, sizin keyfiyyətli danışıq xidmətiniz budur? 3 günə 20 manatlıq konturum gedib. Qız insafən dinmədi. Problemi qısaca danışdım. O da guya düzəltdi. Sonra əlavə elədi ki, bu düzəlişin haqqı 3 manatdır, maaşınızdan çıxılacaq. Yanıb töküldüm.

Bu gün təzə kodla kartı bankomata saldım. Hələ ki, maaş yoxdur. Baxdım ki, mənim burda da “Kapital bank”a 3 manat borcum var. O işarə belə olur: - 3. Adında “kapital” sözü olan bu banka mən nə deyim? Bildiyimə görə, heç bir təşkilatın “qaynar xətt”i ödənişli deyil.

Özün ölkənin ən böyük bankı olasan “qaynar xətt”in də pullu ola, adi bir texniki səhin düzəlməyi üçün al atıb vətəndaşın cibindən 20 manat çıxardasan.

Hirslə ürəyimdə pıçıldadım: mənim cibim bankomat deyil, “Kapital bank”!
Tarix: 19-02-2017, 22:45
Xəbəri paylaş





Xəbər lenti