Məhkum olunmuş şəxsə 10 kilo marixuananı satmış Fəxrəddin kimdir?

Məhkum olunmuş şəxsə 10 kilo marixuananı satmış Fəxrəddin kimdir? Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 47 yaşlı Elşən Musayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İttihama görə, Elşən Musayev 9 yanvar 2016-cı ildə Bakının “Kubinka” adlanan ərazisində istintaqa məlum olmayan şəxsdən 10 kiloqram qurudulmuş marixuana alaraq özündə saxlayıb. Ertəsi gün Nəsimi rayonu, Q.Quliyev küçəsi, 8 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilən Elşən Musayevin üzərinə baxış keçirilib. E.Musayevə məxsus çantanın işərisindən 10 kiloqran kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış E.Musayev məhkəmə prosesi zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib, günahsız olduğunu deyib.

Təqsirləndirilən şəxs qismində dindirilən Elşən Musayev istintaqa verdiyi ifadəsində işləmədiyini, ailəsini dolandırmaq üçün fəhləlik etdiyini, qazandığı pulların bir qismini ailəsinə, digər qismini isə narkotik vasitələrə xərclədiyini göstərib: “Üzdən narkomana oxşayırdım deyə, heç yerdə iş tapa bilmirdim. Narkotik almaqdan ötrü dost-tanışa ağız açırdım. Gün ərzində bir neçə dəfə narkotik vasitəni iynə yolu ilə qəbul edir, ya da çəkirdim. Çoxlu borc almışdım, qaytara bilmədiyimə görə utanırdım”.
Məhkum olunmuş şəxsə 10 kilo marixuananı satmış Fəxrəddin kimdir?


E.Musayevin ifadəsinə görə, narkotik almağa pulu olmadığı üçün narkotik vasitələrin satışı ilə məşğul olmağı qərara alıb. Özlüyündə araşdırma da aparıb. Heroini alıb-satmağın çətin olduğunu görüncə, qurudulmuş marixuananın satışı ilə məşğul olmağa başlayıb. Tanış-bilişdən 1000 manat topladıqdan sonra həbsxanada cəza çəkən dostlarından haradan və kimdən yaxşı marixuana əldə edə biləcəyini soruşub. Türmədəki tanışları ona “Kubinka”ya getməyi, Fəxrəddin adlı şəxsi tapıb onunla alver etməyi məsləhət görüblər: “Fəxrəddində yaxşı narkotik olduğunu dedilər. Nömrəsini istədim, vermədilər, dedilər, get “Kubinka”ya, orada tapacaqsan. “Kubinka”ya gəlib Fəxrəddini tapdım. Satmaq üçün 10 kiloqram marixuana lazım olduğunu dedim. Birlikdə maşın qarajına gəldik. Fəxrəddin qarajın yaxınlığındakı dərəyə enərək əl çantası ilə qayıtdı. Qarajda ikimizdən başqa heç kim yox idi. Fəxrəddin marixuananı tərəziyə qoyub çəkdi”.

Təqsirləndirilən şəxs ifadəsində 10 kilo marixuana üçün Fəxrəddinin ondan 1500 manat istədiyini deyib. O, marixuananı “yoxlamaq” üçün siqaretin içinə doldurub çəkməyə başlayıb. Fəxrəddinə “sən dediyin məbləğə dəyməz, verdiyi “kayf” güclü deyil” dedikdən sonra 1000 manata razılaşıblar. Pulu verib, malı götürüb, “Kubinka”nı tərk edib: “Marixuananı xırda təpə olan bir ərazidə gizlətdim. Axşam evdə fikirləşirdim ki, narkotiki gizlətdiyim yerdən götürüb başqa yerdə saxlayım. Sonra da dost-tanışa xəbər salıb yavaş-yavaş satmağa başlayım. Ertəsi gün narkotiki gizlətdiyim yerdən götürüb üzü şəhərə tərəf gələndə bir neçə mülki geyimli şəxslər mənə yaxınlaşdılar, polis əməkdaşları olduqlarını dedilər. Müqavimət göstərmədim. Məni Nəsimi Rayon Polis İdarəsinə gətirdilər. İki nəfər hal şahidinin iştirakı ilə üzərimə baxış keçirildi. Çantanın içərisindəkinin marixuana olmasını etiraf etdim”.

Məhkəmənin hökmü ilə Elşən Musayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı
Tarix: 10-06-2017, 13:46
Xəbəri paylaş





Xəbər lenti