“Acgöz məmurlar gəncləri ölkədən didərgin salır”- MÖVQE

“Acgöz məmurlar gəncləri ölkədən didərgin salır”- MÖVQE Abdulhüseyn Ələkbərov: “Qohumbazlıq edirlər, nəticədə istedadlı və təcrübəli kadrlar kənarda qalır”

“Bu gün bir çox sahələrdə qanunlar yazılsa da praktik cəhətdən işlər ya görülmür, ya da yox səviyyəsindədir.Hər kəsə məlumdur ki, gənclərin sosial hüquqlarının qorunmasında kifayət qədər ciddi problemlər yaşanır”. Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında ictimai fəal, Abdulhüseyn Ələkbərov gənclərin sosial hüquqlarının təmin olunmasında yaşanan problemlərdən danışarkən deyib:

“Bu gün müəyyən social-iqtisadi islahatlar aparılır. Görülən işlərin hesabatı kimi hökumətin məlum qurumları ictimaiyyətə rəqəmlər açıqlayırlar. Lakin sosial şəbəkələrdə və KİV-də yazılanlardan görünür ki, ölkədə hələ müəyyən narazılıqlar var. Hökumətin açıqladığı rəqəmlərin şişirdirildiyi qeyd olunur. Bu gün əhali, xüsusən gənclər narazıdır.Narazılıqlar daha çox gənclərin işsizlik və evsizlik problemləri ilə bağlıdır.Əlbəttə ki, cəmiyyətin normal inkişafı üçün gənclərə önəm verilməli, istər dövlət, istərsə də, özəl müəssisələrdə onların potensialından istifadə olunmalıdır. Lakin sorğularda iştirak edən tələbələr, eləcə də gənclər bu gün iş tapmağın heç də asan olmadığını bildirirlər. Onlar bu problemi belə izah edirlər: “Hətta savadın olsa belə, yuxarı təbəqədə məmur tanışın olmasa heç bir yerdə işləmək imkanın ola bilməz””.

Abdulhüseyn Ələkbərov hesab edir ki, məmurların öz tanış və qohumlarını ətrafına cəlb etməsi ilə həmin vakansiyalar üzrə savadlı və təcrübəli kadrlar avtomatik olaraq kənarda qalır. Acgöz, yerlibaz və qohumbaz məmurların “kreslo sevdası”na görə öz komandasına yalnız tanışlarını yığması təmsil etdiyi qurumun fəaliyyətini bəribaşdan fiaskoya uğradır:

“Deməli, hökumət islahatlarla yanaşı məmurların fəaliyyətini nizama salan mexanizmini də işə salmalıdır. Bu kimi məsələlərin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olsa da, nəticə ürəkaçan deyil. Bunu daha çox nazirliyin rayonlarda fəaliyyət göstərən şöbələrində işsizlərə göstərilən etinasız münasibətdə də görmək olar. Bu kimi neqativ hallar gənclərin kütləvi şəkildə xarici dövlətlərə üztutmasına səbəb olur. Bu da gələcəkdə demoqrafik problem yaradacaq, işçi potensialının, eyni zamanda savadlılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq”.

“Cümhuriyət”
Tarix: 20-06-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti