Vaqif Əsədovun villasından çıxan acı həqiqətlər

Vaqif Əsədovun villasından çıxan acı həqiqətlər Əli ORUCOV

“İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var? Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir”.
Bu seçmələr Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun milyonluq villasının olması ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlara münasibət bildirərkən dedikləridir. Yüksək rütbəli bu DİN rəsmisinin olay yaradan “villa”sı ətrafında aparılan araşdırma və açıqlamalar ölkədəkı acı həqiqətləri bir daha çılpaqlığı ilə ortaya qoydu.


Mən hər bir azərbaycanlının və Azərbaycan vətəndaşının Vaqif Əsədov kimi tam təminatlı və yüksək səviyyədə yaşamasını istəyən şəxsəm. Lakin nə yazıq ki, belə şəraiti Vaqif Əsədovun dediyi kimi 15 illik ictimaiyyətlə əlaqələr şöbəsində çalışması ilə əldə etmək qətiyyən mümkün deyil. Ya oğurluq etməlisən, ya vətəndaşların cibinə girməlisən, ya dövlət əmlakının talan edilməsindən pay almalısan və s. Yoxsa ayda maksimum 1500-2000 manat maaşla belə möhtəşəm villada krallar kimi yaşamaq ancaq nağıllarda ola bilər. Vaqif müəllim hələ özünün dediyi kimi vacib fiqur deyil, xırda, özü də çox xırda məmurdu. Ədalət naminə deyim ki, başqalarına nisbətən dəbdəbəli həyatını cəmiyyətin gözünə soxmayıb, nə övladları, nə də yaxınları bahalı avtomobilləri, qlamur həyat tərzləri ilə özlərini reklam etməyiblər. Şəxsən mən eşitməmişəm və görməmişəm. Bildiyim qədər də mətbuat nümayəndələrinə hörmətlə yanaşıb, xahişlərinə biganə qalmayıb. Bunlar ayrı. Mənim toxunacağım məsələ tamam ayrı.

Bir müddət əvvəl MTN-lə bağlı məsələdə “metro” Tağı Əhmədovun da 3 milyon pulunun alındığı ortaya çıxdı. Sabiq metropoliten rəisi bu pulları 30 illik əmək fəaliyyəti ilə əldə etdiyini dedi. Bu boyda yalana və talana hüquq-mühafizə orqanları heç bir reaksiya vermədi. Niyə? Çünki sistem belə qurulub. Normal ölkələrdə “metro Tağı” indi dəmir barmaqlıqlar arasında idi. Qanunların işlədiyi ölkələrdə biznes fəaliyyəti qanunla qadağan edilən dövlət məmurlarında bu qədər pul, vəsait, mal-mülklər, avtomobillər ola bilməz.

Yüksək vəzifələrdə çalışan məmurlar bilirlər ki, onların nə zamansa haqq-hesaba, mizan-tərəziyə çəkiləcəkləri vaxtlar olacaq. “Oğrudan-oğruya halaldır” prinsipi ilə yaşanılan ölkədə onların haram və qanundan kənar yollarla topladığı sərvətin yağmalanmayacağına təminat yoxdur. Ona görə də, təkcə Vaqif Əsədov deyil, digərləri də burda əyri yollarla ələ keçirdikləri vəsaiti xaricdə sərmayə qoyub, özlərinə iş qurublar, obyektlər alıblar. Baxın, gecə-gündüz xalqa qayda-qanundan ağızdolusu danışan, cəmiyyətə az qala qanun dərsi keçmək istəyən hüquq-mühafizə orqanının məsul bir əməkdaşının qanunlara və Prezidentin çağırışına münasibəti hansı səviyyədədir. Birincisi, yuxarıda da qeyd etdiyim kimi, məmur olaraq biznes fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, bizneslə məşğul olur. İkincisi isə, üstəlik sərmayəni öz ölkəsinə deyil, xaricə qoyur. Halbuki, Prezident İ.Əliyev ölkəyə sərmayə yatırılması üçün dəfələrlə çağırışlar edib.

SOCAR, Nəqliyyat, Yüksək Texnalogiyalar və Rabitə Nazirliyinin, “Azərsu”, Kənd Təsərrüfatı, Dövlət Kömrük Komitəsi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və s. kimi dövlət qrumlarının talançılığı və soyğunçuluğu ilə müqayisədə Vaqif Əsədovun “xidmətləri və fəaliyyətləri” dəryada bir damladır. Məmur özü haqda deyir ki, “Vaqif Əsədov tövlədə yaşamalıdr?!” Əlbəttə yox! Amma 10 milyon əhalisi olan Azərbaycanda yüzminlərlə vətəndaş tövlədən o qədər də fərqlənməyən şəraitdə və hüquqsuz vəziyyətdə yaşayır axı!

Diqqət yetirin, Azərbaycanın dovlət məmurunun tipik nümayəndəsinin, çiyinlərində rütbə gəzdirən hüquq-mühafizə orqanının məsul əməkdaşının dilindən çıxanlara: “Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir.”

İqtidarın orda-burda axtardığı “beşinci kolon”un nümayəndəsi, budur, o, hələ də vəzifə başındadır. Onu yaşadan Azərbaycan xalqı deyil, Rusiya və başqa ölkələrdir. Hakimiyyətdə yüksək post tutanların böyük qismi Vaqif Əsədov düşüncəsindədir və onun sahib olduğu dəyərləri bölüşürlər. “Evim var, yenə də ev istəyirəm” deyən Vaqif Əsədov, “bunlar yeyib doyub” deyən insanlara da daha bir ibrət dərsi verdi.
Tarix: 21-06-2017, 03:34
Xəbəri paylaş





Xəbər lenti