Azyaşlı qızları hicaba bürüyən dinsiz dindarlar: İlahiyyatçı yazır

Azyaşlı qızları hicaba bürüyən dinsiz dindarlar: İlahiyyatçı yazır Hicab savadsızlıqla bahəm irəliləyir, elmlə, tərəqqiylə yox Bəzən, ənənəvi-xurafatçı, gerilikçi və xurafatçı "dindar və ruhanilər"dən fərqli, yeni, müasir, faydalı fikir söyləyəndə adamı ya ateistliklə, yaxud da heç aidiyyatın olmayan dini cərəyanlara meyil etməklə ittiham edirlər. Hicab İslamda buyruqdur. Həddi-buluğa çatan qadınlar üçündür. Ancaq 3-cü sinif şagirdi görürəm ki, bürüyüblər. Hətta valideynləri bu qızcığazları məktəbdə və ya digər yerlərdə keçirilən tədbirlərə qoymurlar getməyə. Əksər hallarda da 6-7-ci sinifdən çıxardıb evdə "dustaq" edirlər. Həmin uşaqdan kəlmeyi-şəhadəti soruşursan, bilmir. İmamların adını soruşursan, bilmir. Namazı soruşursan, qılmır. Ancaq körpənin başını bağlayıblar. Məsələ odur ki, hicab savadsızlıqla bahəm irəliləyir, elmlə, tərəqqiylə yox. Qərbçilər də buradan nəticə çıxardırlar ki, dini ayinlər və hicab insanı geridə qoyur. Keçmişdə mollalar, əsasən Sabirin tənqid etdiyi dönəmlərdə, qadının məktəbə getməsinin ona görə əleyhinə olublar ki, qadın dərs oxusa, savadlansa onu istismar etməkdə çətinlik çəkəcəklər. Hər dediklərinə qadın baş əyməyəcək, öz fikri, azadlıq tələbi olacaq. Dini atributlar, ayinlər, dindarlıq, saqqal-hicab kimi məsələlər insanın daxilən zənginləşməsi və savadlanması, dünyaya açılışmasına sərhəd kimi təqdim edilməməlidir. Peyğəmbər Məkkə müşrikləri ilə müqavilə bağlayarkən İmam Əliyə diktə edib yazdırdığı müqavilə sənədinin başında "Bismilləhirrahmənirrahim" yazarkən qarşı tərəf etiraz etdi və dedilər ki, əgər biz Rəhman və Rəhimi tanımırıq. Peyğəmbər buyurdu ki, ya Əli eləcə "Bismillah..." yaz. O da yazdı. Sonra Peyğəmbər diktə etdi:.. Allahın Elçisi Muhəmmədlə filankəslər arasında müqavilə... Məkkəlilər yenə etiraz etdilər ki, biz sənin Allah Elçisi olduğunu qəbul etsəydik, daha niyə savaşırdıq ki?.. Peyğəmbər İmam Əliyə dedi: yaz ki, Abdullahın oğlu Muhəmmədlə Məkkə rəisləri arasında müqavilə...Bu misalları ona görə çəkdim ki, hər zamanın, hər yerin özünə uyğun tələb olunan hökmü vardır. Bəzi müsəlman və islam ölkələrində qadınları şəriət qaydalarına uyğun uşaq yaşda evləndirirlər. Yəmən, Səudiyyə, Mərakeş və digərlərində... Bəli, belə ölkələrdə həddi-buluğ və evlənmənin ən erkən yaşı həmin dövr götürülürsə, orada qızların o yaşda örtünməsi vacib olur. Çünki artıq o yaşda onları ərə verirlər. Demək onlara kimsə alıb-evlənmək gözü və niyyəti ilə baxa bilir. Ancaq bizdə həmin yaş evlilik və ərə getmə yaşı və dövrü deyil ax... Xaricdə təhsil alıb gələn ruhani və dindarların bəziləri həmin ölkənin islam modelini, həmin ölkənin adətlərini də özləri ilə gətirib aşılayırlar. Hətta ləhcələri də dəyişir. İranda təhsil alan dindarlar Ərdəbil ləhcəsində, ərəb və fars sözləri ilə, cümlələri izafə ilə ayaqdan başa deməklə danışırlar. Səudiyyədə təhsil alanlar ərəblər kimi tələsik və sürətli danışıqla bədəvi ləhcəsində hətta müqəddəslərin adlarını və səhabələrin adlarını da Azərbaycan dilinin qrammatikasına müxalif olaraq ərəbcə tələffüz edirlər. Sələfilər Peyğəmbərin adı çəkiləndə (ona və əhlinə salam olsun) sözünü təhrif edərək "sallallahu əleyhi və alihi və səlləm" əvəzinə, mənasız şəkildə "salsəlləm" deyirlər ki, bu da cahil və çöl ərəblərinə məxsus qısaltmadır. Xalqımızın adəti və milli ənənəsi, əxlaqi dəyərləri yerindəcə saxlansa heç bir qıraqdangəlmə adətə ehtiyac yoxdur. Dinimizi və dini dəyərlərimizi daim xalq olaraq yaşatmışıq və saxlamışıq. Körpə uşaqları həddi-buluğa çatmamış hicaba bürümək və başqa şagird yoldaşlarından ayrıseçkiliyə məruz qoymaq, onları pisikdirmək, qadağalar içində sıxmaq özü bir günah işdir. Bizdə evlənmə yaşı 9 deyil ki, sən bu yaşda uşağı bürüyürsən. Ağıl, savad, təhsil, elm, dünyagörüşü, mədəniyyət, əxlaq, tərbiyə kimi xüsusları kənara atıb qız uşaqlarını gələcəkdən, dünyəvi dövlətin gələcək ictimai işlərindən məhrum etmək qədər böyük günah ola bilərmi? Bəziləri elə düşünür ki, günah ancaq araq içməmək, qeybət etməmək, zina etməmək kimi işlərdir. Əslində elə ictimai günahlar var ki, onu həmin şəxslər hər saat işlədir, ancaq fərqində deyillər. Bir vacibi ələ alıb, 50 vacibi qurban etmək olarmı? İmam Əli buyurmayıbmı ki, vaciblərə xələl gətirən müstəhəblərdən uzaq olun? Həddi-buluğa çatmamış uşağı bürümək vacibdir ya müstəhəb? Hicablı və ən son modalar üzrə geyinmiş qadınlar nəzərə çarpır ki, din o cür geyimin əleyhinədir. Hicabı buyurub ki, cəlb edilməsin, tez nəzərə çarpmasın ki, incidilməsin. Ancaq ətrinin qoxusu 100 metrdən gələn hicab əhli görürük bəzən. Əzaları büruzə verən, dar və cəlbedici qapalı geyimin nə mənası vardır? Xeyr, dinin əsas məqsədi və mahiyyəti hicab barədə namusu, irzi qorumaqdır. Moda ilə hoqqa çıxarmaq yox. Cəhalət qarşısında ən böyük sipər elmdir Elm ən böyük hicab deyilmi? Təhsil ən böyük qalxan deyilmi? Savadı, təhsili, elmi, dünyagörüşü olmayan avam qadın 7 qat hicaba bürünsə də o, mənfi niyyətlərdən və kor-koranə hücumlardan özünü qoruyub müdafiə edə bilməyəcəkdir. Bəzən aldadılacaq, bəzən ictimaiyyətdən tədric olacaq, bəzən depressiyaya düşəcək, bəzən də sınacaqdır. Niyə görə də hicablı qadınlar savadsız olmalıdır? Demək, hansısa təbəqə üçün qadının savadsız olması sərf edir ki, onu rahatlıqla istismar edə bilsin və o savadsız qadın sabah ondan haqqını, hüququnu tələb edə, məhkəməyə müraciət edə bilməsin. Bəli, var belələri. İstəyirlər, qadınlar savadsız və avam olsunlar ki, onların müdafiə çabaları olmasın. Bu yaramaz yoldur. Qızlarımız təhsil almalıdırlar. Savadlı olmalıdırlar. Evlərə qapadılmamalıdırlar. Mərhum Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açanda onu təzyiqə məruz qoyan "ruhanilər" indi də az deyil. Hesab edirəm ki, əsasən qız uşaqlarını hələ anlaqsız yaşındaykən din adı altında çürük maraqların qurbanına çevirmək, təhsildən, peşə sahibi olmaqdan yayındırmaq olmaz. Bu islam dinində də günahdır. Quranın ilk ayəsi "Oxu!" deyir, "Bürün" yox ! Tural İrfan Cebhe.info
Tarix: 22-06-2017, 21:06
Xəbəri paylaş





Xəbər lenti