“Hacıbala həbs olunmalıdır, dövlətə, prezidentə xəyanət etdiyinə görə...” - İTTİHAM

“Hacıbala həbs olunmalıdır, dövlətə, prezidentə xəyanət etdiyinə görə...” - İTTİHAM “Hacıbala müəllimin mənə qarşı etdiyi qanunsuzluqların, özbaşınalıqların sərhəddi yoxdur. Bu qanunsuzluqları da dəfələrlə sizin sayt vasitəsiylə bildirmişəm, vəziyyətimdən həm ölkə rəhbərliyinin, həm də xalqımızın xəbəri var.
Mən bir vətəndaş kimi, ziyalı kimi, mədəniyyətimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə xidməti olan ağsaqqal kimi bu xalqa Hacıbaladan yüz qat çox lazımlıyam, üstünəm. Mən dövlətimizə, dəyərlərimizə xidmət edirəm, Hacıbala isə şəhəri dağıdıb parklar tikməklə, parkların içində də özü üçün restoranlar açmaqla məşğuldur. Bunları da hamı yaxşı bilir”.


Bu sözləri Moderator.az-a açıqlamasında Bakı Şəhər Meri Hacıbala Abutalıbovla 3 ildir mənzil qalmaqalı yaşayan Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Şeyx Əbdül sonra bunları bildirib:


“Hacıbalanın vicdanı, insafı, qorxusu yoxdur ki, Azərbaycan ziyalısının evini dağıdıb. Azərbaycan dövlətinin qanunlarını, məhkəmə qətnamələrini belə saya saymayıb Bakının xozeyinliyini edir. Bu adama bir dur deyən, gözünün üstündə qaşın var deyən də yoxdur. Hacıbala qanunsuzluq edib, cinayət törədib, həbs olunmalıdır. Saxta sənədlərlə şəhərin mərkəzindəki məhəllələri özəlləşdirib, məhlələr dağılıb gedir, kimi də dindirirsən deyir ki, Hacıbala Abutalıbovun sərəncamı var. Bəs tikirsənsə, işləri orda-burda yarımçıq niyə qoyub gedirsən?
Hacıbala kimdir axı, nə istəyir bu dövlətdən, bu xalqdan, bu Bakı şəhərindən? Oranı eşib tökür, buranı dağıdır, yarımçıq qoyur. Mirzəağa Əliyev, Dilarə Əliyeva küçələrində 6-7 yeri dağıdıb-töküblər. Normal tikinti apara bilən təşkilatlar da iş görmək istəyəndə qoymurlar, imkan vermirlər ki, bura “zanitdir”. Ya iş gör, ya da imkan ver dövlətin mərkəzi küçələrini tikə bilənlər tiksinlər. Bunlar tikinti aparmırlar, əraziləri tikinti şirkətlərinə satırlar, dövlətin tikinti siyasətinə yox, yalançı sərəncamlarla öz şəxsi maraqlarına xidmət edirlər”.

Kinorejissor hər kəsdən ona kömək etməyi xahiş edib:

“Azərbaycan rəhbərliyindən, jurnalistlərdən xahiş edirəm ki, mənə kömək etsinlər, məni cinayətdən qurtarsınlar. Qanuna əməl etməyən adamı vurub öldürməkdən başqa çarəm qalmayıb. 3 ildir zülm çəkirəm. Hacıbalanı işdən qovmaq nə böyük işdir axı? Bu cinayətkarın kim olduğunu xalq bilmirmi ki? Xalqa müraciət etsinlər, mən də bayrağımı götürüm gedim bir-bir bunların kim olduğunu deyim. Bu Hacıbala kimdir, məndən nəyi üstündür? Evimi dağıdaraq cinayət edib, döyə bilmirlərsə, gəlim mən döyüm, tuta bilmirlərsə, gəlim mən tutum, qova bilmirlərsə, gəlim mən qovum. Mən axı ağsaqqal kişiyəm, bunlar mənə yaraşmaz.
Hacıbalanın bizim evlərə verdiyi sərəncamı bir adam belə görməyib. Başa düşmürük ki, bu sərəncam bizdən niyə gizlədilir. Bir açıqlasınlar, göstərsinlər o sərəncamı, biz də görək nədir, nədən ibarətdir. Prezident də deyir ki, mülkiyyət sahibləri ilə görüşün, razılığa gəlin. Bu adam isə prezidentlə xalqı üz-üzə qoyur. Hansısa özəl təşkilatlarla əlbir olub şəhərin ora-burasını qazırlar ki, tikinti görüntüsü yaratsınlar. Yaxşı, tikirsinizsə, nə vaxt bitəcək bu tikinti, düz 6 ildir söküntünün, dağıntının içində səksəkəylə yaşayırıq. Bir gün işıq olmur, bir gün qaz kəsilir, bir gün su kəsilir, bir gün kanalizasiya partlayır. Yoldan maşın keçəndə evdə başımıza toz ələnir.
Azərbaycan xalqına, əlacsız qalıb oğrulara, lotulara belə müraciət edirəm ki, mənə kömək etsinlər. Vallahi belə şey olmaz, mən axı neyləmişəm Hacıbalaya? 3 il bundan qabaq on nəfərin yanında balalarının ölüsünə and içdi ki, düzəldəcək. Bəs hanı?”

Şeyx Əbdül Mahmudbəyov onu da vurğulayıb ki, Bakı meri həbs olunmalıdır:

“Sizdən xahiş edirəm bir sorğu qoyub xalqa müraciət edəsiniz, görək kimi müdafiə edəcəklər, Hacıbalanın tərəfində duracaqlar, yoxsa Şeyx Əbdülün. Əgər yüz nəfərdən bir nəfər belə çıxıb Hacıbalanı müdafiə etsə, mən gedib dəmir köşkdə yaşayacam. Başqa yolum yoxdur.
Hacıbala Abutalıbov həbs olunmalıdır, Azərbaycan dövlət qanunlarını icra etmir, dövlətin, prezidentin tikinti siyasətinə xəyanət edir.
Əsəblərim də pozulub, ağır xəstəyəm, prezident, birinci vitse-prezident başda olmaqla hər kəsdən, jurnalistlərdən xahiş edirəm ki, mənə bu məsələnin həllində kömək etsinlər. Hacıbala kimi Azərbaycanı xaraba qoyan, yalandan sədaqət, dövlətə-dövlətçiliyə xidmət görüntüsü yaratmış insandan məni də, vətəndaşlarımızı da xilas etsinlər”.

Redaksiyadan: Biz kinorejissorun paytaxt meri haqqında dediyi fikirləri bölüşmürük və qarşı tərəfə də cavab haqqı tanıdığımızı bəyan edirik. Eyni zamanda həmkarlarımızdan xahiş edirik ki, "Qordi düyünü"nə çevrilmiş bu problemin çözümü üçün səfərbər olsunlar və bu işə öz töhfələrini versinlər. Bu, Allaha da xoş gedər, qanunlarımızın aliliyinə də inamı artırar...


Rumiyyə
Tarix: 23-06-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti