Sabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR

Sabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR “Torpaq sahəsi satacağını vəd edib məndən 100 min dollar pul aldı. Üstündən 4 il keçib, nə torpaq var, nə də sənədləri…”.
Bu sözləri “Yeni Müsavat”ın redaksiyasına üz tutan şikayətçi, Rusiya vətəndaşı 57 yaşlı Tutu Əhmədova deyib.
1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Tutu Əhmədova 2013-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində 100 min dollar alıb.

Daha sonra Rusiyaya dönən qadın 1 il ərazində telefon əlaqəsi saxlasa da, aldığı torpağın sənədlərini əldə edə bilməyib: “2013-cü ildə Rusiyadan Gəncəyə gəldim. Əlimdəki vəsaitlə iş qurmaq istəyirdim. Bunun üçün həyat yoldaşımın (yoldaşım rəhmətə gedib) dostu Asim Kazımovdan və Kəramət Əli oğlu Eyvazov adlı bir şəxsdən kömək istədim. Onlar da məni Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə tanış etdilər. Aparıb “Avtozavod” qəsəbəsindəki həmin torpağı mənə göstərdilər ki, pulunu ver, bura sənindir. Açığı həmin ərazini çox bəyəndim və razılaşdım. 160 sot torpaq idi. Daha sonra torpağın pulunu istədilər və mən də Asim Kazımov və Kəramət Eyvazovun iştirakı ilə əlimdəki vəsaiti aparıb Məharət Mustafayevə verdim. Birinci dəfə 50 min dollar, ardından 20 min və 30 min dollar ödədim. Bu alqı-satqıdan sonra Kəramət Eyvazov Məharət Mustafayevin yanında makler kimi işə başladı. Pulu ödəsəm də, torpağın sənədlərini mənə vermədilər. Oğlum Rusiyada tək qaldığı üçün onun yanına qayıtmağa məcbur oldum. Bir neçə ay sonra qayıtdım və torpağın sənədlərini istədim. Məharət Mustafayevlə görüşdük. Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini gətir, torpağı onun adına sənədləşdirək.Sabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR


Mən də bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən məni süründürməçiliyilə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məharət Mustafayevdə qaldı”.
Şikayətçi deyir ki, üzərindən 1 il keçdikdən sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq məsələsi də həll olunmamış qalıb: “2014-cü ilin oktyabr ayında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məharət Mustafayev kimisə vurub və ona görə də, onu prezidentin əmri ilə vəzifədən azad ediblər. Bu müddət ərzində nə mənim aldığım torpağı sənədləşdirmədi, nə də pulumu qaytarmadı. Mən isə Rusiyada əməliyyat olunduğum üçün ölkəyə qayıda bilmədim. 2015-ci ildə Azərbaycana gəldim və Məharət Mustafayevlə görüşdüm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənin pulunu qaytaracağam. Qaytara bilməsəm, Bakıdakı 2 otaqlı evimi adlına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məharət Mustafayev pulumu ödəməsə şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məharət Mustafayev məni Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yerə müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracaq, müəyyən müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Alıyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat göndərdi. Mən isə 40 min dollar gözləyirdim. 20 min manat isə o zaman 12 min dollar edirdi. Məharət Mustafayevə zəng edib narazılığımı bildirdim. O isə mənə hədə-qorxu gəldi ki, bu puldan başqa heç nə ödəməyəcək. Dedi ki, hara istəsən şikayət et, bu ölkədə heç kim məni həbs edə bilməz”.
Tutu Əhmədova Məharət Mustafayev tərəfindən təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb: “Məni təhdid etdi ki, burada özünü , Rusiya isə oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsindədir. 1 aydır ki, mən Bakıdayam, həm oğlumun , həm də öz həyatım üçün qorxuram. Üstəgəl, 88 min ABŞ dolları pulum hələ də Məharət Mustafayevdədir. Qorxumdan evimdə yata bilmirəm, qohum-əqrəbanın evində qalıram. Oğlum da Rusiyada təkdir, onun həyatı üçün də narahatam”.
Şikayətçi deyir ki, məhkəməyə müraciət etsə belə əlində heç bir sənəd yoxdur. Gəncə rayonunun yazılmamış alqı-satqı qanunlarına əsasən pulu nağd şəkildə , heç bir sənəd tələb etmədən ödəyib. Sadəcə prosesdə iki nəfər şahid olub ki, onlardan birini- Asim Kazımovu Məharət Mustafayev pulla ələ alıb və susdurub.
Digər şahid, bir müddət Məharət Mustafayevin yanında makler işləyən Kəramət Eyvazov isə özü də hazırda zərərçəkən qismindədir.Sabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR

O da şikayətlərini “Yeni Müsavat”ın müxbirinə danışıb: “Tutu Əhmədovanın torpaq işini həll edərkən, Məharət Mustafayevlə tanış oldum və mənə təklif etdi ki, onun alqı-satqı işlərinə makler kimi yardımçı olum. Bir müddət onunla işlədim. Daha sonra qanunsuz əməllərinin şahidi oldum. Bir neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məharət Mustafayevə verdim. Sonra həmin insanların da nə sənədini , nə də torpağını vermədi. Nəticədə onunla vətəndaşlar arasında mən qalmalı oldum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məharət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə məni “Ramada Plaza”ya çağırdı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, səni həbs etdirəcəm”.
Kəramət Eyvazov onu da qeyd etdi ki, Məharət Mustafayevə görə 20 gün həbs yatıb: “Pulunu alıb torpaq vermədiyimiz adamlardan biri məni çox narahat edirdi. Mən Məharət Mustafayevdən onun torpağının sənədini verməyi xahiş etdim. O isə 2016-cı ildə , 2013-cü il tarixinə saxta möhürlə bir sənəd düzəldib mənə təqdim etdi. Sonra həmin sənədin üstündə məni saxladılar və 20 gün həbs yatdım”.
Qeyd edək ki, Gəncə şəhəri, Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayev mətbuatda da “torpaq dəllalı” kimi tanınır və adı bir neçə dəfə qalmaqallarda hallanıb. Birinci dəfə icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb. Münaqişə zəmnində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məharət Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.
3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi. Sonradan Məharət Mustafayevi şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin olunub və hazırda həmin vəzifədədir.
Son olaraq, , M.Mustafayevin Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döydüyü ilə bağlı mətbuatda məlumat yayılıb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılıb. Nəticə isə odur ki, M.Mustafayev hələ də vəzifədədir.
Mətbuatda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edildiyi bildirilir.
Mövzu ilə bağlı qarşı tərəfin və yazıda adı çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
cumhuriyyet.netSabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR
Sabiq icra başçısı Rusiya vətəndaşının 100 min ABŞ dollarını mənimsədi, sonra da ölümlə təhdid etdi – FOTOLAR
Tarix: 5-07-2017, 23:48
Xəbəri paylaş





Xəbər lenti