Generallar və xalq artistləri

Generallar və xalq artistləri Son çağlar regionun liderinə çevrilməkdə olan mediamızda belə başlıqlara tez-tez rast gəlmək mümkündür: “Generalın oğlu adam döydü” (vəziyyətdən asılı olaraq feil dəyişilə, “öldürdü”, “maşınla vurdu”, “bıçaqladı”, “qucaqladı”, “basmarladı” və sairə şəklində ola bilər) və “Xalq artistinin oğlunu döydülər” (burada da sonluq eynilə “öldürdülər”, “ayaqladılar”, “gözünü çıxartdılar”, “maşınla vurdular” formasında dəyişilə bilir). Təbii ki, diqqətli media ekspertlərindən biri kimi bu hala biz laqeyd qala bilmərik, mütləq analiz etməliyik.

Məncə, bunun əsas səbəblərindən biri, bəlkə də birincisi onunla bağlıdır ki, hazırda Azərbaycan cəmiyyəti tam ortadan, diametral şəkildə (qoy desinlər nə savadlı oğlandır) iki yerə bölünmüşdür. Yarısı generallar və onların uşaqlarıdırsa, yarısı da xalq artistləri və onların uşaqlarıdır. Örnək üçün, indi bu yazını oxuyan hörmətli oxucu əgər özünü generallara aid bilmirsə, deməli, o, mütləq xalq artistləri sinfinə aiddir. Yox, özünü artist saymırsa, demək, generaldır. Başqa yolu yox artıq - o mahnıda deyilən kimi. Ya generalsan, ya da artist. Mən özüm hələlik artistlər kateqoriyasına aidəm, inşallah, rəhbərlik söz verib, tezliklə generallar sinfinə keçməliyəm. Özümü lap yaxşı aparsam hovuza su və tok da verəcəklər.


Bax, bu səbəbdən kimsə maşına qaz verib adam vurursa vurulanın xalq artisti, ya da onun uşağı çıxması ehtimalı yüz faizə bərabərdir. Və qaz verən də general, ya da general oğlu olmalıdır. Doğrudur, ehtimal nəzəriyyəsinə görə, general oğlu xalq artistinin oğlunu yox, general oğlunu da maşınla vura bilər. O cümlədən xalq artistinin oğlunu xalq artistinin oğlu döyər. Ancaq adından göründüyü kimi, bu, ehtimal nəzəriyyəsidir. Bizim ölkədə isə hər şey dəqiq yazılıb, ölçülüb-biçilib, dövlət proqramına salınıb. Hətta bu dəqiqə biz 3549-cu ildə Soğanverdilər-Dəliməmmədli-Beyləqan-Ağcabədi avtomobil yolunun 14 kilometrlik hissəsinə neçə dənə müasir işıq dirəyi basdırılacaq, Ağsunun mərkəzi parkına neçə metr yaşıl örtük salınacaq, feysbukda nə qədər trol işə götürüləcək, neçə kilo yaltaq istehsal olunacaq və sairə - bunların hamısını dəqiq bilirik, Nazirlər Kabinetində dövlət planlaması şəklində müvafiq sənədlərdə yazılıbdır. O Amerikada, Fransada, Britaniya-zad kimi geridə qalmış ölkələrdə olur, heç 5 il sonra prezidentləri kim olacaq, onu da bilmirlər! Britaniyanın hətta prezidenti belə yoxdur! Nahaq yerə “dumanlı” demirlər ki...


Bəzən generalın oğlunun hərəkətinə görə generalı işdən çıxarırlar, məncə, bu, kadr islahatlarımıza uyğun deyil. Hələ el atası Stalinin vaxtından belə söz qalıbdır ki, oğul ataya, ata oğula cavabdeh olmamalıdır. Hərçənd, qoca qurd başqa bir yerdə “Xalq düşmənlərinin nəslini kəsməliyik” deyibmiş. Elə dövlət siyasəti də bu ikinci göstərişə daha çox uyğun gəlirdi, çünki 1930-1950-ci illərdə SSRİ-də xalq düşmənlərinin ailə üzvlərini saxlamaq üçün xüsusi türmə olubdur. Qazaxıstanın dəhşətli çöllərində yerləşən bu türməyə ALJİR adı qoyulmuşdu, Əlcəzairə qətiyyən dəxli yox idi, “Akmolinskiy Laqer Jen İzmennikov Rodinı” (Vətən xainlərinin arvadları üçün Akmolinsk düşərgəsi) sözlərindən düzəldilmişdi. 30 min nəfərə yaxın “xalq düşməninin” ailə üzvləri o lagerdə əzab çəkmiş, çoxları işgəncələrdən ölmüşdü.


İndi biz bəlkə sistemli yanaşaq, generallar və xalq artistləri üçün ayrı-ayrı cəza düşərgələri quraq? (Deyəsən, generallar üçün beləsi artıq var). O cümlədən, bəzən görürsən oğula görə general işdən qovulur, sonra deyir üzr istəyirəm, qələt eləmişəm, bağışlayın və sairə. Ancaq demir ki, bahalı maşınları, dəbdəbəli həyatı oğlu üçün hansı pullarla təmin edirmiş. Görürsən, oğlunun bir maşınla şəkli çıxdı, həmin maşının puluna yalan olmasın, Qarabağın 20 faizini geri almaq mümkündür.


İndi söz əlaqədar generallar və uşaqlarınındır - müəllifi döyün. “Xalq artisti yazı yazarkən döyüldü” başlığına ethiyac var.

Zamin HACI
Tarix: 13-07-2017, 09:46
Xəbəri paylaş





Xəbər lenti