Oğlunun bəlasında düşən general hədəfdə - fəaliyyəti araşdırılır

Oğlunun bəlasında düşən general hədəfdə - fəaliyyəti araşdırılır Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov işdən qovuldu və o, özü də etiraf etdi ki, oğlunun zibilinə düşüb. Onun sözlərinə görə, oğlu əvvəl bir dəfə də oxşar cinayət törədib, Prezident onu bağışlayıb. Amma bu dəfə onu bağışlamaq mümkün olmadı...
***
Qeyd edək ki, "Təzadlar"a daxil olan məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə dünən keçirilən müşavirədən sonra Novruzəli Orucovun fəaliyyətinin yoxlanılması barədə Baş Prokurora göstəriş verilib. Həmçinin onun bütün obyektləri və mülklərinin uçota alınması, üzərinə həbs qoyulması tapşırığı da verilib...
N.Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib. Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər “qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.
İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub.
****
RƏSMİ ARAYIŞ: Orucov Novruzəli Hüseyn oğlu 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb. 1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində - Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib. Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub.
Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb. Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib. N.Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2010-cu il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib. 2012-ci ilin may ayından dünənə kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini idi.
Tarix: 13-07-2017, 10:48
Xəbəri paylaş





Xəbər lenti