Ana hospitala gətirilən oğlu üçün imdad gözləyir

Ana hospitala gətirilən oğlu üçün imdad gözləyir Xəzər rayon sakini Esmira Abbasovanın 3 ay əvvəl hərbi xidmətə yola saldığı oğlu Mirhüseyn Abbasovun təcili əməliyyat olunması haqda şikayəti yayımlanıb . Ananın dediyinə görə, hazırda oğlu həyati təhlükəsi var, vəziyyəti getdikcə kritikləşir. Bu il aprel ayının 27-də Mirhüseyn Aslan oğlu Abbasov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xəzər İdarəsi tərəfindən Naxçıvana hərbiyə göndərilib və sərhəd qoşunlarına düşüb. Hərbi xidmətə yararlılıq üçün müayinələrdən normal keçsə də, hərbi xidmət müddətinin 3 ayında vəziyyəti pisləşib. Qəfil tutan ürək ağrısı onun səhhətini ciddi narahat etməyə başlayıb.

Bu səbəbdən xidmət keçdiyi hərbi hissədən Bakıya – Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib. Müayinələrdən sonra məlum olub ki, əsgərin ürək qüsuru anadangəlmədir. Ana isə ürək qüsuru olduğu iddia edilən əsgərin necə hərbi xidmətə göndərildiyini anlamır. Bu vəziyyətlə barışan Esmira Abbasovanı hazırda maraqlandıran oğlunun vaxtında əməliyyat olunmasıdır. Sözügedən Hərbi Hospital isə Mirhüseyn Abbasovun əməliyyatını boynuna götürmür. Hospital əsgəri ailəsinə təhvil verərək əməliyyatı da onlara həvalə edib. Ana iddia edir ki, oğlunun səhhətində hər hansı narahatlığı olmayıb. 18 yaşına kimi həkimə hər hansı problemlə bağlı üz tutmayıb. Artıq hər yerdən çarəsi kəsilən ana oğlu ilə bağlı cavabdeh orqanlardan heç bir reaksiya almadığını deyir:

“Sizin qəzet, sayt vasitəsilə səsimi lazımi orqanlara çatdırdım. İndi də çatdırıram. Mən sağlam oğul vermişəm. İndi göz görə-görə onun əriməsinə dözə bilmirəm. Əməliyyat xərcləri çox bahadır. Mən bu məbləği kimdən və hardan tapa bilərəm? Aidiyyatı orqanlara üz tuturam və bir ana kimi xahiş edirəm ki, oğlumun əməliyyatını üzərlərinə götürsünlər”.

Cebhe.info məsələ ilə bağlı millət vəkilləri Aydın Mirzəzadə və Fazil Mustafa ilə əlaqə yaradıb, bu məsələdə təşəbbüs göstərib-göstərməyəcəkləri ilə maraqlanıb.

Aydın Mirzəzadə “Cümhuriyət” qəzetinə açıqlamasında məsələ ilə yaxından maraqlandığını və əsgərin tərxis olunduğunu deyib: “Məsələni araşdırdım. Əsgər artıq ordu sıralarından tərxis olunub. Amma bununla belə onun sağlamlığı vacib məsələdir. Hazırda Bakıda deyiləm. Qayıdandan sonra Səhiyyə Nazirliyinə şəxsən müraciə etməyi düşünürəm. Təcili əməliyyata girməlidirsə, o zaman valideynləri Heydər Əliyev Fonduna rəsmi müraciət edə bilər”.

Fazil Mustafa isə deyib ki, bunun üçün Milli Məclisə və ya Heydər Əliyev Fonduna rəsmi müraciət olunmalıdır.

Qeyd edək ki, məsələ ilə bağlı “Cümhuriyət” qəzeti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi məktub ünvanlayıb. Qurumdan hələ ki, cavab gəlməyib. Dövlət Sərhəd Xidməti ilə isə əlaqə yaratmaq mümkün olmur.

Alçina Amilqızı
Tarix: 14-07-2017, 19:35
Xəbəri paylaş





Xəbər lenti