İlham Şabandan həmkarlarına etiraz: "A kişilər, Siz yük maşını görəndə bir soruşun ki..."

İlham Şabandan həmkarlarına etiraz: "A kişilər, Siz yük maşını görəndə bir soruşun ki..." Moderator.az xəbər verir ki, iyulun 15-dən Aİ-92 markalı benzinin qiymətinin artmasına ölkənin bütün iqtisadçı ekspertləri sərt reaksiya verərək belə bir addıma gərək olmadığını əsaslandırmağa çalışdılar.

Yalnız iqtisadçı İlham Şaban fərqli mövqe ortaya qoydı, hətta bununla kifayətlənməyib həmkarlarını üstüörtülü şəkildə yersiz ajiotaj yaratmaqda qınadı.

Amma onun bu atmacası cavabsız qalmadı və paylaşdığı statusa kəskin cavablar verildi.

İlham Şabanın statusu:

"Artacaq, ya yox? Dizel niyə qalxmadı?
Ai-92 markalı benzinin qiymətinin artması ilə bağlı FB əhlinin bəzisi təşviş dolu statuslar paylaşırlar ki, bunun ardınca ərzağın, xidmət sektorunun, ictimai nəqliyyatın və kommunal xidmətlərin də artımı qaçılmazdır. Ola bilər ki, adı çəkilən sahələrdə qiymət artımı müəyyən müddətdən sonra baş versin. Ancaq bunu Ai-92 markalı benzinin qiymətlərinin 28.57% artımı ilə bağlamaq və əsaslandırmaq düzgün deyil. Çünki onlar arasında bu və ya digər şəkildə hansısa hiss ediləcək bağlılıq yoxdur.
Bu cür informasiyaların qaynaqlanması çox güman ki, yanacağın əvvəlki artımlarında müşahidə edilən qiymət ajiotajlarının təəsüratı ilə əlaqədardır. İndiki halda isə vəziyyət bir qədər fərqlidir.
Ona görə ki, Hökumət dizel yanacağının qiymətini əvvəlki kimi saxlayıb. Dizel yanacağı ilə isə ictimai nəqliyyat (daha müasir avtobuslar isə 2015-ci ildən sıxılmış qazla - CNG ilə işləyir), şəhərlərarası nəqliyyat, demək olar ki, bütün kommersiya nəqliyyatı (həm minik, həm xidmət, həm də yükdaşıma) işləyir. Belə olan halda kimsə Ai-92 markalı benzinin qiymətinin artımını əsas gətirib tutaq ki, qarpızın, kartofun və ya Bakıdan Gəncəyə avtobusla gediş haqqının qiymətini artıracağını müştəriyə və dövlət orqanlarına izah edə bilərmi? Təbii ki, yox!. Onda bazarlarda qiymət artımı haqda ajiotaj yaratmağa nə ehtiyac var? Sadəcə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları öz vəzifə borclarını yerinə yetirməli, hadisələrin axırında deyil, əvvəlində getməlidirlər ki, ortaya çıxan hər hansı süni problemlər yerindəcə həllini tapmış olsun".

İqtisadçı ekspert Rövşən Ağayev:

"İlham, sənin fikrincə benzinlə işləyən maşınlarla ümumiyyətlə yük daşınmır? Məsələn, ərzaq və kənd təsərrüfatı məhsullarını daşıyan xırda və orta ölçülü avtomobillərin xeyli hissəsi benzinlə çalışır".

Daha bir iqtisadçı ekspert Samir Əliyev:

"İlham, kimdədir müasir maşınlar? Paytaxtda bir neçə maşın və avtobusu görüb artıq bütün nəqliyyat sistemi barədə rəy çıxarırsan. Rayonlarda, kəndlərdə, şəhərlərdə hələ də köhnə maşın parkıdır və benzinin bahalaşması onların xidmət haqqını artıracaq. Sərnişin daşımada isə tariflər bahalaşacaq. Artıq bu, zaman məsələsidir".

İlham Şaban da ittihamlara maraqlı cavab verib:

"A kişilər, Siz yük maşını görəndə bir soruşun: benzinlə işləyirsən, ya dizellə. Samir, benzinlə 20 qəpiyə işləyən avtobus tapsan mənə xəbər edərsən - gedib bir müsahibə alaram".
Tarix: 16-07-2017, 10:21
Xəbəri paylaş





Xəbər lenti