Hadı Rəcəbli Səlim Müslümovla necə işləyir...

Hadı Rəcəbli Səlim Müslümovla necə işləyir... Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Əsasən qanun layihələrinin hazırlanması ilə məşğul olan komitələr müvafiq icraedici orqanlarla – nazirlik və komitələrlə əməkdaşlığı hansı müstəvidə qurub?

Modern.az saytı bu suala həm Milli Məclisin komitələrindən, həm də uyğun nazirliklərdən cavab almağa çalışıb.

Bu dəfə suallarımıza Milli Məclisin Əmək və sosial siyasət komitəsindən, həm dəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab istədik.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, rəhbərlik etdiyi komitə dövlətçiliyin möhkəmlənməsi, sosial sahələrinin inkişafı, insanların həyat şəraitinin təkmilləşdirilməsi, onların tələbatlarının müəyyən bir hissəsinin təmin edilməsi, zəruri sosial dəstəyin göstərilməsi, vətəndaşların sosial təhlükəsizlik, yardım və müdafiə ilə təmin edilməsinə yönəlmiş fəaliyyət göstərir.

“Bu sahədə qanunların hazırlanmasında ayrı-ayrı institutların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ictimai birliklər və digər qurumların nümayəndələrinin rəyi öyrənilir. Həmçinin, qanunların hazırlanmasında parlamentin müvafiq şöbəsinin və deputatların rolu da çoxdur. Parlamentdə zərurət yarandığı təqdirdə ölkəmizin reallıqlarını nəzərə alaraq, qanunlar qəbul olunur və ya müəyyən dəyişikliklər edilir. Bu işdə bizə hər zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz dəstəyini göstərir. Hər hansı qanun hazırlanarkən və ya ona dəyişikliklər edilən zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri parlamentə dəvət olunur. Onların iştirakı ilə fikir mübadiləsi aparılır. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" yeni qanun layihəsinin parlamentdə çox geniş müzakirəsi aparıldı. Müzakirə zamanı nazirlikdən müvafiq şöbənin işçilərini və parlamentin bir neçə komitəsini iclasa dəvət etmişdik. Hətta bununla bağlı bir neçə dəfə geniş iclaslar da təşkil etdik. Nazirlik rəsmiləri bu iclaslarda müəyyən təkliflər verdilər və deputatlarımız bu fikirlərə müsbət yanaşdılar”.

H.Rəcəbli bildirib ki, zərurət yarandıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər hansı qanun layihəsi və qanuna dəyişiklik edilməsi üçün komitəyə müraciət edir.

“Müraciət əsasında nazirlikdən nümayəndələr dəvət olunur. Onlarla müəyyən fikir mübadiləsi aparılır. Hətta elə qanun layihələri olub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iclaslara qatılıb. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən parlamentə “İşsizlikdən sığorta haqqında”qanun layihəsi göndərilmişdi. Biz həmin sənədə baxdıq və plenar iclasa tövsiyyə etdik. Plenar iclasda isə deputatlarımız tərəfindən yekdilliklə qəbul olundu. Düşünürəm ki, bu çox vacib qanundur. Hesab edirəm ki, həmin qanunun icrası da layiqincə yerinə yetirilər. Ümumiyyətlə isə parlamentin Əmək və sosial siyasət komitəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əlaqələrimiz mövcuddur. Bu əlaqələr daha da möhkəmlənəcək və dövlətimiz, millətimiz üçün önəmli qanunların hazırlanmasında birgə fəaliyyət göstərəcəyik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, nazirlik əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, məşğulluğun təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirir.
“Nazirliyin qeyd olunan sahələrdə fəaliyyəti Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə fəal əməkdaşlıq müstəvisində qurulub. Xüsusən də nazirlik tərəfindən həmin sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması prosesi Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə sıx əməkdaşlıq müstəvisində həyata keçirilir. Hazırlanan layihələr ilk növbədə komitənin iclaslarında nazirliyin, eləcə də sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə işçi qaydada geniş müzakirə olunaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilir və bundan sonra parlamentin müzakirəsinə çıxarılır. Eyni zamanda əmək və sosial müdafiə sahələrində aktual məsələlərə dair tədbirlərdə, həmçinin aidiyyəti beynəlxalq qurumlarla birgə keçirilən tədbirlərdə nazirliyin və komitənin nümayəndələri qarşılıqlı olaraq iştirak edirlər”.
Elman Babayev qeyd edib ki, ümumilikdə bu gün nazirliklə Milli Məclisin Əmək və sosial siyasət komitəsi arasında sıx və səmərəli əməkdaşlıq mövcuddur ki, bu da əmək və sosial müdafiə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayır.
Tarix: 11-08-2017, 16:17
Xəbəri paylaş





Xəbər lenti