“Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə…”

“Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə…” «9-mərtəbəli binanın birinci mərtəbəsindəki eyvanların qarşısını kəsib tikinti aparır. Hava görmürük, üstəlik, bu işləri gecələr aparır. Elə gecə olur ki, səhərə qədər heç kəs yatmır, hamı eyvanlardan sallanıb tikintiyə tərəf söyüş, qarğış yağdırır».

Yasamal rayonu, Yeni Yasamal, 1 ünvanında başlanan tikinti ərazidə yaşayanların istirahətini pozub. Sakinlər AzadlıqRadiosuna danışırlar ki, axşam saat 8-dən sonra başlanan işlər səhərə kimi davam etdiyindən, insanların rahatlığı yoxdur.


«SƏHƏRƏDƏK HAMI OYAQ QALIR»


Bina sakini Laləndə İsayeva:

«Nə adam sayır, nə qanun tanıyır. Axşam düşən kimi yığıb fəhlələri tökür bura, səhərə qədər heç kəs yata bilmir. Ağır texnikaların səsi beynimizdədir. Uşaq, qoca, xəstə – səhərədək hamı oyaq qalır».

Tikinti işləri 9-mərtəbəli binanın 1-ci mərtəbəsində aparılır. Elə binanın sakini Vüsal Qasımov, qonşuların deməsinə görə, binanın altını qeyri-yaşayış sahəsinə çevirib və obyekt tikir. Sakinlərdən Səxavət İsmayılov deyir, fəhlələr işləri qaz, kanalizasiya xətlərinə məhəl qoymadan aparırlar:

«Bu adam heç bir normativə əməl etmir. Qaz xətlərimiz təhlükədədir. Mütəxəssislər deyirlər, istənilən an partlayış baş verə bilər. Binanın altından kanalizasiya xətləri də keçir. Fəhlələr elə hey qazır, qazır… O xətlərdən biri zədələnsə, bütün binanı çirkab su basar. Heç bir qurum maraqlanmır. Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə…».

«BÜTÜN SƏNƏDLƏRİM VAR»

Binanın qarşısında hörgü işləri aparılsa da, tikintini aparan Vüsal Qasımov deyir, tikdiyi eyvandır:

«Nə obyekt, mən eyvan tikirəm. Bütün sənədlərim də var. Tikintinin heç bir kommunal xəttə əngəli yoxdur. İşlər də qanunla nəzərdə tutulmuş saatlardan kənara çıxmır».

Sakinlərsə iddia edir ki, qonşu eyvan artırmır, məhz binaya bitişik obyekt sahəsi tikir.

Yasamal Rayon İcra Hakimiyyətindən «Qaynar xətt-ə bildirilib ki, qeyd olunan ünvanda yaşayan Vüsal Qasımova eyvan artırmasına qurumun Memarlıq və şəhərsalma şöbəsindən icazə verilib. Ancaq vətəndaşın bu icazədən istifadə edib ərazidə hansı tikintini apardığını araşdırmağa əraziyə nümayəndələr göndəriləcək.

Siam.az
Tarix: 17-08-2017, 17:02
Xəbəri paylaş





Xəbər lenti