6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj

6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj “Yaşamağa evimiz, yeməyə çörəyimiz yoxdur…”
6 uşağı ilə birgə küçələrdə qalan çarəsiz ana – Əsgərova Samirə haqqında sosial şəbəkədə məlumat aldıq. 33 yaşlı qadının başına gələnlər, gənc yaşında 6 uşağının dünyaya gəlməsi, içki düşkünü olan həyat yoldaşının onlara etdiyi zülmlər bizi bu ailənin həyatını işıqlandırmağa sövq etməyə bilməzdi.

Musavat.com olaraq bu ailəyə baş çəkib vəziyyətləri ilə yaxından tanış olduq. Sabunçu rayonu, 8-ci mədən ərazisində, şəraitisiz bir evdə yaşayan ailə ilə görüşdük. 1984-cü il təvəllüdlü Samirə Əsgərova azyaşlı uşaqları ilə birlikdə illərdir ki, yoxsulluq içində yaşayır. Həyat yoldaşı Tahir Qasımov isə tərk etdiyi 6 körpəsinin nə qayğısına qalır, nə də onlarla maraqlanır. Uşaqların ən böyüyünün 14 yaşı, ən kiçiyinin isə 3 yaşı var. Atasız böyüyən Bahar, Ziya, Xalidə, Çiçək, Zəhra və Fatimə bir tikə çörəyə həsrət qalıblar. Uşaqların nə normal geyimi, nə də normal bir yaşam şəraiti var. Evsiz-eşisiz qalan Samirə Əsgərova 6 uşağı ilə birlikdə yaşlı və xəstə olan xalasının kirayə qaldığı birotaqlı daxmaya yerləşib. Ev balaca olduğundan gənc ana həyətdə taxt qoyaraq, uşaqlarını orada yatızdırır.
Samirə Əsgərova acı həyat hekayəsini bizə danışır: “2000-ci ildə Xaçmaz rayonunda yaşayan Tahir Qasımova ərə getdim. Özüm Bakıda doğulub böyümüşəm. İkinci uşaqdan sonra ailəmizdə problemlər yaşanmağa başladı. Yoldaşım içki düşkünü olduğundan hər gün məni döyür, söyürdü. Bunlara rəğmən onun pis əməllərinə, işgəncələrinə dözürdüm ki, ailəm dağılmasın. Yoldaşımın pis vərdişlərinin zamanla düzələcəyinə ümid edirdim. Üç uşaqdan sonra bunun mümkünsüz olduğunu anladım və ayrılmaq qərarına gəldim. 9 illik evlilik həyatımıza son verib ayrıldım. Sonra yenidən barışdıq. 9 il Xaçmazda yaşamışıq, sonra Bakıda kirayədə qaldıq. Anası rəhmətə gedəndən sonra yenə Xaçmaza qayıtdıq. Heç bir səbəb olmadan məni döyürdü. Fəhləlik edib pul qazanır, onu da içkiyə verirdi… Son illər Suraxanı rayonunda kiçik bir daxmada qalırdıq. Məscidlərdən yığılan nəzirlərlə bizə köməklik edirdilər, çətinliklə də olsa həmin daxmanın kirayə pulunu verirdik. Ancaq bir ay köməklik edəndə, bir ay edə bilmirdilər. Məscidin vəziyyəti də yaxşı deyildi. Allah onlardan razı olsun. Bu müddətdə bir neçə dəfə ayrılmağa cəhd etdim. Sonra gəlib yalvardı-yaxardı, hər şeyi düzəldəcəyinə söz verdi və mənimlə barışdı. Ondan sonrakı evlilik həyatımız belə davam etdi, barışırdı, 3-4 ay normal yaşayırdıq, sonra yenidən dalaşırdı. Fəhləlik edib pulunu içkiyə verirdi, çox çətinliklə dolanırdıq. Bu illər ərzində 6 uşağımız dünyaya gəldi. Çox adam sual verir ki, 6 uşağı neyləyirdin? Ailəmi itirməmək üçün məcbur yoldaşımla barışmalı olurdum. Kim istəməz uşaqları atalı böyüsün. Ancaq bu ümidim boşa çıxdı. İçki evimizi yıxdı. Ən balacalarım olan əkiz qızlar 2014-cü il təvəllüdlüdür. Bu uşaqları abort etdirmək istəyirdim. Ramazan ayı olduğu üçün günaha girmək istəmədim. Sonra da gec oldu…”
6 uşaq anası 3 ildir ki, həyat yoldaşından tamamilə ayrıldığını qeyd etdi: “Yoldaşım nə gəlir, nə də bizimlə maraqlanır. Kiçik uşaqların doğumunda da, müalicəsində də məscid köməklik etdi. Qızımın biri kor bağırsağından əməliyyat olundu, ona da məscidin imanlı adamları köməklik elədi. Məscidin yaxınlığında qaldığımız otağın kirayəsinə hər ay 100 manat pul verirdilər. Özüm dəfələrlə işləmək istəmişəm. Ancaq mümkün deyil. 6 uşağı nəzarətsiz qoya bilmərəm. İki azyaşlı uşağım ana südü ilə qidalanır. Məndən uzağa gedə bilmirlər. Səhhətimdə də problemlər var, mədəm yaradır, zobum var, ödümdə problemlər var. Anamdan başqa heç bir yaxınım yoxdur. Atam və qardaşım rəhmətə gedib. Anam da xəstə adamdır”.
Hazırda ailənin əsas ehtiyacı yaşamaq üçün mənzil və aylıq ərzaq ehtiyaclarının qarşılanmasıdır: “Elə vaxtlar olub ki, çöldə qalmışıq. Gedəcək yerimiz olmayıb. Bura xalamın kirayə yaşadığı evdir. Bir neçə gündür ki, burada məskunlaşmışıq. Xalam da xəstədir, kirayə haqqını ödəyə bilmir. Bir neçə gündən sonra buradan çıxmalıyıq. Harada qalacağımız, necə edəcəyimiz barədə fikirləşəndə dərd məni öldürür. Uşaqlarım gözümün önündə ac-yalavac qalıb. İndiki zamanda 6 uşağı saxlamaq, qarnını doyurmaq çox çətindir. Bir saata günorta olacaq, yemək istəyəcəklər (ağlayır). Böyüklər özləri başa düşür. Bəs balacalar..? Mən dövlətimdən, yardımsevər insanlardan, imkanlı şəxslərdən kömək etmələrini xahiş edirəm. Körpələrinə acısınlar, onlara yardım etsinlər”.
Qeyd edək ki, uşaqlardan 4-ü məktəb yaşında olsa da, təhsil almaq imkanından məhrumdurlar. Ananın məktəb xərclərini qarşılamaq imkanı olmadığından uşaqları məktəbə belə göndərməyib. Evsiz-eşiksiz ailə daim yer dəyişdiyindən hər yeni ünvanda məktəbə yazdırmaq və sair imkanları olmayıb.
Bu ailənin acınacaqlı durumuna işıq salmaqla aidiyyəti qurumlardan, vətəndaş cəmiyyətindən, imkanlı və duyarlı şəxslərdən ailəyə yardım gələcəyinə ümid edirik. 6 azyaşlı uşağa yardım əlini uzatmaq istəyənlər üçün Samirə Əsgərovanın əlaqə nömrəsini qeyd edirik: (+994) 55 371 81 20

Məğrur MƏRD
Fotolar müəllifindir 6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj
6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj
6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj
6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj
6 uşağı ilə küçələrdə qalan gənc ana kömək istəyir- Reportaj
Tarix: 22-08-2017, 15:31
Xəbəri paylaş





Xəbər lenti