“Təsəvvür edin ki, saqqallı, əmmaməli bir axund barda sərxoşlara moizə oxuyur...”



“Dinimizdə belə bir təcrübə yoxdur... Bu cür təbliğatın zərəri xeyrindən daha çox olar...”



Xəbər verdiyimiz kimi,  bu günlərdə Türkiyə Böyük Millət Məclisi  Uyuşdurucu və Maddə Bağlılığı Araşdırma Komissiyasının iclasında iştirak edən Diyanət İşləri Başkanlığı Din Xidmətləri Şöbəsinin rəhbəri Bünyamin Albayrak  məscid imamlarının meyxanələri, yəni alkoqollu içki içilən məkanları - barları, gecə klublarını gəzərək içkinin zərərlərini anlatmasının gərəkli olduğunu bildirib.  Sözügedən Komissiyanın başqanı, AKP Mərsin millət vəkili Yılmaz Tezcan da din xadiminin təklifini dəstəkləyib. 

Görəsən, tarixən Türkiyə və yaxud Azərbaycanda, ümimiyyətlə İslam dünyasında belə bir təcrübə olubmu? Ruhanilərin, din adamlarının içki, eyş-işrət məclislərinə təşrif buyuraraq oradakı əyyaşlara  moizə oxuması nə dərəcədə doğrudur? 

Moderator.az əməkdaşının məsələyə münasibət bildirmək üçün müraciət etdiyi tanınmış ilahiyyatçı-şair Hacı Qubad Həsənzadə bunları söylədi:

“Doğrudur,  B.Albayrağın da xatırlatdığı nəhy əz-münkər və əmr bə-məruf, yəni insanları pis əməllərdən çəkindirmək və yaxşı əməllərə  dəvət etmək,  firuid-dində - İslam dininin vacibatında namaz, oruc, xüms, zəkat və s. sırasında yer almışdır. Bu gün ona “ictimai qınaq” da deyirlər. Tutaq ki, mən bir səhv hərəkət etdim, əgər dostum, qonşum, başqa birisi, bir sözlə, ətrafımdakı insanlar  həmin hərəkətimin səhv, günah olduğunu  anladır  və  irad  edərsə,   mən istər-istəməz   həmin davranışdan uzaqlaşaraq onu  bir daha təkrar etməmək  məcburiyyətindəyəm. Ancaq qınaq, danlaq olmadığı halda həmin əmələ yenə də davam edəcəyəm. İslamın bu  vacibatı  şübhəsiz,  həqqdir. Amma  Türkiyənin bəzi dindar və deputatlarının  təklif etdiyi kimi, din xadimi, yaxud digər bir ruhaninin  kütləvi içki, eyş-işrət məkanlarına gedərək  oradakı  insanlara içkinin zərərindən danışması, onları bu haram vərdişlərdən, əməllərdən çəkindirməyə çalışması əmr bə-məruf və nəhy-əz münkərin şərtləri və gerçəkliklə uyğunlaşan  bir  məsələ deyildir. Təsəvvür edin ki, el, xalq arasında böyük nüfuza malik olan bir əmmaməli, saqqallı axund, yaxud  bir  ruhani hamının sərxoş olduğu, digər nalayiq davranışlar nümayiş etdirilən  bir gecə klubuna daxil olur və başlayır həmin  insanlara  moizə oxumağa. Bunun hansı müsbət nəticəsi ola bilər? Əksinə, həmin din xadiminə qarşı elə  bir hörmətsiz hərəkətlər edərlər ki, bunun pisliyi yaxşılığından  qat-qat  çox olar. Azca düşüncəsi, bəsirəti olan  hər  bir   kəs anlayar ki, nəhy əz-münkər  və  əmr  bə- mərufun   belə bir tətbiqi tamamilə əks nəticə verər. Çünki  həmin müddəanın tətbiqi üçün münbit, şəri qaydalara uyğun şərait və məkan olmalıdır. Əgər din xadimi  və  ya  bir  inanclı   hər hansı bir haram əməl icra olunan məclisə daxil olub  oradakı haramı aradan qaldıra bilməyəcəksə, oraya getməməli, özü ilə bərabər dinimizi də hörmətdən salmamalıdır. Sözü gərək əhlinə deyəsən və məqamında, məkanında deyəsən...”
İlahiyyatçı istənilən cəmiyyətdə zərərli, vərdişlərin, haram, qanunsuz əməllərin qarşını öncədən almağın, yəni düzgün qurulmuş təlim, təhsil və ictimai təbliğatla onların profilaktikasıyla məşğul olmağın, xüsusən məktəblərdə İslamın əxlaqi dəyərlərinin tədris olunmasının vacibliyini vurğuladı: 
“Bildiyimiz kimi, dinimizin cəmiyyətdə haramların, pis əməllərin qarşısını almaq üçün bir çox tərbiyə üslub və üsulları vardır. Amma qəribədir ki, biz həmin üsulları öncədən cəmiyyətimizə tətbiq edib profilaktik tədbirlər görmək əvəzinə, yaxud  belə təhlükələri görüb  öncədən həyəcan təbili çalmaq yerinə, artıq bıçaq sümüyə dirənəndən, yəni hər hansı bir sahədə haramçılıq, pislik, qanunsuzluq baş alıb gedəndən sonra ayılıb hərəkətə keçirik. Biz niyə vaxtında, orta məktəblərin aşağı siniflərindən başlayaraq  o qəlbi, zəkası hələ saf, təmiz olan uşaqlarımıza hər hansı bir məzhəbçilkdən uzaq olmaqla, dinimizin bəşəri, əxlaqi gözəlliklərini, Quranın müqəddəs ayələrini, Peyğəmbərimizin(s), onun  pak  Əhli-Beytinin  (ə)  hikmətli, insana paklıq, halallıq, mənəvi və cismani təmizlik  aşılayan kəlamlarını, həyatlarından ibrətamiz nümunələri təlim etmirik?  Əgər  bunu etsək, biz vətəndaşlarımızı yetkin yaşlarına yetişəndə bir çox zərərli vərdişlərdən, o cümlədən alkoqolizm və narkomaniyadan da öncədən uzaqlaşdıra bilərik... 
İkincisi, nədən  telekanallarımızda  bu  qədər  saysız-hesabsız bayağı, mənasız  verilişlər  vermək  əvəzinə,  oraya  savadlı, nurani din  alimlərimizi  dəvət  edərək   müxtəlif  tərbiyəvi, əxlaqi, həyati mövzuların müzakirə olunacağı verilişlərin sayını çoxaltmırıq...” 
“Təəssüf ki, bütün bu deyilənləri etmirik, sonra da şikayətlənirik, haray qaldırırıq ki, filan problem niyə yarandı, içki  düşkünlərinin, narkomanların sayı niyə çoxaldı. Atalarımız çox yerində deyib  ki, “nə tökərsən, aşına – o da çıxar qaşığına”... Vaxtında “aşımıza” dəyərli, faydalı nəsnələr qatmalıyıq ki, sonra da “qaşığımıza” çıxanları görəndə peşimançılıq çəkməyək...”-deyə Hacı Qubad Həsənzadə bildirdi.
 
Sultan Laçın
Tarix: 12-03-2018, 21:45
Xəbəri paylaş





Xəbər lenti