“Nə var, nə var, demişəm ki, sənin ananı...”


Həmkəndlilərimin bir pis xasiyyəti vardı - söyüş söyməyə təzə başlayan ağzıpərtov adamları tez-tez döyürdülər. Bir də görərdin ki, ictimai yerdə, daha çox da toyda-filanda ağzının qatığını dağıdanın birini təpiyin altına saldılar.

Deyim ki, prosesin gedişində döyülən söyüşcül adamın da söyülməmiş yeri qalmırdı. Yəni adam həm döyülürdü, həm də söyülürdü.

İntəhası, bu məsələdə mərhələlər vardı. Söyüşcül adam əqidəsinə sadiq qalsaydı, yəni o qədər döyüləndən sonra söyüş söyməyi tərgitməsəydi, israrla söyməyə davam etsəydi, daha ona qoşulan olmurdu. Artıq heç kim onunla qabaq-qənşər durub söyüşməyə, onu təpiyin altına salmağa qalxmazdı. Bilirdilər ki, xeyri yoxdur. Elə adamla mübahisə zamanı adətən deyirdilər ki, “get, ... xatasını məndən aralı elə”. Ya da kimsə söyüşcül şəxslə davadan yayınan adama deyəndə ki, ona niyə cavab vermədin, cavabı belə olardı: “P... yeyən iti öldürməzlər, qoy rədd olsun”.

Ən pisi o idi ki, həmişə söyüşlə danışan, bir çırtma dəyəndə ölü-diri, arvad-uşaq, əbu-əcdad söyüşü edənlərin bir ayağı milis şöbəsindəydi, qulaqlarının dibinə dəyən bir şilləyə görə adamın dərisini soydururdular, qapı-bacasında mal-heyvan qalmırdı, hamısını satıb milisə verirdi ki, bir qotur gədəyə bir şillə vurduğuna görə gedib türmədə yatmasın. Təzə 06-sını satıb milisə verən olmuşdu - bir yumruğa görə tutulmamaq üçün.

Bir dəfə isə bizim kənddə, oxumuş adamların sözü olmasın, tragikomik hadisə olmuşdu. Yaşı 40 civarında olan həmkəndlimiz atının belində örüşə gedərkən görür ki, kəndin qırağındakı kövşəndə quzu otaran iki yeniyetmə tutaşıb. Yaxınlaşıb baxır ki, dalaşanlardan biri onun dost-doğma bacısıoğlu, o biri də qonşunun gədəsidir. Adam atının başını çəkib, dalaşanların üstünə qışqırır, deyir, köpəyuşağı niyə dalaşırsınız. Bir-iki şillə-təpik artıq yemiş qonşu oğlu döyənin dayısına şikayət edir: “A. dayı, görürsənmi, bajınoğlu məni döyür, nə var, nə var, demişəm ki, sənin ananı...”.

Dayı əlindəki gədənin belinə bir şallaq çəkib deyir, qırışmal, bajımoğlunun anasına söydüyün bəs deyil, hələ üzümə qarşı bajımı da söyürsən.

Hər dəfə ictmai-siyasi arenada, media sektorunda başlayan söyüşmə zamanı yadıma o kəndçimizin sözləri düşür.

Martın 8-də “cənnət anaların ayağı altındadır”, “bütün ana-bacılarımızın bayramı mübarək” məzmunlu təbriklər sosial şəbəkə lentində dal-dala söykənmişdi, üstündən 4 gün keçməmiş həmin lentdə “ana-bacı söyüşləri” sıralanıb.

Deyilənə görə, dünyanın ən söyüşcül xalqı ispanlardır. Bir başqası rusları, başqa birisi də Anadolu türklərini çox söyüşcül bilir. Sonuncu qardaşların senzurasız filmlərinə baxmaq olmur - əvvəldən sonadək söyüş söyürlər.

Ancaq son illərdə yavaş-yavaş əmin olmaqdayam ki, biz bu sahədə heç kəsdən geri qalmırıq, bəlkə də artıq hamını ötüb keçmişik. Bir də görürsən, üzbəüzdə 3 adam yanında ən adi sözə görə üzr istəyən biri ağıza alınmayacaq söyüşlərlə dolu status yazır, 4-5 min adamla paylaşır.

O gün bir ağsaqqal hərəkatçı isə hansısa deputatin çıxışından narazı qalmışdı, adamın çıxışının mətnini paylaşıb yazmışdı ki, söyüş yazmaq mənim səviyyəmə düz gəlmir, amma siz “yalançının” ifadəsindən sonrakı “üç nöqtə”lərin yerinə istədiyiniz söyüşü yaza bilərsiniz.

Belə şeylər çox olur, tez-tez kimsə “mən söymürəm, siz söyün” çağırışı edir, əsəbi insanlar da müsbət reaksiya verərək, çağırışa qoşulur, söyüb ürəklərini boşaldırlar.

 (“Söyərək sakitləşmək” hərəkətinin xəstəlik olduğunu, laloçezia adlandırıldığını əvvəlki yazılarımda yazmışam, təkrar etməyə ehtiyac yoxdur).

Müstəqilliyin ilk illərində belə deyildi, adamlar xeyli mərifətli idi. Məsələn, parlamentdə çıxan qovğalarda birini söyməyə hazırlaşan partokrat deputat mütləq sözünə belə başlayırdı: “Mənim filankəs bəyə hörmətim var, ammaE” Ardınca söyürdü. Düzdür, söhbət ana-bacı müstəvisinə düşmürdü, ancaq aydın olurdu ki, “hörmət yiyəsi” olan deputat nanəcibin, əclafın biridir.

Belə yüksək səviyyəli, kübar adamlar var idi. İndi elə deyil, adamın daxili poçtuna, votsapına, yazdığı statusun, şərhin altına söyüş yazırlar.

Bu tendensiya kiminsə ağzı (üzü, qulağı, qarnı, onurğasının qurtaran yeri) cırılına, belinə şallaq dəyənə qədər belə davam edəcək. Çalışın zərərçəkən olmayın...

 

 

 

Tarix: 14-03-2018, 08:53
Xəbəri paylaş





Xəbər lenti