Saxta polislər hakim qarşısında - vətəndaşları həbslə hədələyir, pul tələb edirmişlər


Vətəndaşlara hədə-qorxu gələn saxta polislər hakim qarşısına çıxarılıb. Onlardan biri daha əvvəl fırıldaqçılıq əməlinə görə həns edilibmiş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Onlar Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevdir.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Fazil Əliyevin anket məlumatları dəqiqləşdirilən zaman bildirib ki, sabiq polis əməkdaşı olub.

A.Hikmətov və V.Əliyev isə daha əvvəllər məhkumluq həyatı yaşayıb.

Məhkəmənin baxış iclası iyulun 18-nə təyin edilib.

Onlar ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onların vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub.

Özlərini polis əməkdaşı kimi təqdim edən dəstə üzvləri qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

İlkin məlumata görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar. Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, həbs edilən şəxslər Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə ittiham edilirlər.

Tarix: 16-07-2018, 12:47
Xəbəri paylaş





Xəbər lenti