Bakıda polkovnikə 800 min manat rüşvət verənləri hansı cəza gözləyir?


Həbsdə olan polkovnikin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid İlkin Məmmədov ifadə verib.

Məlum olub ki, İlkin Məmmədovun məhkəməyə şahid kimi çağırılmasının səbəbi bu işdə keçən mobil nömrələrdən birinin odun adına olub. Belə ki, Sahib Şükürovla əlbir olaraq Xanımbacı İsmayılovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Natiq Məmmədovun sürücüsü olan Ramiz adlı şəxs İlkin Məmmədovun adına olan nömrədən istifadə edib.

Ramiz adlı şəxs 2016-cl ildə həmin nömrədən zəng edərək Xanımbacı İsmayılovadan bir neçə dəfə külli miqdarda pul istəyib. Amma İlkin Məmmədov deyir ki, həmin nömrəni sadəcə 4-5 at olar ki, alıb. Nömrənin əvvəlki sahibini isə tanımadığını deyir. Ehtimal edilir ki, Ramiz adlı şəxs həmin nömrələri istifadə etdikdən sonra işlətmədiyi üçün bağlanıb və nömrələr yenidən satışa çıxarılıb.

Hakim zərərçəkmişlərdən birinin - İlqar Əliyevin məhkəmədə iştirak etdiyini bildirib. Hakim xatırladıb ki, hər iki zərərçəkmiş rüşvət verdiyi üçün məsuliyyətə cəlb edilməlidir. Belə ki, İlqar Əliyev dövlət orqanına işə düzəlmək, Xanımbacı İsmayılova isə həbsdə olan qızını və nəvəsini azadlığa çıxarmaq üçün təqsirləndirilən şəxsə rüşvət verib. Hakim hər iki şəxsin əməli ilə bağlı Baş Prokurorluğa təqdimat göndəriləcəyini söyləyib.

Məhkəmə iclası avqustun 1-də davam etdiriləcək.

Digər şahid Orxan Əliyev də eyni epizod üzrə dindirilib. Məlum olub ki, Ramiz adlı şəxs Orxan Əliyevin də adına olan nömrədən Xanımbacı İsmayılovaya zəng edib. Orxan Əliyev məhkəmədə deyib ki, bu günə qədər adını mobil nömrə olmayıb. Hər iki şəxslə bağlı nömrələrin alındığı operatorlara yenidən sorğu göndərilib.

Qeyd edək ki, bu işdə adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır. Cinayət işində adı keçən Əli Kərimbəylinin də məhkəməyə çağırılaraq dindirilməsi tələb edilir.

Çünki, məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda o, Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.

S.Şükürov bunu təsdiqləyir: "Vaxtı ilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsi ilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim".

Xatırladaq ki, S.Şükürov iki epizod üzrə təqsirləndirilir. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı vədi ilə 800 minə yaxın pulunu alıb.

Sahib Şükürov bu əməlini də etiraf edir. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər".

Bildirək ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şükürov 1958-ci ildə Səbirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edilib və bir neçə illik azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıq aparıldığını, bəzilərinə pul verildiyini deyir.


Tarix: 25-07-2018, 20:57
Xəbəri paylaş





Xəbər lenti