Hər yerindən duran…


Çoxumuz hoydu-hoyduya götürdük. Əslində isə Azərbaycan Dəmir Yolları sərnişindaşımaları departamentinin rəis müavini Mədət Şıxəmirov hamımızın bildiyi bir gerçəyi anlatmışdı. Demişdi ki, SV-yə hər yerindən duran bilet aldığı üçün bu problem aradan qaldırmağa qərar veriblər. SV-yə bilet qiymətlərinin məbləği artırılıb ki, kasıb-varlı təbəqə arasında fərq özünü açıq aşkar göstərsin. Camaata “mədəni şok” yaşadan məmur daha sonra Cem Yılmaz demiş, “sıvama” bölümünə keçərək, əlavə etmişdi ki, kimsə gəlib aşağıdan iki yer alanda, dördnəfərlik ailə bütöv vaqona bilet tapa bilmirdi, ona görə də qiymət artımı qaçılmaz idi və sair və ilaxır...

Amma biz elə ilk sözlərdən anladığımızı anladıq. Birinci dəfə deyil ki. Bu ölkədə kasıbın aşağılanması hər addımda baş verir. Məmur, deputat səviyyəsində, üstüörtülü, üstüaçıq. Biri deyir, kasıb müəllim getsin işdən sonra bənnalıq etsin, o biri deyir, kasıb qışda xiyar yeməsin, turşu yesin. Milli Məclisin iclaslarını yadınıza salın, daim varlının yanında olma, kasıbı əzmə, onun hüquqlarının sıfırlanması. Sanki belə olmalıymış kimi. Məntiqlə dəmiryolçu müəllim səmimi davranb. Çoxunun gizli-gizli kasıbı əzmə siyasətini açıq mətnlə ifadə edib: “Sənin harana yaraşır lüks?” Təmiz söhbət.

Adama elə etiraz edirik ki, sanki hər gün kasıblığımızı sillə kimi üzümüzə vuran yeganə məmurdur. Məmuru boş verin, şəhərin mərkəzində, eləcə də bölgələrdə getdiyiniz restoran-kafelərdə sizə bunun mesajını vermirlər? Öz ölkənizdə ikinci sort vətəndaş münasibəti görmürsüz? Yayın əvvəlində bir restorana getmişdim, pəncərə qırağında uşaqlarımla özümə yer elədim, ofisiant tez gəlib dedi ki, bura rezervdir. Baxdım ki, masada rezerv sözü yazılmış lövhə qoyulmayıb, etiraz etdim. Ofisiant da israrla dedi ki, pəncərə qırağı qonaqlar üçündür. İnanın ki, cümlə elə bu cür idi: qonaqlar üçün... Anlamadım, məni ev sahibi hesab edirdilər, ya restorana şərik? Yanımda uşaqlar olduğu üçün söhbəti uzatmadım. Az keçmədən həmin yerə “qonaqlar” gəldi: bir ərəb, dörd arvadı, bir neçə uşağı... Halbuki onlar masanı rezerv-falan etməmişdilər. Sadəcə restoran onları daha hörmətli qonaq hesab edirdi. Məni isə “hər yerindən duran”....

Meşəyə gedirsən, iri lövhə çıxır qabağına: bura giriş pulludur. Daha əvvəlki illərdəki kimi “risovkalığa” da ehtiyac duymurlar. Meşədə tonqal qalamaq, piknik düzəltmək, samovar qalamaq...qadağandır kimi xəbərdarlıqlar klişe sayılır. Birbaşa, açıq mətnlə deyiliir: pulunu ver, gir içəri, təbiətin anasını ağlat. Meşəni kim, hansı əsasla, sənədlə satın alıb, bilinmir. Amma sən içəri girmək üçün pul ödəməlisən, vəssalam.

Ürəyindən yayda Türkiyənin istirahət mərkəzlərinə getmək keçir. Amma məlum olur ki, bu məqamda da sən “hər yerindən duran” kateqoriyasındasan. Harana yaraşır? Qanadın varsa, uç. Yoxdursa, qaxıl otur yerində. Ölkədə bəzi bərkgedən restoranlar, kafelər var ki, ora ancaq xarici müştərilər üçündür. Turizm anlayışını ağlar qoymaqdan başqa bir şey deyil bu. Bizimkilərə vur deyirsən, öldürürlər.

Bayaq klişedən söz düşdü. İndi də sosial şəbəkədə, mediada bir Zara etirazı başlanıb. Mədət müəllimin sözü olmasın, “hər yerindən duran” etiraz edir. Şəbəkələr pafosdan dağılır. Amma üç nəfər yığışıb konsertin keçirildiyi salonun qabağında heç olmasa oturaq da olsa etiraz aksiyası keçirmir. Hər Allahın günü “vətən, millət, Sakarya” deyənlərin biri də əlinə plakat alıb, şəhər küçələrinə düşmür. Çünki məşhur lətifədə deyilən kimi, əjdahalar uçur, amma bir az aşağıdan. Bəli, dezinformasiya yayırlar ki, bəs siz səhv bilirsiz, Zara erməni deyil, Rusiyada doğulub. Bu zaman da ortaya yeni bir kadr çıxır. Axçi müğənni üstünə basa-basa deyir ki, qanımda erməni qanı var və mənim nəslimi davam etdirənlər də erməni olacaq. Montajsız-kollajsız. Yəni, kimin Roma papasından artıq katolik olması hər zamankı kimi sual altına düşür.

Adama deyərlər... Bəli, deyərlər ki, hər yerindən duran... qayıdıb yerində otursa yaxşıdır....Yetimin əlində qoğal da, JARA bileti də, SV bileti də əcaib görünür...

Sevinc TELMANQIZI
Tarix: 29-07-2018, 16:29
Xəbəri paylaş





Xəbər lenti