Qalmaqallı Xəlilovun məhkəməsi başladı: ələ keçirilən milyonlar və "vor zakon" olmaq iddiası


"İnterpol"un tutduğu azərbaycanlı hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onun adı kriminal aləmdə də hallanıb.

Bu iş üzrə məhkəmə iclasına hakim Ənvər Seyidovun sədrlik edir. E.Xəlilov dövlətin milyonlarını ələ keçirməkdə ittiham edilir.

Belə ki, o, 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi "AİA", "Emil-96", "Titanus" və digər firmalarla Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin "RİÇ" firmasına da şəkər tozu gətirmək vədi verib.

Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub. Onun barəsində mətbuatda fərqli məlunatlar da var.

Belə ki, bu ilin avqust ayında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün “Facebook” səhifəsində Xəlilov haqda yazıb. Qeyd edib ki, azərbaycanlı E.Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

Y.Yenin yazıb ki, E.Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib: "Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.


Tarix: 5-11-2018, 20:00
Xəbəri paylaş





Xəbər lenti