Milyonçu oğrular üçün dumanlı cənnət


Bir humanist həkim olur, bir səhər işə getmək üçün avtomobilinə yaxınlaşanda görür ki, maşının sağ pəncərəsi sındırılıb, avtomobilin mücrüsündəki bir neçə yüz manat aparılıb. Həkim şikayət edir, polis əməliyyat keçirir, bir neçə gündən sonra qarətçini tuturlar, həkimi də polis bölməsinə çağırırlar ki, gəl, bax, sənə zərər vuran budur. Doktor polis bölməsinə gəlir, görür ki, onun maşınının şüşəsini sındıran və pulunu aparan qonşunun oğludur. Həmişə başqalarına yardım edən, əliaçıq həkim pis olur, deyir, ay oğul, sən elə səhər-səhər mənə yaxınlaşsaydın ki, əmi, xərcləməyə pul lazımdır, mən sənə bu qədər pul verərdim, ta maşının şüşəsini niyə sındırırdın. Qarətçi gənc onun bu ritorikasının qarşısında özünü sındırmır, deyir: “Başa düşmədim, niyə minnət götürməliydim ki... hazır, apardım də...”

Ölkə minnət götürməyən oğrularla doludur. İfşa olunanı var, olunmayanı var. İfşa olunanlarla olunmayanlar 1-in 100-ə nisbətindədir. Yəni biz o oğrulardan 1-2-ni tanıyır, 1001-ni tanımırıq.

“Tanımırıq” deyəndə də düzgün çıxmır, biz ölkədəki oğruların, demək olar ki, hamısını tanıyırıq, sadəcə, avropalı hüquqçu-mütəfəkkilərdən xeyli əvvəl təqsirsizlik prezumpsiyasını icad etmiş əcdadlarımız kimi, “Tutulmayan oğru, xandan, bəydən doğru” prinsipinə riayət edirik.

Onu da anlayırıq ki, o oğruların çoxu tutulmayacaq.

Daha bir dəqiqləşdirmə: Oğru deyərkən, söhbət hindən toyuq oğurlayanlardan, ərzaq dükanından çörək çırpışdıranlardan, qonşunun toğlusunu əkişdirənlərdən getmir. Ölkənin bütün elə oğrularının illik dövriyyəsi bir büdcə oğrusunun günlük maxinasiyası qədər deyil.

Məsələn, hazırda bütün Avropa əhli Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin ömür-gün yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlardan və onun hazırda həbsə alınmasından danışır.

İndi baxaq görək, ölkənin bütün toyuq, çörək, toğlu, portmanat, ayaqqabı oğrularının il ərzində oğurladığı əmtəələrin toplam qiyməti Zamirənin bir dəfə butikdə xərclədiyi qədər olarmı?

Heç cür olmaz. Xanım 22 min dollarlıq it gəzdirir, 3 min avroluq şərab içir, 15 milyonluq villada yaşayır, 21 milyonluq alış-veriş edir.  5 manatlıq kənd toyuğunu oğurlayanlar isə türmədə yatır, hər il bayramlarda əfv gözləyirlər.

Zamirə xanım bu boyda pulu əlinin zəhməti ilə qazanmayıb, bunu onun əri dövlətdən, xalqdan oğurlayıb - eynən həkimin maşınının şüşəsini sındırıb pulu oğurlayan qarətçi kimi.

Ancaq heç demə, toyuq oğrusundan fərqli olaraq, milyonları oğurlayanların müdafiəçiləri çox olurmuş. Neçə gündür, fikir verirəm, xüsusilə də sosial şəbəkələrdə belə fikirlər yazılır: “Tək o deyil ki, hamı oğurlayır”; “Qoy o biri oğruları da tutsunlar”; “Görün, hələ başqaları nə qədər oğurlayıb” və s.

Bütün bu fikirlərdə böyük həqiqət payı var, amma bu, eyni zamanda oğruya bəraət qazandırır. O, heç kəsin minnətini götürmədən çıxıb deyə bilər ki, yaxşı eləmişəm, hamı oğurlayırdı, mən də oğurladım. O zaman camaat deyəcək, kişi qızıdır, necə də səmimidir, düz deyir.

Bu halda da oğurluq qəbahət əməllər kateqoriyasından çıxır, normaya çevrilir.

Deməli, bütün oğrulara qarşı güzəştsiz olmaq lazımdır - necə ki, toyuq oğrularına qarşı cəmiyyət də, dövlət də, qanunlar da güzəştsizdir, büdcə oğrularına qarşı da elə olmaq gərək.

Düzünə qalsa, mən oğurluq pullarla Londonda kef edən Zamirə Hacıyevanın gələn ilin yayında Azərbaycana ekstradisiya ediləcəyinə inanmıram. Əgər onun yerində supermarketdən ayaqqabı oğurlayan başqa bir soydaşımız olsa, bəlkə də tutub göndərərdilər. Amma milyonçu oğrunu ekstradisiya etmək asan deyil. Budur, xəbər gəlir ki, onun yarım milyonunu “zamin pulu” adıyla alıb, ev dustaqlığına buraxıblar. Hələ bəlkə də gələn il 5-6 milyonun da alacaq, siyasi məhbus statusu verəcəklər ki, Azərbaycanda həyatına təhlükə var.

Çünki Londonda da haram pula qonmağa hazır dələduzlar çoxdur. Elə olmasaydı, dünyanın hər yerindən milyonçu oğrular pullarını dumanlı Albiona daşımaz, orada özləri üçün cənnət guşələri düzəltməzdilər.

İngilislər də milyon oğurlamağın yolunu belə tapıblar, hesab edirlər ki, oğrudan oğruya halaldır.

Samir SARI
Tarix: 9-11-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti