"Qanun mənim tərəfimdədir, qarşı tərəfin iddiaları tam əsassızdır" - UMUXANIM HÜSEYNZADƏ

 "Mən dələduzların qurbanlarından birinə çevrilmişəm"
"Halal pulumu verib, vicdanlı alıcı kimi ev almışam"
"Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının qeyri-rəsmi Kanada koordinatoru Rəna Müslümova şəxsi məsələmi hallandıraraq təşkilatın müzakirə predmetinə çevirərək təşkilat rəhbərindən istefamı tələb etdi"
Azərbaycanda türkçülüyün fəal təbliğatçılarından biri olan, politoloq Umuxanım Hüseynzadə bugünlərdə özünün Facebook səhifəsində üzləşdiyi problemlərə, daha dəqiq desək, ona qarşı ünvanlanan ittihamlara, təzyiqlərə dair status paylaşıb. Belə ki, xanım politoloq sosial şəbəkələrdə Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) qeyri-rəsmi Kanada koordinatoru Rəna Müslümova, eyni zamanda digər qeyri-rəsmi nümayəndəlikləri tərəfindən təqiblərə məruz qaldığını bəyan edib. Məhz elə bu səbəbdən də Umuxanım Hüseynzadə ilə sözügedən mövzu ilə bağlı söhbətləşdik.
- İlk öncə olayların hansı səbəbdən bu həddə çatmasına aydınlıq gətirməyinizi istərdik. Necə oldu ki, sizə qarşı təqiblər başladı?
- Deməli, məsələ belədir. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı keçən il yaranıb. Yəni ictimai könüllülər birləşib belə bir şey düşündük və qərara gəldik ki, bunu təşkilatlandıraq. Məqsədimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ictimaiyyət üçün faydalı işlər görmək idi. Beləliklə də bir neçə ictimai fəalla birlikdə könüllülər dəstəsi yaratdıq və bundan sonra sosial şəbəkədə fəaliyyətimizə dair geniş məruzə etdik. Təbii ki, bu haqda mən yazır, məlumat verirdim. Çünki ictimaiyyətlə əlaqələr departamentinə mənim rəhbərliyim uyğun görülmüşdü. Daha sonra təşkilatlanmağa qərara gəldik. Təşkilatlanmanın ilk mərhələsində, BDAT-ın beynəlxalq status alması üçün Fransada keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq statusun alınması üçün Rauf Zeyninin (söhbət Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidentindən gedir-red.) qardaşı oğlu Rza Zeyni yaxından köməklik edəcəyini bildirdi. Belə ki, o Fransada aktiv vətənpərvər fəallardan biridir. Lakin müəyyən məsələlərə görə təşkilatın Fransada beynəlxalq status məsələsi alınmadı və bu iş yarımçıq qaldı. Uzun söhbətlərdən və məsləhətləşmələrdən sonra Birləşmiş Dünya Azərbaycanlıları könüllülərindən ibarət olan platformamızı təşkilat olaraq qeydiyyatdan keçirməyi Türkiyə qeyri-rəsmi koordinatoru Gürsəl Özdəmir öz üzərinə götürdü və heç bir problemin olmadığını dedi. Bu ərəfələrdə, təxmənin 3-4 ay ərzində BDAT Türkiyədə beynəlxalq təşkilat kimi qeydiyyatdan keçdi. Lakin nə Azərbaycanda, nə İsveçdə, nə Kanadada, nə də Rusiyada Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Odur ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı yalnız Türkiyə Cümhuriyyəti daxilində səlahiyyətləri çərçivəsində nəsə əmr və ya bəyanat verə bilər.
- Səhv etmirəmsə, sizi kiminsə evini əlindən almaqda ittiham edirlər. Bu nə məsələdir?
- 2016-cı ilin may ayında rəsmi qaydada ev aldım. Belə oldu ki, mən dələduzlara rast gəldim. Yəni aldığım evin sahibi sonradan evdən çıxmadı. Pulları bacı-qardaş aralarında bölüşdürdükdən sonra, olanlar mənə oldu. Sonra həmin adamlar cinayət işinə görə Nərimanov rayonunda axtarışa verildi. Mən də dözə-dözə, səbr edə-edə 2017-ci ilin aprel ayında özümə vəkil tutdum. Çünki onların evdən çıxmaq niyyətində olmadıqlarını dəqiqləşdirdim. Bununla da məhkəməyə müraciət etdim. Nəzərinizə çatdırım ki, Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, o cümlədən Ali Məhkəmə mənim xeyrimə qətnamələr qəbul edib. Yəni bütün məhkəmə instansiyaları da təsdiqləyib ki, dələduzlarla qarşılaşmışam. Odur ki, onlar halal pulla aldığım evdən çıxmadıqları üçün məhkəmələr mənim xeyrimə qərar veriblər. Bir müddət keçdikdən sonra, hardasa keçən ayın 5-də qərar icraya gəldi. Təbii ki, ev alan evini istəməlidir. Başqa cür ola da bilməz. Onlar işi çıxılmaz vəziyyətdə görüncə, bu dəfə bu məsələni ictimailəşdirdilər və buna ən böyük dəstəkçiləri təəssüf ki, əməkdaşlıq etdiyim sözügedən təşkilat rəhbərlərinin düzənbazlığı olub. Buna dəlil olaraq, verilişin efirə getməsinə bir gün qalmış Rəna xanımın öz Facebook səhifəsində yazdığı statusu göstərmək kifayətdir. Belə ki, evini aldığım şəxsin yaşlı anası və qardaşı məndən şikayət etmək üçün "Space" telekanalına gedərək haqqımda absurd ittihamlar irəli sürmüş, özlərini acındırmağı bacarmışlar və təşkilat rəhbərləri də yekdil olaraq bunu ictimailəşdirməyə qərar vermişlər. Halbuki burda ictimailəşdiriləcək heç bir məsələ yoxdur. Bu, mənim şəxsi evimdir. Halal yolla qazandığım pulla özümə ev almışam və evimin mənə təhvil verilməsini tələb edirəm. Belə ki, hələ də mənimlə qərəzini anlaya bilmədiyim Rəna xanım (söhbət Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının qeyri-rəsmi Kanada koordinatoru Rəna Müslümovadan gedir-red.) efirə getməyən veriliş haqqında öz Facebook səhifəsində bir gün öncə haqqımda şəxsiyyətimi alçaldan status yazmış və dostları da buna fikir bildirmişlər. Statusun skrinşotu maddi sübut olaraq məndə saxlanılır. Daha sonra isə bu qoçaq xanım haqqımda rəhbərlikdən guya rəsmi bəyanat tələb edərək verilişin linklərini qərəzli və gizli şəkildə bütün Facebook izləyici və səhifə dostlarıma özəl qutuları vasitəsilə ünvanlamağa başladı. Buna maddi sübut olaraq dostların göndərdiyi skrinşotları və yazıb etiraf etdiyi rəyləri də var. Yəni bu yolla mənim ictimaiyyət arasında nüfuzdan düşməyim üçün əllərindən gələni əsirgəmirlər.
Onu da qeyd edim ki, özünü təşkilat rəhbərləri kimi qələmə verən Rusiya qeyri-rəsmi koordinatoru Sərraf Sabiroğlu Kərimov dostlarıma "Space" telekanalının aparıcısı Amil Xəlilin vasitəsilə aldadılıb çağırıldığım ikinci verlişin efirə gedəcəyi barədə xəbərdarlıq məlumatını yayımlamağa başladı. Bu barədə də skrinşotlar məndə maddi sübut kimi saxlanılıb. Mən baş açmıram, bu şəxslərin mənimlə qərəzi nədir? Bununla kifayətlənməyərək təşkilatın Azərbaycandakı qeyri-rəsmi mətbuat katibi Samir Şirvanzadə haqqımda nüfuzumu və ləyaqətimi alçaldan əsassız ittihamlar irəli sürülən yazı dərc etdirib. Belə ki, Samir Şirvanzadə çalışdığı musahibe.az saytında nəinki mənim nüfuzumu, hətta dövlət orqanlarının haqqımda qət etdiyi qətnamələri şübhə altında qoymuş və Azərbaycan dövlətinin Ali Məhkəməsinin qətnaməsinə qarşı hörmətsizcə davranmışdır. Yazıya həmçinin, "Space" telekanalının "Dərdini bizə danışın" verlişinin reytinq qazanması üçün linki də əlavə edilmiş və bütün sosial şəbəkələrdə paylaşmışdır. Həmin yazı da Facebook dostluğumda olan şəxslərə daxili qutu vasitəsilə ünvanlanmışdır. Bu şəxslərin mənimlə nə kimi qərəz tutduqlarını anlamaq istəyirəm. Hələ də Azərbaycanda, Kanadada, Rusiyada, İsveçdə və heç bir dövlətdə ədliyyə qaydaları ilə qeydiyyatdan keçməyən, lakin adı hallanan bu nümayəndəliklər təşkilata aid olmayan qeyri-qanuni işlərlə məşğul olur. Dövlətin nüfuzunu qalmaqallı sosial layihələrlə və məişət zəminində şəxsi işlərlə nəzərdən salmaqla məşğuldurlar. Təbii ki, bunun da arxasında mənfəətpərəst xislətləri durur. Nəzərinizə çatdırım ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Türkiyə Cümhuriyyətində beynəlxalq təşkilat kimi qeydiyyatdan keçib və hazırki prezidenti Gürsəl bəy Özdəmirdir. Bir daha bildirirəm ki, bu təşkilat bütün bəyanatlarını və qəbul etdiyi qərarları yalnız Türkiyə Cümhuriyyəti məkanında, qayda-qanunları çərçivəsində həyata keçirə bilmək səlahiyyətinə malikdir. Hələ də yuxarıda qeyd etdiyim ölkələrdə qanuni şəkildə nümayəndə heyətlərinin açılmadığı halda təşkilatın adını öz mənafelərinə görə hallandıran bu şəxslər, haqqımda Azərbaycan Konstitusiyasına və Ədliyyə Nazirliyinin qanunlarına zidd hərəkət edərək öz cılız nüfuzlarından sui-istifadə edib guya təsdiqlənmiş təşkilat kimi əmrlər və bəyanatlar verərək yayımlayırlar. Şəxsiyyətimi, ləyaqətimi və dövlətimin mənafeyini bütün mənfəətlərdən yüksək bildiyim üçün mən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən nümayəndəlik kimi qeydiyyata alınmayan, lakin adından hər yerdə öz məqsədləri üçün sui-istifadə edilən bu təşkilatdan bəyanat yazaraq, tutduğum qeyri-rəsmi vəzifədən istefa etmişəm. Buna baxmayaraq, haqqımda qərəzli mövqedən çıxış edən "təşkilatçılar" nüfuzuma xələlverici iddialarla adımı hər yerdə hallandırıb, mənə "dələduz" damğasının vurulmasına cəhd göstərirlər. Eyni zamanda, ictimaiyyəti aldadaraq Azərbaycanda bu təşkilatı qeydiyyatdan keçmiş kimi göstərir və özlərini təşkilat rəhbərləri kimi qələmə verib getdikləri hər ünvanda, teleməkanlarda Azərbaycan dövlətinin adından çıxış edir və adını hallandırırlar.
 
- Mümkündürsə, "Space" telekanalında yaşanan olayla bağlı ətraflı məlumat verərdiniz. Aparıcı Amil Xəlilin təqdimatında efirə gedən "Gəl dərdini danış" verilişində nələr baş verib?
- Məni "Space" telekanalı vasitəsiylə verilişə çağırdılar və dedilər ki, dünya azərbaycanlıları haqqında mövzu müzakirə olunacaq. Bu səbəbədən də o verilişdə ekspert kimi iştirakıma razılıq verdim və sözügedən mövzu ilə bağlı müzakirələrdə iştirak etmək üçün hazırlaşdım. Studiyaya daxil olduqda gördüm ki, bir şəxs əyləşib və aralarında ekspertlər də vardı. Doğrusu, verilişin gedişatı xoşuma gəlmədi, lakin etika xətrinə studiyanı tərk etmədim. Qeyd edim ki, bir qədər sonra aparıcı Amil Xəlil dedi ki, sizi sosial şəbəkədən izləyirəm, millətçi, vətənpərvər və tənqidə açıq bir xanım olduğunuz qənaətindəyəm. Eyni zamanda, haqqımda bir şikayət olduğunu bildirdi. Məndən kimin və nə üçün şikayət etdiyini soruşduqda dedi ki, siz vətəndaşların evini əlindən almaqda ittiham olunursunuz. Bunu eşitdikdə şoka düşdüm. Axı, mən heç kimin evini əlindən almamışam. Mən halal pulumla, vicdanlı alıcı kimi özümə ev almışam və bütün proses rəsmi qaydada aparılıb. Dedim, çağırın görüm məndən şikayət edən kimdir. Gördüm ki, evini aldığım şəxsin anası və digər oğlu studiyaya daxil oldu. Qeyd edim ki, evini aldığım şəxs və onun bacısı oğlu hazırda Nərimanov Rayon Polis İdarəsi tərəfindən törətdiyi bir neçə dələduzluq əməllərinə görə axtarışdadırlar. Bunları özlərinin də etiraf etmələrin baxmayaraq, efirdə ünvanıma əsassız ittihamlar, təhqir dolu ifadələr səsləndirdilər. Səbrlə dözdüm və sonra dedim ki, mən qanuni yolla ev almışam, proses qanun çərçivəsində aparılıb. Məhkəmə instansiyaları da bunu təsdiqləyiblər. Odur ki, dələduzluqla mən yox, onlar məşğuldur. Belə ki, həmin qadının verilişə gələn oğlu etiraf etdi ki, qardaşı 29 maşınla yanaşı, həm də digərlərinə məxsus olan şəxsi evləri satmış və vətəndaşlar da onun barəsində hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət ediblər. Əslində, mən onların qurbanlarından birinə çevrilmişəm. Mən pulumu verib, vicdanlı alıcı kimi ev almışam. Məsələni belə görən Rəna xanım və digər adını qeyd etdiklərim, guya təşkilatın mənafeyini qoruyurmuş kimi baş verən bu halı əleyhimə istifadə edərək mənim sözügedən təşkilatın sıralarından xaric olunmağımı tələb etdilər. Həmçinin adıma, ləyaqətimə xələl gətirə biləcək və şəxsim üçün ictimaiyyət arasında dələduz kimi fikir formalaşdırıb "vurmağa" başladılar. Təbii ki, heç bir qürurlu qadın bunu özünə sığışdıra bilməz. Onu da nəzərinizə çatdırım ki, bundan bir gün öncə 120 min üzvü olan "Bütün Dünyanın Türkləri Birləşin" adlı qrupumuz hakerlər tərəfindən dağıdıldı. Burada məqsəd o idi ki, mənim söz deyəmə arenam olmasın. Həmin qrupa düz 9 il əziyyət çəkmişdim. Ora xalqın, vətəndaşların, eyni zamanda medianın tribunası idi. Həmin qrup vasitəsiylə ölkədə türkçülüyü təbliğ edir, bu istiqamətdə maarifləndirici işlər görürdüm. Bunlar isə mənim kimi bir insanı kiminsə haqqını tapdamaqda, evini əlindən almaqda ittiham edirlər. Bunlar hamısı cəfəngiyatdır. Bir daha qeyd edirəm ki, həmin evi halal pulumla, qanuni yolla almışam. Əlimdə bunu təsdiq edən bütün zəruri sənədlər mövcuddur. Əgər günahım olsaydı, o zaman məhkəmə instansiyaları xeyrimə qərar qəbul etməzdilər. Bir sözlə, qanun mənim tərəfimdədir. Odur ki, qarşı tərəfin bütün iddiaları tam əsassızdır. Bu səbəbdən də dövlətimdən və əlaqədar orqanlardan rica edirəm ki, Azərbaycan vətəndaşı olduğumu, xanımlığımı, ləyaqətimi, iki övlad anası olduğumu nəzərə alıb haqqımda söylənilən ittihamlara görə bu şəxslər barəsində lazımi tədbirlərin görülməsində mənə dəstək olsunlar.(Hurriyyet.org)
Siam.az
Tarix: 15-11-2018, 07:39
Xəbəri paylaş





Xəbər lenti