"Tahir Kərimli nə tez maaşdan şikayət edir?" - Jurnalistlər danışır


"Tahir Kərimli nə tez maaşdan şikayət edir?" - Jurnalistlər danışır

Deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında millət vəkillərinin deputatlıq fəaliyyətlərini həyata keçirmələri üçün onlara verilən müavinətlərin artırılmasını təklif edib.

Millət vəkili həmçinin bildirib ki, Milli Məclis əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması, o cümlədən onların mənzillə təmin olunmaları məsələlərinə də baxılması münasib olardı.

Bu açıqlama həm sosial şəbəkələrdə, həm də mediada ciddi ajiotaj yaratdı. Məsələyə ən çox reaksiya verənlər isə həmişəki kimi media nümayəndələri oldu. 

T.Kərimlinin açıqlamasına sərt rekasiya verən jurnalistlərin də dolanışığı ilə maraqlanmaq qərarına gəldik. Gəlin görək cəmiyyətdə güzgü rolunu oynayan, daim problemləri qabardan jurnalistlərimizin dolanışığı və aylıq məvacibləri necə onları qane edirmi?

"A24.az" saytının rəhbəri İlkin Mustafayev deyir ki, bu gün Azərbaycanda əhalinin orta aylıq gəlirləri nəzərə alındıqda, mənim maaşım kifayət qədər yüksəkdir:

“Amma bu, 6 nəfərdən ibarət ailəmin xərclərini qarşılamaq üçün kifayət etmir. Çünki ölkədə qiymət artımına nəzarət edilmədiyi üçün, tələbat mallarının qiymətləri ayda azı 10% artır. Əvvəllər işbazlar qiymət artımını dolların devalvasiyası ilə əlaqələndirir, məhsulların xaricdən gətirilməsi ilə izah edirdilər. Artıq iki ilə yaxındır ki, dollar sabit qalıb, buna baxmayaraq qiymətlər durmadan artır. Ona görə də əhalinin dolanışıq vəziyyəti daha da çətinləşir. Deputat Tahir Kərimlinin dediklərində haqlı məqamlar var. Çünki onun xərcləri Milli Məclisdən aldığı maaşa baxanda daha çoxdur. Məsələn, mən ayda 2, yaxud 3 toy məclisində iştirak edirəm, hər məclisə 50 manat pul yazdırıram. Ancaq bir millət vəkili düşünürəm ki, daha çox məclisdə iştirak edir, bizdən daha bahalı paltarlar geyinir, bir sözlə onun xərcləri daha çoxdur. Ancaq deputat bunu dilə gətirərkən əhalinin qazancını, ölkədəki orta aylıq nominal əmək haqlarını nəzərə almalıdır. Çünki səhər tezdən yuxudan oyanıb, günün əksər hissəsini küçələrdə keçirən təmizlikçi qadınların, bəzi müəllimlərin, həkimlərin azı onun aylıq gəlirindən 5 dəfə az qazandığı nəzərə alındıqda, onun şikayətlənməyə haqqı yoxdur. Əgər maaşların artırılmasından şikayət edilirsə, əvvəlcə özlərindən yox, sadə xalqdan başlamaq lazımdır".

Jurnalist İlkin Muradovun fikrincə, hamı bilir ki, ölkədə həkimin, müəllimin, neftçinin maaşı azdır və alınan aylıq məvaciblə bu təbəqədən olan insanların dolanışığı mümkün deyil:

"Çox uzağa getmədən, öz ətrafımıza nəzər salanda görürük ki, insanlar nəyin ki, ayın sonuna, heç yarısına qədər maaşlarından nəsə saxlaya bilmirlər. Hər ay sonuna borcla çatırlar. Düşünürəm ki, elə jurnalistlər də bu vəziyyətdədir. Hətta daha böyük maddi sıxıntılarla yaşayan həmkarlarımız var. Amma bütün bunları nəzərə almayan, millətin vəkili olmaq vəzifəsini daşıyan bəzi deputatlar maaş davası edir. Milli Məclisin xərclərinin, ezamiyyət pullarının artırılmasını istəyirlər. Səhv etmirəmsə, ən az maaş alan deputat 1500 manat alır. Bu isə yuxarıda sadaladığımız təbəqədən olan insanların aylıq qazancından qat-qat artıqdır. Bu fikirlər sadəcə cəmiyyətdə, insanlar arasında qıcıq yaradır. Mən başa düşə bilmirəm ki, Tahir Kərimli nə tez maaşdan şikayət edir? O, ki, hələ yeni sayılacaq deputatlardandı. Adama deyərlər, 1500-ə yaxın maaş alırsan, deputat kimi müəyyən imtiyazların var, isti yerdə oturmusan, bəs camaat? Ölkədə yüzlərlə həlli vacib olan problemlər var. Tibbi sığorta, şəhid ailələrinə verilməli olan yardım, pensiyanın azlığı və başqa belə problemlər olan yerdə T. Kərimlinin və digər deputatları maaş davası etməsi hansı ədalətə sığır? Onlar papaqlarını qabağına qoyub nə fikirləşirlər?".

Jurnalist Pərviz Hüseyn:

"Tahir Kərimliyə maaşı çatmırsa, mən hər ay öz maaşımın 20%-ni ona verə bilərəm. Baxıram ki, ciddi iqtisadi böhran yaşayır. Nə də olsa, biz öyrəşmişik, birtəhər dolanmağa. Təki deputatlarımız yağ-bal içində yaşasın. Maaşım isə nə qədər artsa da, çatmır. Necə deyərlər, bal yeyənin bal, şor yeyənin isə şor dərdi var".(Cebhe.info)


Tarix: 16-11-2018, 15:58
Xəbəri paylaş





Xəbər lenti