ABEL MƏHƏRRƏMOVA DOST DEYƏNLƏR NİYƏ BU GÜN DÜŞMƏNƏ ÇEVRİLİBLƏR?



image here

…İki gündür BDU-nun rektoru, akademik Abel Məhərrəmovun işdən çıxarılması və Madriddə baş verən olaylar ilə bağlı qalmaqallar davam edir. Hansı saytı açırsan, bu qalmaqalın üstünə on beşini də qoyub yazırlar. Ən dəhşətlisi budur ki, hətta övladları BDU-da məhz Abel Məhərrəmovun sayəsində qırmızı diplom alanlar bu işdə daha böyük canfəşanlıq edirlər, yazırlar, yazdırırlar... Kimsə buna plüralizm, söz azadlığı deyirsə, çox pis. Ortada istintaq qərarı, yaxud rəsmilərin rəsmi məlumatı olmadığı halda, Abel Məhərrəmovun bu dərəcədə aşağılanması, təhqir olunması, ailəsinə, övladına qarşı aqressiya nə dərəcədə o söz azadlığı çərçivəsinə sığır?
Təsirli haldır, imzalara-sifətlərə baxıram, dünən Abel Məhərrəmovun barəsində dastan danışanlar, rəvayətlər uyduranlar bu gün elə ittihamlar səsləndirirlər ki, adam məəttəl qalır…
Mənim Abel Məhərrəmovla heç bir bağlılığım yoxdur… Amma rəsmi müstəvidə bu insanın Azərbaycan elitasında özünəməxsus yeri var… Hadisədir, olub. Bir ölümdən, bir də həyatın belə ağlagəlməz hadisələrindən kimsə sığortalanmayıb. Bəs bir vaxtlar Abel Məhərrəmovun kabinetinin qarşısında boyun büküb ondan bəhrələnənlər, ona dostumdur deyənlər, əlini öpənlər, gecəsi-gündüzü bir yerdə keçən deputat (keçmiş) dostları niyə indi susurlar? Mən demirəm ki, heç kim heç nə yazmasın, deməsin, danışmasın, amma ciddi çağırışlar saytları bəzəyir, professor, akademik titutulu olan şəxsə qarşı aqressiya sərgilənir. Abel Məhərrəmovu intihara çağıranların da statuslarını izlədim. Olmaz! Düşünürəm ki, olmaz! Bir Allahdır günahsız. Günahı varsa, cəzasını çəkəcək. Amma…
***
…Abel Məhərrəmovun məqalələrini az qala hər gün qəzetində çap edənlər də indi ağzına su alıb səsini çıxarmır. Belə də münasibət olar? Təkrar edirəm, Prezidentin sərəncamını dərc etməyə heç kim mane olmur, amma bu sosial şəbəkələrdə, saytlarda təhqiramiz, aşağılayıcı… yazılara münasibət bildirilməsinə kim mane olur?
Dostlar, bunu ona görə yazmadım ki, Abel Məhərrəmovu müdafiə edən yazılar yazın və ya yazdırın, çap etdirin… Bunu ona görə yazıram ki, belə çətin anda vaxtilə dost dediyiniz, qarşısında ən azı baş əydiyiniz, şəninə tostlar dediyiniz, tərifli məqalələr çap etdirdiyiniz… Abel Məhərrəmovun barəsində ən qatı düşmən obrazı yaratmaq cəhdinizdən çəkinəsiniz. Həyatdı, bundan betəri hər birimizin başına gələ bilər. Hər şeyə təmkinlə yanaşma imkanınızı əldən verməyin… Belə hərəkətlərinizin mənfi tərəfi odur ki, bununla da sizlər cəmiyyətə «Dünən dost olan bu gün düşmənə çevrildi», -kimi zərərli qənaətinizi gətirirsiniz.
Asif Mərzili
P.S. Dünən Abel Məhərrəmova dost və tost deyənlər bu gün düşmənə çevrildilər və dostları barədə əcaiblər yazanlara susurlar… İndiki halda isə, susmaq ən böyük anlamda onun əleyhinə danışmaqdan daha təhlükəlidir, məncə…
Tarix: 16-11-2018, 23:33
Xəbəri paylaş





Xəbər lenti