Yaxşı oğlan -pis oğlan söhbəti


Hadisə baş verən gündən eyni mövqedəyəm. Bu ilin yanvar ayında aktyor-rejissor Rza Rzayev məktəb direktoru Tural Mirzəliyevlə insident yaşayanda da bu sözləri demişdim, indi də deyirəm. Düzdü, indi məsələnin rəngi daha da tündləşib, çünki ortaya yumruqlar girib. Amma mahiyyət dəyişməyib.

Bu mövzuda bir neçə yazı, köşə yazmış və hətta canlı yayın gerçəkləşdirmiş biri olaraq deyirəm ki, yumruqların, zorakılığın işə qarışdığı, göyərmiş gözlərin, qanamış burunlarin, gipsli qolların olduğu yerdə heç vaxt hadisəyə haqq qazandırmaq olmaz. Ol-maz! Bu sözü ona görə hecalayıram ki, anlaqsız şüurlara bir daha səslənə bilim.

Ortadakı olay nədir, bilirsizmi? Məktəbdə qanunsuzluq olduğunu iddia edən bir müəllimənin yaxını direktorla haqq-hesab çürütməyə çalışır. Çalışır da, çalışır... Aylardır davam edən insident daha sonra bir məhkəmə binasının qabağında partlayır. Olaya yumruqlar qarışır. Aktyor iddia edir ki, direktor o məktəbdə qanunsuzluqla yanaşı, qadın müəllimələrə qarşı da xoş olmayan münasibət sərgiləyib. O da bir azərbaycanlı kişisi olaraq məsələyə müdaxilə edib. İndi mənzərəyə baxıram: bir qisim sırf azərbaycançılıq prinsipindən çıxış edərək haqq qazandırır aktyora. “Hamımızın anası-bacısı var, görk olmalıdır” məntiqi ilə. Halbuki bu iddianı təsdiqləyəcək heç bir fakt yoxdur ortada. Hanı o namusuna söz edilən, taciz qurbanı olan müəllimələr? Niyə biri qabağa dayanıb, “bəli, bu direktor mənə qarşı xoşagəlməz ifadə işlədib” demir? Hansı səbəbdən kimsə ortaya düşüb, öncə dərs saatı, korpus iddiası ilə münaqişə aparıb, sonra namus-əxlaq davası aparmalıdır?

Həqiqətən də cəmiyyət bu məsələdə iki hissəyə bölünüb. Hətta rəyinə hörmət etdiyim şəxslər belə deyirlər ki, bəzi üzdəniraq, əzilən-büzülən gənclərdənsə Rza kimi namuslu-qeyrətli kişilərin cəmiyyətdə olması daha faydalıdır. Tamam, ətrafımız qeyrətli kişilərlə dolu olsun. Qadınlara, qızlara gözəl davransınlar, tanımadıqları qadınlara bacı gözü ilə baxsınlar. Amma zorakılıq ortaya girmədən həll olunsun bu məsələlər. Ölkənin polisi var, hüquq-mühafizə orqanı var. Başına bir iş gələndə 102-yə zəng edirsən, bir neçə dəqiqə sonra hadisə yerinə gəlirlər. Məsələ həll olunmamış, iş bağlanmamış da əl çəkmirlər. Belə hərəkət edən birinin polis tərəfindən cəzalandırılması daha doğru deyilmi? Həbs, türmə həyatı... Nəzərə alanda ki, qız-gəlinə sataşmağa görə həbsə düşənləri türmədə nələr gözləyir, bunun daha ədalətli addım olduğunu düşünmədən keçməyək. Yoxsa ki, “belələrinin dişi qarnına töküləcək, gözü göyərəcək” deyib cəmiyyətdə terror, oğru qanunları əsdirmək niyə xal qazanmalıdır axı?

Baxın, bu gün onlara, sabah sizə... Bu təfəkkür cəmiyyətdə geniş yayıldıqca bizim heç birimiz bundan sığortalanmayacağıq. Sabah bu ideya daşıyıcıları sizin, mənim kimi insanların da qabağını kəsib, qanunlar tətbiq edə, göstərişlər verə bilərlər. Məsələn, “yaxşı oğlanın bacısı bu cür geyinməz” deyib, gözünüzün qabağında kiminsə təsbeh oynatmayacağı nə məlum? Hamı öz ədalətini özü bərqərar etməyə qalxsa, sabah bu ölkədə döyülməyən müəllim, həkim, jurnalist, bank işçisi qalmaz. Tamam, türklər demiş, bizim cəmiyyətin “yumşaq qarnı”dır namus söhbəti. Fransada bir direktor bir müəlliməyə “sizin adınızın mənası oddur, atəşdir” desə, müəllimə işvəkarcasına “bonjuğ... O mon dyö” deyib qəhqəhə çəkə bilər. Əgər sözün deyiliş intonasiyası, deyilərkən seçilən üz ifadəsi, jestlər xoşuna gəlməsə, uzaqbaşı taciz davası aça bilər. Amma rəfiqəsinin qardaşı məktəbə gəlib, direktorun alnını partlatmaz.

Yenə də deyirəm, bu işin sonu yox. Barbar qanunları ilə cəmiyyətdə simpatiya qazanılmaz. Yoxsa, get-gedə bəyənmədiyimiz İrana, Türkiyəyə dönərik. Bəli, Türkiyəyə. Son illər qardaş ölkədə şortik geyindiyi üçün yolda döyülən, öldürülən neçə-neçə qız, qadın var, bilirsizmi? Ramazan ayında servis verən kafelərə basqın edən “qara kurtkalı” qaqaşlar dəstəsi barədə eşitmisizmi?..

Məsələ aydınlanmayıb, tərəflər daşlarını ətəyindən tam tökməyib hələ. Bu xəmir də çox su aparacaq. Amma xəmir hazır olub, çörək yapılana qədər... Lütfən, hər kəs papağını, məntiqini, ağlını qabağına qoyub bir daha düşünsün. Olayın rəngini tündləşdirmədən, gerçəkləri kontekstdən çıxarmadan, məsələləri başqa məcralara yönəltmədən. Zorakılıq pisdir, bağışlanmazdır. Bunu cəmiyyətə xoş bir davranış kimi yaymayaq. Yoxsa tezliklə qabağımıza çıxacaq...

Sevinc TELMANQIZI
Tarix: 26-11-2018, 09:20
Xəbəri paylaş





Xəbər lenti