“Vəziyyət çox ürəkağrıdandır, ölkəmizin nüfuzu da ciddi zərər görür...”


“Vəziyyət çox ürəkağrıdandır, ölkəmizin nüfuzu da ciddi zərər görür...”
Rusiyada azərbaycanlı iş adamı Toğrul Tağıyevin gülləbaran edilərək qətlə yetirilməsi gündəmin mövzularından birinə çevrilib. Hadisə ilə bağlı əldə edilən ilkin məlumatlarda iş adamının Şəmkirdən olan həmyerliləri tərəfindən öldürülməsi barədə iddialar bir məsələni yenidən aktuallaşdırıb.

Xarici ölkələrdə, xüsusilə, Rusiyada yaşayan azərbaycanlıların nə üçün bir-birinə qənim kəsilməsi ciddi müzakirə mövzusuna çevrilib. Bunun səbəbləri barədə ən müxtəlif mövqelər səslənir.

Qeyd edək ki, bu qətldən iki ay öncə Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Türkiyədə şəriki, azərbaycanlı Gözəl Dəmirov tərəfindən qətli son aylarda bu istiqamətdə müzakirələri intensivləşdirib.

Sosioloq Əhməd Qəşəmoğlu azərbaycanlıların bir-birinə qənim kəsilmələrinin səbəblərindən danışdı: “Min illərdir bizim ən müdrik alimlər, dünyanın müdrik alimləri yazdıqları kitablarda, peyğəmbərlər deyiblər ki, hansı cəmiyyətdəki mənəvi dəyərlər öndə olur, o cəmiyyət get-gedə özü-özünü tənzimləyir. İnsanlarda belə bir illüziya var ki, cəmiyyətdə gedən prosesləri hər hansı bir qanunla, kiminsə göstərişi ilə yüz faiz tənzimləmək olar. Bu aldadıcı düşüncədir. Proseslərə təsir edən amillər var ki, bu insanın imkanı xaricində olan məsələdir. Cəmiyyət də mürəkkəbləşdikcə həmin amillərin təsiri güclənir. Müdrik alimlərimizin dediyini bir daha xatırladıram ki, mənəvi dəyərlərin öncə olduğu cəmiyyətlər özü-özünü tənzimləyir. Burada hansısa qanuna, kiminsə göstərişinə heç bir ehtiyac qalmır. Mənəvi dəyərlərin sıxışdırıldığı və maddi dəyərlərin önə keçdiyi cəmiyyətlərdə günü-gündən gərginlik artır, orada gözlənilməyən proseslər gedir, ən xoşagəlməz kriminal və digər hadisələr baş verir. Təkcə xaricdə yaşayan azərbaycanlıları demək lazım deyil. Mən və mənim yaşda olanlar yaxşı xatırlayırlar ki, ötən əsrin 50-60-cı illərində insanlar bir-birilə çox mehriban idilər, xoş münasibətlər var idi. Ona görə elə idi ki, sovet cəmiyyəti nə qədər mənfi olsa da, mənəvi dəyərlərə daha çox üstünlük verirdi. Çalışırdı ki, mənəvi dəyərləri daim öndə saxlasın.

Məhz bu səbəbdən sovet cəmiyyəti özü-özünü tənzimləyirdi. Qanunlar və ya kiminsə göstərişi ilə o cəmiyyət tənzimlənmirdi. Bir-birini öldürənlər açıq şəkildə görünür ki, maddiyyat sferasında olanlardır. Onlar bütün günü maddiyyatın içərisindədirlər. Rusiya və digər yerlərdə belə qətllər səs-küyə səbəb olur və hamımız bilirik. Ölkənin daxilində də belə hadisələr kifayət qədər çox baş verir.

Maddi borclar, bir-birini pulla bağlı aldadanlar arasında belə qətllər yaşanır. Burada başqa səbəb axtarmaq lazım deyil. Maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi açıq görünür. Həmin iş adamları mənəvi dəyərləri maddi dəyərlər kimi inkişaf etdirsələr, belə hadisələr yaşanmaz. Zaman elə gəlib ki, getdikcə mənəvi dəyərlər sıradan çıxmaqdadır. Bir növ maddi dəyərlərin qalib gəldiyini düşünmək olar. Xaricdə vətənpərvərlik, milli mənsubiyyət, xalqının mənafeyini qorumaq hissi güclü olsaydı, o insanlar pul üstündə bir-birilərini öldürməzdilər. Bu proseslər təəssüflər olsun ki, gələcəkdə də gözləniləndir. Ölkəmizin daxilində də bu məsələlər aktualdır.

Sosioloq kimi haray çəkirəm ki, ölkədə mənəvi dəyərlərin önə keçməsi sahəsində çoxlu işlər görmək lazımdır. Bu istiqamətdə ciddi boşluqlar var. Günü-gündən də bu boşluqlar artır. Mövcud vəziyyət çox ürəkağrıdandır. Ölkəmizin nüfuzuna da ciddi xələl gəlir. Xaricdə yaşayan azərbaycanlılar tanıyıram ki, çox mənəviyyatlı insanlardır. Onlar deyirlər ki, biz burada özümüzdən qabaq Azərbaycanın adını düşünürük, bilirik ki, adımızla ölkəmiz haqqında fikir yaranır. Belə insanlardan heç zaman bu cür qətllər gözləmək olmaz".
“Yeni Müsavat”
 
Tarix: 26-11-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti