Fəlakətdən qurtulduq


“Mən istərəm bəlanı, çün istər bəla məni”

(Məhəmməd Füzuli, “Leyli və Məcnun”)

Başımız deputatxanadakı büdcə müzakirələrinə, Hadı müəllimin hansısa təklifinə, metrodakı qızın ayağına qarışdı, məmləkətin böyük bir fəlakəti üstündən adlatmasına fikir vermədik. Halbuki qurban kəsməliyik, nəzir verməliyik. Bu təhlükənin adı “Expo” idi. Bizim dildə yazsaq, dünya ticarət sərgisi.

Həmin bu haqq-hesab çox zırıltı bir tədbirdir. Onun nə demək olduğunu “Sədərək” və “Binə”dən başqa yarmarka görməyən biz qara millətə izah eləmək əslində bir qədər çətindir. Ancaq pulla ifadə eləsək, hamı başa düşər. Təsəvvür edin, bunun 2010-cu ildə Şanxayda keçirilməsinə çinlilər 60 milyard dollar xərcləmişdilər. 2015-də Milanda keçirilən sərgiyə İtaliya hökumətinin 3 milyard 600 milyon dollar pulu çıxmışdı. Keçənilki “EKSPO” Qazaxıstanın paytaxtı Astanada olmuşdu, bəzi hesablamaya görə, qazaxların dövlət büdcəsindən də buna 2 milyard 100 milyon dollardan çox pul getdi. Gəlir-zad da olmadı. Elə gəlir az olduğu üçün fransızlar bu ilki yarışmaya - 2025-ci ilin müsabiqəsinə qatılmadılar. Özü də bu sərgi fransızlar üçün əslində tarixi tədbirdir. Parisdəki Eyfel qülləsi 19-cu əsrin sonunda məhz “EKSPO” sərgisindən şəhərə yadigar qalmışdır. O vaxtdan bəri neft olmadan stabil gəlir verən yeganə buruqdur. Tək bu qülləyə hər il 7-8 milyon turist dırmaşır. Üstündə bir-iki yerdə “Sabirabadlılar burada olmuşdur” yazısı vardır. Nəsə, sözümüz bu deyil.

Bax, noyabrın 23-də həmin bu sərginin 2025-ci ildə hansı şəhərdə olması üzrə səsvermə keçirildi, namizədlər rusların Yekaterinburq, yaponların Osaka və bizim Bakı şəhəri idi. Qalib yaponlar oldu, Bakı isə 170 dövlətdən cəmi 23-nün səsini aldı.

Böyük faciədən qurtulduq. Çünki bunda qalib gəlsəydik, yaxın 5 ildə Bakının harası sökülüb, harası tikiləcəkdi - Allah bilir. Daha harada xərci-borcunu ödəməyən stadionlar, səhnəsində siçanlar oynayan konsert-sərgi salonları qayırılacaqdı - adam düşünmək belə istəmir. 2025-ci iləcən paytaxt sakinləri və şəhərimizin qonaqları özlərini kənddə toy mağarının qurulması meydançasındakı kimi hiss edəcəkdilər: “Ayə, başını əy, durbanı ora uzadaq”, “Filankəs, oradan çəkil armaturu basdıraq”, “Qardaş, zəhmət olmasa, buradan itil, beynəlxalq əhəmiyyətli tədbir var” və sairə və ilaxır. Zarafat deyil, biz bunun yüzdə biri boyda olan “Yevrovijn” görmüş millətik. Hələ də yadımıza düşəndə “vijn-vijn” edirik. Hətta ayrıca dustaqları da vardı, adlarına “Yevrovijn dustaqları” deyirdilər, heç bilmirəm axırları necə oldu, buraxdılarmı. Bizə səs verməyən o dövlətləri tapıb hamısına şəxsən minnətdarlıq eləməliyik. Çox sağ olun, qardaşlar. Allah sizdən razı olsun. Alveriniz yaxşı getsin, minimum əmək haqqınız qalxsın, istehlak xərciniz düşsün, sərgiyə ürcah olub neynim-necə eləyim deməyəsiniz.

Yaxşı haldır ki, hökumət heç bu tədbirdən milləti agah eləyib ürəyimizi nahaq yerə qırmadı. Quş qripi, ebola virusu-filan kimi necəsə keçib getdi. O şpaqat açan teleaparıcı demişkən, bir külək idi əsdi, keçdi. Biz, ümumiyyətlə, müsbət millətik, çox vaxt belə şeyləri biləndə də hökumətin üzünə vurmarıq. Özümüzü elə apararıq. Görürsən kimsə uşağa toy eləyir, səni çağırmır, sən də toy qurtarandan sonra guya incimiş kimi deyirsən ki, vallah, çox incidik, niyə xəbər vermədin-zad... Hökumət evində toydur, millətin xəbəri yoxdur - təxminən belə.

Bu arada, qayıdaq xırda-xuruş xərclərimizə. Bakıda lift pulu temasından yazmışdıq. Xəbəriniz var, liftin təzə müdiri qiyməti 5 dəfə qaldırmaq istəyirmiş. Ancaq mən bu sahədə Sumqayıtın təcrübəsini dünən qəzetimizdən oxudum, çox sevindim. Orada görün neyləyiblər. Sitat: “Sumqayıt şəhər ”Lift-servis" Birliyinin rəisi Cümşüd İsmiyevin verdiyi məlumata görə, onlar yaşayış binalarında sakinlərdən liftdən istifadə üçün 1 manat məbləğində aylıq ödəniş yığırlar: “Binaların 2-3-cü mərtəbələrində yaşayanlar ödənişi etməkdən boyun qaçırırdı. Biz də məcbur qalıb liftləri saxladıq. Yuxarı mərtəbələrdə yaşayan sakinlər özləri könüllü olaraq aşağı mərtəbədə yaşayan vətəndaşların da əvəzinə 2 manat məbləğində ödəniş edirlər”.

Əladır. Milli birlik belə yaranır. Mən təklif edirəm, Sumqayıtın müsbət təcrübəsi Bakıda daha geniş tətbiq olunsun. Misal üçün, 1-ci mərtəbədə, həyət evində yaşayanlardan, binaya qonaq gələnlərdən də lift pulu zorla toplansın. Verməyənin suyu, işığı, qazı kəsilsin.

Hələ kəndlilər az qala yadımdan çıxdı. Niyə onlar da lift pulu vermir? Amma bizə kənd toyuğunun yumurtasını 30-40 qəpiyə satırlar.

 

Zamin HACI
Tarix: 30-11-2018, 08:22
Xəbəri paylaş





Xəbər lenti