Ömürlük məhbuslara “azadlıq işığı” - hüquqşünas tövsiyəsi


Əliməmməd Nuriyev: “Cəzasının 10 ilini çəkən ömürlük məhbusun əfv müraciəti hüququ var”

Azərbaycan həbsxanalarında azadlığa çıxmaq ümidini itirməyən ömürlük məhbuslar var. Onlardan 4-nün adı daha çox hallanır. Bunlar “OMON”çular - Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov və “Qarabağ partizanı” adı ilə məşhur olan Məmməd Məmmədovdur. “OMON”çular artıq 23 ildir həbsdədirlər. M.Məmmədov isə 15 ildən çoxdur ki, cəza çəkir. Onların cəzalarının 15 ilə endirilməsi ilə bağlı fikirlər səslənir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında ömürlük məhbusların azadlığa çıxmaq şansının hər zaman olduğunu söylədi:“Hər bir halda azadlığa çıxmaq ümidləri var. Bu ümidin olmasına səbəb olan qanun normaları da var. Cinayət Məcəlləsində həmin normalar əks olunub. Bu, həm Cəzaların İcrası, həm də Cinayət Məcəlləsində mövcuddur. Cinayət Məcəlləsində bu məsələlər amnistiya və əfv haqları ilə təsbit olunur. Eyni zamanda cəzadan vaxtından əvvəl şərti olaraq azad olunma institutu var. Bu, Cəzaların İcrası Məcəlləsində də nəzərdə tutulub. 2017-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə mindi. Orada ömürlük məhbusların da vaxtından əvvəl azad olunmaları barədə dəyişikliklər baş verdi. Əgər cəzanın son beş ilini nümunəvi aparmışdısa, rejim qaydalarını pozmamışdısa, islah proseslərində iştirak edirsə, vaxtından əvvəl azad olunmaq barədə müraciət etmək hüquqi ömürlük məhbuslarda da var. Cəzaların humanistləşdirilməsi barədə cənab prezidentin sərəncamına uyğun olaraq ötən ilin fevralında Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Digər tərəfdən, bütün cəza çəkən şəxslərin əfv olunmaq üçün müraciət hüququ var. Əgər məhkəmə qərarı qüvvəyə minibsə, cəzanın müəyyən hissəsi çəkilibsə, əfv üçün müraciət imkanı yaranır. Cəzalarının 10 ilini çəkən ömürlük məhbusların əfv müraciəti hüququ var. Azərbaycan praktikasında artıq belə hallar olub. Şəxslər olub ki, ömürlük cəzalara məhkum ediliblər, amma cənab prezidentin əfv sərəncamı ilə azadlığa çıxıblar. Yaxud ömürlük cəza müddətli cəza ilə əvəzlənib. Qanunvericiliyimizdə xəstəliklə bağlı da siyahı var. Əgər məhbus sağalmaz və ağır xəstəliyə düçar olubsa, məhkəmə onun barəsində qərara dəyişikliklər edə bilər. Azərbaycanda cəza siyasətinin mahiyyətində humanizm, mərhəmət prinsipi açıq görünür. Bunu son illərdə Cinayət Məcəlləsində edilən dəyişikliklər, verilən əfv və amnistiya qərarları sübut edir. İstənilən məhkum azadlığa çıxmağa ümid edə bilər. Ömürlük cəzalar bəllidir ki, daha çox ən ağır cinayətlər törədən şəxslərə şamil olunur. Onlar kütləvi qətllər törədənlər, terrorda iştirak edənlər, dövlətə xəyanət edənlər, iki və ya çox şəxsin qətlinin iştirakçısı olanlar, xüsusi amansızlıqla qətl törədənlər və s.-dir. Bütün hallarda müəyyən zaman keçəndən sonra həmin şəxslər barədə müvafiq qərarlar qəbul etmək olur. Burada istənilən halda diqqətli olmaq lazımdır. Çünki burada əks tərəfdə zərərçəkmiş olur. Onun və cəmiyyətin bu məsələlərə münasibətini öyrənmək lazımdır. Ədalət prinsipi, mərhəmət, humanizm çox vacibdir. Amma digər tərəfin də hüquqlarını düşünməyi unutmamalıyıq. Məhkəmələr tərəfindən qərarlar qəbul ediləndə bu amillər nəzərə alınır. Əfv Komissiyası da hər zaman bu məsələləri nəzərə alıb”.

Ə.Nuriyev nə zamansa ömürlüklərin cəzalarının 15 illə, yaxud illə əvəzlənməsi imkanlarının olub-olmadığı barədə sualımıza belə cavab verdi: “Əgər ömürlük məhbus əfvlə azadlığa çıxırsa, onun cəzasının müddətli cəza ilə əvəzlənməsi baş verə bilər. Həmin şəxslərin əməlləri ilə bağlı məsələ daha çox öndə tutulur. Ömürlüklərin hansı müddətə cəzalarının dəyişdirilməsi barədə konkret fikir söyləmək çətindir. Çünki burada məhbusun öz cəzasının nə qədərini çəkdiyi məsələsi var. Müddətlər ona uyğun hesablanır. Ola bilər ki, onlar barəsində müddətli cəza saxlanılsın, amma bu onlara növbəti imkanları yaradır ki, vaxtından əvvəl azad olunmaq üçün müraciət etsinlər. Hazırda Azərbaycan həbsxanalarında 25 ildir cəza çəkən 6 məhbus var. 20 ildən çox cəza çəkən məhbuslar da var. Hər bir halda bunlar həll oluna bilən məsələlərdir”.


Tarix: 6-12-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti