Üçqat basqı altında “azad sənətkar” olmaq


Xalq-ziyalı, ziyalı-hakimiyyət, hakimiyyət-xalq, müxalifət-ziyalı münasibətlərinə dair söz-söhbət yüz illərdir ki, davam edir.  Bu, uzun, sonu görünməyən mübahisə predmetidir və heç cür yekdil fikrə gəlmək mümkün olmur.

Hamının umacağı yer ziyalılar kəsimidir. Hakimiyyət də, müxalifət də, xalq da gözləyir ki, ölkənin avanqard, söz və nüfuz sahibi olan yaradıcı ziyalıları məhz onun yanında olsun, ona dəstək versin.

Bu, mövqe, bu istək başqa vaxt ağızdolusu danışdığımız “sənətkar azad olmalıdır” prinsipi ilə daban-dabana ziddir.

Hakimiyyət, müxalifət, xalq bir ziyalıdan harada, necə mövqe sərgiləməyi tələb edəcəksə, tələb etməklə qalmayıb, hələ necə davranmağı diktə də edəcəksə, o ziyalının azadlığını, azad seçim imkanını məhdudlaşdırmış olacaq.

Ziyalıdan eyzən siyasətə qatılmağı, mövqe bildirməyi tələb etmək, onu vaxtaşırı qınamaq, pisləmək, əleyhinə piar kampaniyası aparmaq bolşevizmdir.

Ötən əsrin 20-ci illərindən başlayaraq ta 90-cı illərə qədər SSRİ-də ziyalılara qarşı yeridilən siyasətin məğzi bu idi: onları daima total nəzarət altında saxlamaq, yazdıqlarını, danışdıqlarını senzura etmək.

Həmin kurs hazırda da postsovet məkanının əksər ölkələrində eynilə davam etdirilir. Yenə də dövlətin rəsmi kursundan, hakimiyyətin yeritdiyi siyasətdən “bir addım sağa, bir addım sola” sapmalar dissidentlik sayılır və yerindəcə cəzalandırılır.

İndiki ziyalıların işi daha çətindir. İndi onlardan “mövqe bildirməyi” təkcə yuxarılar tələb etmir, həm də aşağılar və ortalar da tələb edir.

Bu üzdəndir ki, vaxtaşırı olaraq ölkəmizdə bu və ya digər yaradıcı ziyalılarla (yazıçı, şair, rəssam, rejissor, bəstəkar, aktyor) bağlı ajiotajlar yaranır, kampaniyalar başlanır.

Son illərdə Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Rasim Balayev, Müslüm Maqomayev, Anar, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Rafiq Əliyev, Fuad Poladov, Rafiq Hüseynov və başqa tanınmış ziyalılarla bağlı xeyli kampaniya aparılıb, söz-söhbətlər olub.

İndi də məşhur aktyor Fəxrəddin Manafovun adı dildə-dişdədir. O da xalqın umacaq yerlərindən biri halına gəlib.

Biz bu və ya digər ziyalını linç edərkən nəzərə almırıq ki, şairin sözü olmasın, adamlar bir deyil, qorxağı var, cürətlisi var, utancağı var, sözü qırmızı deyəni var, olduqca mədənisi var, son dərəcə qabası var, gözütoxu var, tamahkarı var...

Hamı son saatına qədər prinsipial mövqeyini, simasını qorumağı bacaran Fuad Poladov ola bilməz. İstəsələr də ola bilməzlər. Çünki hər kəsin dünyagörüşü, düşüncəsi, savadı, daxili dünyası eyni deyil.

Biz onu da nəzərə almalıyıq ki, ölkədə gedən proseslərə, baş verən hadisələrə dair vətəndaş mövqeyi bildirmək bir ziyalının vəzifəsi, borcu, öhdəliyi deyil, hüququdur, istəyər, mövqe bildirər, istəməz, bildirməz.

Yoxsa bizdə dəbdir, siyasi motivli həbslər olanda, təzyiqə məruz qalanların yaxınları tanınmış yaradıcı ziyalılardan mövqe bildirməyi, kiminsə müdafiəsinə qoşularaq “haqq səsi”ni ucaltmağı tələb edirlər.

Adam siyasətə qarışmaq istəmir, heç bir siyasi iddiaya malik deyil, kimin hakimiyyətə gəlməsinin ona isti-soyuğu yoxdur, öz işi ilə məşğul olmaq, yazıçıdırsa, roman yazmaq, rejissordursa, film çəkmək istəyir. Amma siyasi ambisiyaları və gözləntiləri olan insanlar ondan əl çəkmirlər, öz əllərinin, mövqelərinin güclənməsi üçün onun adından, nüfuzundan istifadə etməyə çalışırlar. Nəticədə ortaya xoşagəlməz durumlar, umu-küsü və giley-güzarlar çıxır.

Birdəfəlik anlamaq  lazımdır ki, bir ölkədə haqq-ədalətin bərqərar olması üçün təkcə yaradıcı ziyalıların qabağa düşməsi, jurnalistlərin qanlarını qaşığa qoyması, müxalifətçilərin özlərini oda-közə vurması kifayət deyil.

Bunu siyasi mövqeyindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq, milyonlarla insan eyni zamanda istəməlidir. Yoxsa bu gün nazir kreslosunda oturan zalım adam sabah vəzifədən götürüləndə “haqq-ədalət carçısı”na çevriləcək, ona dəstək verməyən ziyalıların gözünü deşəcəksə, bu ölkədə ədalət adam və qəzet adı olaraq qalacaq.

Xalid KAZIMLI
Tarix: 8-12-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti