“GÜNAHKAR CƏZASIZ QALANDA VƏ GÜNAHSIZ CƏZALANDIRILANDA …” !!!


“Total cinayətlərin başında durmalarına baxmayaraq, cəmiyyətə məlum olmayan səbəblərə görə, hər iki sabiq nazir törətdikləri ağır cinayətlərin, hələ ki, cavabını verməmişdir.”

Azərbaycan Respublikasının Baş Prokuroru

Zakir Qaralov cənablarına

Azərbaycan Respublikasının vətəndaşı,

Mütəllimli Mətləb Əzizulla oğlu tərəfindən

 

M Ü R A C İ Ə T

Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz… Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2015-ci il tarixli çıxışından.

————————————————————————————

Cənab Baş Prokuror!

Artıq 1 ildən artıqdır ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilmişdir. Gözləmək olardı ki, 15 il bu vəzifədə oturmuş, törətdiyi qanunsuzluqların sayı-hesabı bilinməyən, azad sahibkarların qəniminə çevrilmiş, onların mal-mülkünü, eləcə də dövlət büdcəni talayan, bu yolla da hədsiz sərvət toplayan bu şəxs haqqında ölçü götürüləcək, o, layiqli cəzasını alacaqdır. Təəssüf ki, bu belə olmadı, digər qanunsuz yollarla sərvət toplayanlarla bərabər, sabiq nazir F.Məmmədovu da siz məsuliyyətə cəlb etmədiniz. Halbuki  kütləvi informasiya vasitələrinin də yazdığı kimi, sabiq nazirin əməllərində kifayət qədər cinayət tərkibli əməllər olmuşdur. Haqlı olaraq belə sual yaranır ki, F.Məmmədov daha nələr etməli idi ki, onun haqqında qanuna müvafiq ölçü götürülsün? F.Məmmədovun rəhbərliyi dövründə vergilər nazirliyi, keçmiş milli təhlükəsizlik nazirliyi kimi reket funksiyasini yerinə yeirmişdir. Bu nazirliyin Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olmuşdur. Məhz həmin departamentin əməkdaşları, inanılmaz olsa da, iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Bu da acı bir fakt olaraq qalır ki, qeyd olunan qurumun rəhbər şəxsləri tam qanuna zidd olaraq birbaşa sabiq nazirin ən yaxın adamları olmuş, ancaq, onun şəxsi tapşırıqlarını yerinə yetirmişlər. Beləliklə də, bütün hüquq mühafizə orqanlarının, o cümlədən, prokurorluğun gözü qarşısında 15 il sahibkarların dərisini soyan     “saray vergi” ləri tətbiq edilmişdir. Çoxları bilməsə də, istintaqdan sizə məlumdur ki, Bakı şəhəri, Binəqədi rayonunda 15 nəfər vətəndaşın ölümü ilə nəticələnmiş yanan binanın üzləmə işlərini F.Məmmədova məxsus “Sunerg Group” MMC-nin nəzdində yaradılmış çoxsaylı firmalardan biri maliyyələşdirmişdir. Yanğından sonra 2 şəxsin – Binəqədi rayon icra hakimiyyətinin başçısı, sabiq nazirin bacısı əri Xaləddin İskəndərovun və binanın poliuretanla üzləşməsini dolayısı ilə sifariş edən Q.Seyfullayevin həbsə alınması məsələsi ortaya çıxmışdı. Lakin, F.Məmmədov məhz prokurorluğun köməyi ilə hər iki şəxsi həbsdən xilas etmişdir. Ölkədə sahibkarlığın onurğa sütünunun qırılmasında keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun və vegilər naziri F.Məmmmədovun əlaqəli işlədiyi məhkəmə proseslərində faktlarla sübuta yetirilmişdir. Total cinayətlərin başında durmalarına baxmayaraq, cəmiyyətə məlum olmayan səbəblərə görə hər iki sabiq nazir törətdikləri ağır cinayətlərin, hələ ki, cavabını verməmişdir. Mətbuatın da yazdığına görə, F.Məmmədovun qanunsuz yollarla topladığı və ölkədən çıxardığı sərvətin miqdarı dövlət büdcəsinin üçdə birinə yaxın, 5 milyard manatdan artıqdır. Təkcə bir şirkətin, sabiq nazirin bacısı oğlunun adına rəsmiləşdirilmiş “Caspel” şirkətinin satdığı kassa aparatlarından F.Məmmədov, onun qohum-əqardaşı 100 milyon manata yaxın pul əldə etmişdir. Belə olduğu halda, nə üçün, sabiq nazir indiyə qədər sizin tərəfinizdən cinayət məsuliyyətinə cəlb edilməmişdir? Axı, özünüz də bilirsiniz ki, dövlət iki halda sarsılır:

Günahkar cəzasız qaalanda və günahsiz cəzalandırılanda.

Cənab Baş prokuror!

Azərbaycan respublikasının prezidenti cənab İ.Əliyevin ictimai nəzarətə xüsisi əhəmiyyət verdiyini nəzərə alaraq dövlətin iqtisadi dayaqlarının sarsılmasında xüsusi rol oynamış, minlərlə sahibkarın normal həyatdan məhrum edilməsində günahkar olmuş, lakin cəzadan kənarda qalmış F.Məmmədovun total cinayətlərini nəzərə alaraq onun haqqında cinayət işi başlamağınızı xahiş edirəm.

M.MÜTƏLLİMLİ

İstiqlalçı millət vəkili:

Əlaqə telefonu: 050 668-19 19

08.12.2018

Tarix: 11-12-2018, 08:21
Xəbəri paylaş





Xəbər lenti