Mingəçevirdə qəza baş vermiş stansiyada mühafizəçilər işdən niyə çıxarılır? - İTTİHAM

 

Mingəçevirdə bu il iyulun 3-də qəza baş vermiş "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) mühafizəsini həyata keçirən işçilər hazırda ixtisar olunur. Bu barədə Yeniavaz.comsaytına ixtisara düşənlərdən biri - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin Hərbiləşmiş Mühafizə Dəstəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Sarıyev Məmməd Gürşad oğlu məlumat verib.
Şikayətçi Məmməd Sarıyev baş verənləri belə nəql edib: "Mən "Azərenerji" ASC-nin Hərbiləşmiş Mühafizə Dəstəsinin 1 saylı hissəsinin Həmkarlarının rəhbəriyəm. "Azərenerji"nin Mingəçevir şəhərindəki İES-ni mühafizə edən 1 saylı hissənin 3 postuna işdən çıxarılan mühafizəçilərin əvəzinə Mühafizə Polisləri gətirilib. Hər tərəfi açıq vəziyyətdə ola-ola 1 saylı hissəyə kömək vermək əvəzinə, mühafizə işçilərini çıxarıb onların yerinə mühafizə polisi yerləşdirirlər. Bu proses davam edir. 36 nəfəri işdən çıxarıblar. Halbuki İES-in çox yeri açıq vəziyyətdədir".
Şikayətçi deyib ki, daha 29 nəfərə isə işdən çıxarılma ilə bağlı bildiriş göndərilib: "Biz buranı "Azərenerji" yaranan gündən qorumuşuq. 2000-ci ildə ölkə iqtisadiyyatının pis vaxtlarında 1 il maaş almadan işləmişik. Burada çalışanların hər birinin ən azı 4-5 ailə üzvü var. Əgər bu illər ərzində biz buranı qoruya bilmirdiksə, onda niyə Mühafizə Polisinə həvalə olunmurdu? İES rəhbərliyinin, "Azərenerji"nin yüksək çinli rəhbərliyinin bizi buradan uzaqlaşdırmağa çalışmasının məqsədi nədir bilmirik. Halbuki partlayışla əlaqədar açılmış cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarının yoxlamaları zamanı bizim mühafizə xidmətinin fəaliyyəti yüksək qiymətləndirilmişdi. Hətta o partlayış zamanı kənar şəxslərin əraziyə daxil olmasına icazə verməmişdik. Bu nöqteyi-nəzərdən biz hesab edirdik ki, “Azərenerji” ASC-nin rəhbərliyi mühafizəni yüksək səviyyədə təşkil etməyimizi nəzərə alaraq əməyimizi qiymətləndirəcək. Ancaq bunun əksinə olaraq Yeni il ərəfəsində mühafizəçilərin kütləvi ixtisarına başlanıldı. İlin-günün bu vaxtı, heç bir yerdə işin olmadığı dövrdə bu qədər insanı işdən çıxarmaq nə dərəcədə doğrudur? Mən 1995-ci ildən burada işləyirdim. Saytınız vasitəsi ilə hörmətli Prezidentimizə müraciət edirik. Onun bu işdən xəbəri yoxdur, xahiş edirik, bizə köməklik göstərilsin".
Yeniavaz.com saytı səsləndirilən ittihamlarla bağlı sözügedən İES-in direktoru Təhmasib Hüseynovdan münasibət öyrənməyə çalışıb. Lakin T. Hüseynov suallara cavab verməkdən imtina edib: “Bu məsələnin mənə aidiyyəti yoxdur, ona görə heç bir açıqlama vermək istəmirəm”.
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı səsləndirilən ittihamlarla bağlı Yeniavaz.com saytının suallarını cavablandırıb.
Y. Babanlının sözlərinə görə, İES-də təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə bir sıra addım atılır.
“Azərenerji” rəsmisi işsiz qalacaqlarından narahat olan şəxslərin narahatlığına əsas olmadığını bildirib: “İES-də ixtisar prosesi başlamayıb. Orada görülən işlər enerji sistemində gedən yenidənqurma və müasirləşdirmə çərçivəsində olan proseslərdir. O cümlədən də təhlükəsizliklə bağlı görülən tədbirlər enerji təhlükəsizliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır. Yeni mühafizə təşkil edilir, ola bilsin ki, bununla bağlı yeni işlər təşkil edilsin. O cümlədən həmin şəxslərə polisin mühafizə dəstəsinə qəbulla bağlı və yaxud digər işlər təklif olunsun. Yəni həmin şəxslər də nəzərə alınıb, onların heç biri işsiz qalmayacaq”.
İES-dən qanunsuz olaraq mal-material çıxarılması barədə gəzən söz-söhbətlərə gəlincə, Yəhya Babanlının buna münasibəti belə olub: “Əgər oradan həqiqətən qanunsuz olaraq mal-material çıxarılması faktı varsa, bunun hüquqi yolu var. Müraciət etsinlər hüquq-mühafizə orqanlarına”.

Tarix: 14-12-2018, 10:04
Xəbəri paylaş





Xəbər lenti