"Tapşırıqları “mən əsgərəm” prinsipilə yerinə yetirmişəm"- həbsdə olan MTN polkovniki


MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır.

Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər.

Bu məqsədlə apellyasiya şikayəti veriblər.

Musavat.com xəbər verir ki, işə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən növbəti prosesdə də MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyev çıxış edib.

Füzuli Əliyev özü ilə yanaşı, bacı-qardaşının adına olan xeyli əmlakın müsadirə olunmasına etiraz edib.

O deyib ki, həmin əmlakların ona heç bir aidiyyəti yoxdur, qohumları onları öz zəhmətləriylə alıblar.

Polkovnikin sözlərinə görə, müsadirə olunanlar arasında elə əmlaklar var ki, bankdan götürülmüş kredit hesabına alınıb: "Elə əmlak var, nəinki ittihamda bəhs olunan hadisələrdən, ümumiyyətlə, mən MTN-də işləməmişdən öncə alınıb. Tutaq ki, mən günahkaram, mənim bacı-qardaşımın nə günahı var ki, yaşadıqları evləri əllərindən alırlar? Onlar Azərbaycan vətəndaşı deyil? Onların konstitusion hüququ yoxdur? Qardaşımın 1998-ci ildə aldığı daşınmaz əmlakı müsadirə ediblər. “Desəm öldürərələr, deməsəm ölləm” məsələsidir. Susuram ki, Allah böyükdür, ancaq bu qədər də olmaz. Gəncədə İsmət qayıbov küçəsində bir ev var, onu bacım oğlunun olduğunu zənn edib üzərinə həbs qoyublar. Ünvana gedəndə məlum olub ki, başqasına məxsusdur. Əvvəl səhvən qoyulan həbsi də götürməyiblər. O bədbəxtin də uşağı onkoloji xəstədir, evini satmaq istəyir, sata bilmir. Qusarda da ümumiyyətlə, tanımadığım bir adamın əmlakını müsadirə ediblər. Mənə heç bir aidiyyəti olmayan adamlara niyə əziyyət verirlər, bunu anlaya bilmirəm. Elə əmlaklar müsadirə olunub ki, onlar artıq mövcud deyil, Gəncədə yolun genişləndirilməsilə əlaqədar sökülüb.

İfadəsinin davamında MTN polkovniki söyləyib ki, özünün bir şəraitsiz evi, bir də “Grand Cherokee” markalı avtomobili olub, o da müsadirə edilib.

O, bunu da ədalətsiz hesab edib: “Mən 2005-2015-ci illərdə müalicə pulu, mükafat və s. üçün ümumilikdə 147 min manat pul almışam. Mən özümə bir maşın ala bilməzdim? Mən həbs olunanda evimdə axtarış aparıldı. Müstəntiq gəlib mənə dedi ki, o nə evdi sən yaşayırsan? Hansı kişi evlərini bacı-qardaşına verib, özü şəraitsiz yerdə yaşayar? Bakı Hərbi Məhkəməsinin əmlak müsadirəsilə bağlı qərarı qanunsuz və ədalətsizdir. Heç olmasa, o hissədə hökm ləğv olunsun. Xahiş edirəm, adamların pozulmuş hüququnu bərpa edəsiniz. Mən dövlətim, xalqım, prezidentim üçün canımı-qanımı qoymuşam. Barışmaz mübarizə aparmışam, nə tapşırıq verilibsə, “mən əsgərəm” prinsipilə yanaşıb, yerinə yetirmişəm".

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.


Tarix: 14-12-2018, 14:21
Xəbəri paylaş





Xəbər lenti