"Həbsdən çıxanda "Kubinka"ya başı uca gedəcəm"- Narkobaron “Damdayatan Nizam”ın qızının ifadəsi


Külli miqdarda narkotik satışında ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrinin dövriyyəsində ittiham edilən 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Şəms Səmədova sərbəst ifadə verib.

Məhkəmə iclası başlayan zaman Səmədova özünü təqsirli bilmədiyi üçün ifadə verməkdən imtina etmişdi. Buna görə də şahidlər dindirildikdən sonra yenidən ona ifadə vermək təklif olunub. Səmədova ifadəsinə başlayarkən deyib ki, qətiyyən özünü günahkar bilmir və ittihamları qəbul etmir.

Hadisə baş verən gün olanları danışan Səmədova bunları deyib: "Oğlumla məhəlləyə çatdıq. Gördük ki, hamı qaçır. Məhəllə adamları mənə dedi ki, Şəms, qaç, hamını tuturlar. Mən nə etmişdim ki, qaçım? Mən evə tərəf getdim. Çatanda iki nəfər qoluma girdi. Əlimdə olan çantamı aldılar, oğlumla məni evə saldılar. Evin hər yerini axtardılar, amma heç nə tapa bilmədilər. Anam, uşaqlar evdə idi. Hərə bir tərəfdə ağlayırdı. Məni polisə apardılar. Çantamı da götürdülər, amma mən çantamı bir də polis bölməsində gördüm.

Gecə saat birdə yenidən məni evə qaytardılar. Yenə axtarış apardılar. Bu dəfə də heç nə tapa bildilər və biz polis bölməsinə qayıtdıq. Oraya iki hal şahidi gətirdilər. İkisi də mənim çantamdan narkotik çıxdığını dedi. Mən isə bunun yalan olduğunu söylədim".

Daha əvvəl də narkotikə görə məhkumluq həyatı yaşadığını deyən Şəms bildirib ki, həmin zaman da günahsız olub: "Mən ərimə görə həbsə düşdüm. Onu həbs etməyə gələndə mən də yanında idim. O, "lomka"da, narkotikin təsirində idi. Dedi ki, əgər həbs edilsə, öləcək. Ortada 50 qram heroin var idi. Öz üstümə götürdüm və gedib yatdım. Kişi qızı kimi də cəzamı çəkib çıxdım. Nə çəkəni olmuşam, nə satanı. Mən Nizamın qızıyam. İçəri getsəm də kişi qızı kimi gedəcəm ki, sabah oğlumu tində görəndə deməsinlər ki, anan necə "srok" yatıb. Mən içəri özümlə heç kimi aparmaram, heç kimi satmaram. Amma bu işdə günahım yoxdur. Alnım açıq, üzüm ağdır. Mən nə vaxtsa burdan çıxanda "Kubinka"ya başı uca gedəcəm".

Son sözündə Şəms evindən bir neçə telefon çıxması məsələsindən də danışıb. Qeyd edək ki, ittihamda göstərilir ki, o, evində narkotik satarkən pulu olmayan müştərilərə telefon qarşılığında mal verirmiş.

"Mən özümə bir neçə telefon almışdım. Heç çoxu da işləmirdi. Evdən gəlib onları da apardılar. Camaat 50 telefon alır. Çantamda da 3 minə yaxın pul var idi. Camaat şəhərdə çantasında 150 min gəzdirir. Evdən anamın həccə getmək üçün yığdığı pulu da götürüblər"- deyən Şəms günahsız olduğunu və azadlığa buraxılmasını istəyib.

Məhkəmə prosesi davam etdirilir.

Bildirək ki, 3 uşaq anası Şəms Səmədovdan sonra bacısı 32 yaşlı Lamiyə Quliyeva da tutulub. Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Xatırladaq ki, Şəms Səmədova bir qrup şəxslə əlbir olmaqda ittiham edilir. Digər şəxslər həbs edilən zaman narkotiki Səmədovdan aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.

Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.

 


Tarix: 30-12-2018, 23:20
Xəbəri paylaş





Xəbər lenti